Rəssam Fərman Qulamovun fərdi yaradıcılıq sərgisi
   
   Xətai Miniatür Sənəti Qalereyasında Əməkdar rəssam, “Humay” mükafatı laureatı Fərman Qulamovun “Müasirliyin ənənəsi” adlı fərdi yaradıcılıq sərgisi açıldı. Tədbiri giriş sözü ilə açan Xalq rəssamı Arif Hüseynov rəssamın həyat və yaradıcılığından danışdı. Qeyd olundu ki, Fərman Qulamovun əsərləri Rusiya, Polşa, Fransa, Türkiyə, İran, Almaniya və digər ölkələrdə nümayiş etdirilib. Rəssamın bir neçə əsəri Moskvada Tretyakov Qalereyasında və Şərq Xalqları Muzeyində, həmçinin bir çox ölkələrdə fərdi kolleksiyalarda saxlanılır.
   Xalq rəssamı Ömər Eldarov bildirdi ki, Fərman Qulamovun əsərlərində insan və təbiətin vəhdəti, Şərq və Qərbin sintezi özünəməxsus üslubda təsvir olunur. Rəssam 2009-cu ildə Moskvada keçirilmiş “Ənənə və müasirlik” adlı 3-cü Beynəlxalq incəsənət festivalında ölkəmizi layiqincə təmsil edərək festivalın ən yüksək nominasiyası sayılan “Rəngkarlıqda ənənələrin saxlanması” üzrə mükafatlandırılıb.
   Sərgidə digər çıxış edən rəssam və sənətşünaslar müəllifi fərdi sərgisinin açılması münasibətilə təbrik etdi, ona yeni yaradıcılıq uğurları arzuladılar. Sonra sərgiyə baxış keçirildi. Sərgidə rəssamın 100-ə yaxın əsəri nümayiş olunurdu.
   
   Ceyhun