Müasir incəsənət əsərləri bu dəfə fərqli məkanda sərgilənib
Oktyabrın 5-də Bakıda “YARAT müasir incəsənət məkanı” təşkilatının “Ön söz” adlı sərgisi açılmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak etmişdir.
Məzmununa və formasına görə seçilən müasir incəsənət əsərləri bu dəfə həm də fərqli məkanda təqdim edilmişdir. Əsərlər hələ ki, inşası davam edən binada sərgilənmişdir. Təmir və tikinti fonunda gənc rəssamların qeyri-adi əsərlərinin ideyası daha qabarıq şəkildə təqdim olunmuşdur. Belə sərginin keçirilməsi ideyası isə tədbiri təşkil edən “YARAT müasir incəsənət məkanı” təşkilatına məxsusdur. Bu, qurumun ilk ekspozisiya layihəsidir. Təşkilatın əsas məqsədi müasir Azərbaycan incəsənətinin professional səviyyədə dəstəklənməsi, rəssamlarımızın yaradıcılığının ölkəmizdə və xaricdə təbliğinə yönələn sərgilər, festivallar, müxtəlif təlim-tədris tədbirlərinin keçirilməsini təşkil etməkdir.
Sərgidə müasir incəsənətin ənənəvi növləri və janrları ilə yanaşı quraşdırmalar, performans və videoart təmsil olunur. 27 rəssamın əsərlərinin təqdim edildiyi sərginin məqsədlərindən biri də tamaşaçıları müasir incəsənətin tanınmış nümayəndələri ilə yanaşı, gənc istedadlarla tanış etməkdir. Sərginin “Ön söz” adlandırılması da təsadüfi deyil. Ekspozisiya həm də ictimaiyyətin diqqətini müasir incəsənətin özünəməxsus art-analitika, yəni günümüzün ən aktual meyilləri və problemlərini konseptual bədii modellər vasitəsilə üzə çıxaran və təhlil edən sahə qismində önəmli roluna cəlb etmək məqsədini daşıyır.
Tanınmış ictimai-siyasi xadimlərin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, incəsənət təmsilçilərinin iştirak etdiyi mərasimi Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov açaraq gənc rəssam Aida Mahmudovanın rəhbərlik etdiyi “YARAT müasir incəsənət məkanı” təşkilatının üzərinə götürdüyü missiyanın incəsənətimizin təbliği istiqamətində yeni addım olduğunu bildirmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova bu sərginin insanları müasir incəsənətin müxtəlif istiqamətləri ilə tanış etdiyini vurğulamışdır.
Sərginin qeyri-adiliyindən danışan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev vurğulamışdır ki, rəssam üçün həm əsəri yaratmaq, həm də onu nümayiş etdirmək vacib məsələdir. “YARAT müasir incəsənət məkanı” isə yaradıcı insanlara yeni imkanlar açır. Akademik Arif Paşayev təşkilata və gənc rəssamlara uğurlar arzulamışdır.
“YARAT müasir incəsənət məkanı” təşkilatının rəhbəri, rəssam Aida Mahmudova çıxış edərək tədbirə gələn qonaqlara minnətdarlığını bildirmişdir. Gənc rəssam qeyd etmişdir ki, bu sərgini həm təşkil etmək, həm də burada iştirakçı kimi çıxış etmək, arzuların reallığa çevrildiyini görmək sevindirici haldır.
Sonra sərgi ilə tanış olan qonaqlara təqdim edilən əsərlər barədə məlumat verilmişdir. Sərgi ilə tanış olanlar fərqli bir məkana gəldiklərini hiss etmişlər. Bir ay ərzində bu özəl avanqard dünyası paytaxt sakinlərinin və qonaqların ixtiyarında olacaqdır. Təqdim edilən əsərlər realist çalarlarla, fərqli forma və rənglə diqqəti cəlb edir. Müasir incəsənətin nəfis nümunələri qeyri-adi düşüncənin əksidir. Bir qədər sərt görünən əsərlər əslində heyrətamiz gözəlliyi və maraqlı işlənmə texnikası ilə seçilir. Qeyri-adi üslubda və formatda qurulan sərgini cəsarətlə eksklüziv də adlandırmaq olar. Burada avanqard üslubda işlənilən əsərlər böyük maraq doğurur. İncəsənət həmişə insanın məkanda tutduğu yeri ifadə edir. Amma müasir incəsənət bu ideyanı yeni forma vasitəsilə həyata keçirir. Avanqard yeni çalarlar, yeni ritm, yeni plastika və forma ilə maraqlıdır.
Bu sərgi onu da təsdiqləmişdir ki, müasir incəsənət əsərlərində müəllif yeni obrazlar axtarmaqla yanaşı, həm də onların yeni ifadə formaları üzərində çalışır. Bu sahədə yaradan hər bir rəssam seçdiyi mövzu haqqında ən dolğun məlumat vermək üçün özünəməxsus ifadə üsullarından istifadə edir. Müasir incəsənət üslubunu seçənlər əsərləri ilə tamaşaçını dialoqa, diskussiyaya çağırırlar. Müasir incəsənətin ən parlaq aspekti onun qeyri-müəyyənliyidir. Qonaqlar zəngin təsir bağışlayan əsərlərlə böyük maraqla tanış olmuşlar.