Kiçik Karvansarada fotosərgi açılıb
   
   Oktyabrın 20-də XV əsr memarlıq abidəsi olan Kiçik Karvansarada “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan sənət əsərləri dünya muzeylərində” adlı fotosərgi açılıb.
   
    Dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümü münasibətilə təşkil edilmiş sərgidə Nyu-Yorkun Metropoliten, Vaşinqtonun Tekstil, Parisin Luvr, Londonun Viktoriya və Albert, İstanbulun Topqapı və digər dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan sənət nümunələrinin görüntüləri nümayiş etdirilib.
   Tədbirdə qeyd olunub ki, dünyanın ən qədim mədəniyyət məskənlərindən olan Azərbaycanda aşkar edilmiş sənət abidələrinin beş min ildən artıq yaşı var. Zaman-zaman müəyyən tarixi səbəblərlə əlaqədar Azərbaycandan aparılan nadir sənət əsərlərimiz xarici ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır. Son zamanlar onların ölkəmizə gətirilməsi istiqamətində müəyyən işlər görülüb.
   Sərgidə müxtəlif dövrlərə aid 80-ə yaxın sənət əsərinin fotosurəti nümayiş etdirilib.
   Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbələrinin musiqi nömrələri ilə davam etdirilib.