Zəngin tarixə malik Azərbaycan təsviri sənəti neçə min illər bundan əvvəl Qobustan qayalıqlarında həkk edilmiş misilsiz qaynaqlara gedib çıxır. Xüsusi incəlik, özünəməxsus bacarıqla yaradılan bu qayaüstü sənət nümunələrinin mahiyyəti XXI əsrin yaradıcılıq meyarlarından yanaşdıqda belə insanları düşündürməkdədir. Çünki sənət hər zaman düşündürücü, fəlsəfi məna daşıyır.
   
   Sənətin bu özəlliyi minilliklərlə yaradılmış incəsənətimizin müasir mərhələsində məxsusi yaradıcılıq yolu ilə seçilən görkəmli heykəltəraş, Xalq rəssamı Ömər Eldarovun yaradıcılığında da özünü qabarıq büruzə verir.
   Ömər Həsən oğlu Eldarov 1927-ci ildə Azərbaycanın qədim şəhərlərindən olan Dərbənddə dünyaya göz açıb. Sənətə xüsusi həvəsi onu Rəssamlıq Texnikumunun heykəltəraşlıq şöbəsinə gətirib çıxarır, burada sənətin ilk sirlərinə yiyələnir. Sonra Ö.Eldarov sənət sahəsində biliklərini artırmaq üçün Sankt-Peterburq şəhərinə gedir, orada istedadlı sənət ustalarından dərs alır və professional heykəltəraş kimi Bakıya dönür.
   Onun yaradıcılığını müşahidə edərkən sənət dühasının hüdudsuzluğunu, bədii təxəyyülünün bənzərsizliyini, ideyalarının bəşəriliyini, obrazlarının düşündürücülüyünü, dolğunluğunu, kamilliyini və s. incə məqamları xüsusilə qeyd etmək olar. Ö.Eldarov heykəltəraşlığın dəzgah və monumental, eləcə də memorial abidələr sahəsində bir-birindən maraqlı sənət nümunələri yaradıb. Sənətkarın yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi obrazların mahiranə plastik həlli, daxili psixoloji xüsusiyyətlərin ustalıqla açılması, surətlərin fərdi xarakterik hərəkətləri, kompozisiyanın bitkinliyi və tamlığı diqqət çəkir.
   Təsviri sənətin dəzgah heykəltəraşlığında yaradılmış əsərlər əsasən muzeydə və ya qalereyada, yəni qapalı məkanda nümayiş üçün nəzərdə tutulur. Ö.Eldarovun bu janrda yaratdığı əsərlərinə misal olaraq “Səadət” kompozisiyası (tunc, 1956), “Xalq rəssamı Səttar Bəhlulzadənin portreti” (iki variantda: I variant - ağac, 1965; II variant - ağac, 1968), “Zamanın dörd rəngi” kompozisiyası (ağac, 1973), “Dirijor Niyazinin portreti” (ağac, 1984), “Elegiya” akademik Zərifə Əliyevanın heykəli (mərmər, 1997), “XX əsr” (tunc, 2000), “Zehnin yuxusu” heykəlinin eskizi (plastilin, 2003), “Çılpaq qadın” (gips, 2004) və digər əsərlərini göstərmək olar. Heykəltəraşın sadalanan əsərlərinin hər biri yüksək sənət xüsusiyyətləri, dərin fəlsəfi mahiyyətilə tamaşaçıların diqqətini cəlb edir.
   Mahir tişə ustası Ö.Eldarov Azərbaycanın dahi rəssamı Səttar Bəhlulzadənin iki variantda işlədiyi obrazını zərgər dəqiqliyi ilə bədii təxəyyülündən süzərək adi ağac üzərində əsrarəngiz sənət əsəri yaradıb. Obrazın plastik həlli olduqca sərrast işlənilib. Böyük rəssamın şəxsiyyəti və dühası yaradılan hər iki əsərdə sənətin bədii dili ilə ustalıqla ifadə olunub.
   Ömər Eldarov sənətinin şah əsərlərindən hesab etdiyimiz “Zamanın dörd rəngi” adlı kompozisiya olduqca dərin fəlsəfi-psixoloji mənaya malik, qüvvətli bədii təsir gücü olan əsərdir. Milli İncəsənət Muzeyinin nadir sənət incilərindən olan bu əsərdə heykəltəraş bir-birindən fərqli dörd qadın surətində ilin dörd fəslinin - insanın ömrünün - fəlsəfi mahiyyətini göstərməyə çalışıb və məqsədinə uğurla nail ola bilib. Ö.Eldarov dühasının məhsulu olan “Zamanın dörd rəngi” kompozisiyanın qarşısından sakitliklə keçmək, əsər önündə dayanıb düşünməmək mümkünsüzdür.
   Sənətkarın yüksək ustalığı onun ölkəmizlə yanaşı, müxtəlif ölkələrin şəhərlərində ucaldılmış monumental heykəllərdə də öz əksini tapıb. Onun monumental heykəltəraşlıq işlərinə nümunə olaraq X.Natəvanın (tunc-qranit, 1960, Bakı), M.Füzulinin (tunc-qranit, 1963, Bakı) S.Ayinin (tunc-qranit, 1978, Düşənbə, Tacikistan), İbn Sinanın (tunc-qranit, 1980, Düşənbə), H.Cavidin (tunc, 1993, Bakı) və başqa görkəmli şəxsiyyətlərin abidələrini göstərmək olar. Bu abidələrin hər biri ayrı-ayrılıqda geniş bəhs edilməyə layiq incəsənət nümunələridir. Bu yazıda isə bəzi nümunələrin bədii xüsusiyyətləri və təsvir vasitələrini qeyd etmək istərdik.
   Xurşidbanu Natəvanın Bakının mərkəzində ucaldılan duyğulu və bir qədər də qəmli obrazı dairəvi postament üzərində olduqca cəlbedici görünür. Ö.Eldarov yaratdığı obrazda xan qızı Natəvanın şairə, ictimai xadim, zərif ana məziyyətlərini ümumiləşdirməyə müvəffəq olmuşdur. Abidə Natəvanın ictimai və bədii yaradıcılıq aləmini, eyni zamanda xarakterik cizgilərini özündə cəmləmiş möhtəşəm sənət əsəridir.
   Azərbaycanın görkəmli filosof-şairi Məhəmməd Füzulinin Akademik Milli Dram Teatrının qarşısında ucaldılmış abidəsi Xalq rəssamı Tokay Məmmədovla Ömər Eldarovun birgə yaradıcılığının məhsuludur. Hündür postament üzərində Şərq geyimində təsvir edilmiş Füzulinin düşündürücü surəti ilk andaca tamaşaçını özünün sehrli aləminə qərq edir. Surətin sağ əlini çənəsinə söykəmiş, sol əlində kitab tutan və sağ ayağını bir qədər irəliyə doğru təsvir edilməsi ilə obrazın dinamikliyi daha da qüvvətləndirilib.
   
   “Hər qaranlıqda çırpınır bir nur,
     Hər həqiqətdə bir xəyal uyuyor”-

   
   deyən böyük şairimiz Hüseyn Cavidin bənzərsiz abidəsi Milli Elmlər Akademiyasının qarşısındakı parkla ayrıca bir gözəllik bəxş edir. Sağ ayağı irəliyə doğru hərəkətdə və əlləri ilə çiyinlərini qucaqlamış romantik şairin dərin xəyallara dalmış çöhrəsi qəhrəmanlarının əhatəsində son dərəcə ifadəli təsvir edilib. Bu, dünya heykəltəraşlıq məktəbinin nadir inciləri ilə müqayisə edilməyə layiq əsərlərdəndir.
   Ö.Eldarov həmçinin istedadlı memorial abidələr müəllifi kimi tanınır. Bunlara misal olaraq Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin (2004), akademik Zərifə Əliyevanın (tunc, 1995), Ü.Hacıbəylinin (tunc-qranit, 1956), S.Bəhlulzadənin (tunc-qranit, 1974), F.Əmirovun (mərmər, 1988), Niyazinin (mərmər, 1989), akademik Z.Bünyadovun (tunc-qranit, 2000) və başqalarının memorial abidələrini qeyd etmək olar.
   Ü.Hacıbəyli, S.Bəhlulzadə, Niyazinin qəbirüstü abidələrinə nəzər yetirmiş olsaq bir-birinə bənzəməyən kompozisiya quruluşuna, sənət adamlarının özünəməxsus fərdi-xarakterik xüsusiyyətlərinə və ən əsası hər bir obrazın tamaşaçının qəlbinə yol tapa bilmək gücünə malik olduğunu görə bilərik. Sadalanan xüsusiyyətlər Ö.Eldarov sənətinin böyüklüyünün göstəricisidir.
   Ulu öndər Heydər Əliyevlə Ö.Eldarovu möhkəm dostluq telləri bağlayırdı. O, böyük öndərin bir neçə abidəsini yaradıb. Lakin biz bir obrazın üzərində xüsusilə dayanmaq istəyirik. Bu, ümummilli liderin Fəxri xiyabandakı məzarı üzərində ucaldılan abidə kompleksidir. İstedadlı tişə ustası ulu öndərin obrazını Azərbaycan Respublikasının xəritəsinin fonunda təsvir etməklə əsrarəngiz bir abidənin yaradılmasına nail olmuşdur. Abidə-kompleks özünün ətraf mənzərə ilə üzvi bağlılığı ilə ziyarətə gələnləri valeh edir.
   Ö.Eldarov bu gün də yüksək sənət eşqi ilə yeni-yeni sənət inciləri yaradır, yaradıcılıq axtarışlarını davam etdirir. Görkəmli sənətkar bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı, fəal pedaqoji və ictimai fəaliyyətlə də məşğul olur. O, Milli Məclisin deputatı olmuş, 2002-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru kimi nüfuzlu vəzifədə çalışır. Onun yetirdiyi tişə ustaları arasında fəxri adlara layiq görülənlər də az deyil. Sənətkarın hərtərəfli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Möhtəşəm əsərləri ilə incəsənətimizi zənginləşdirən akademik Ö.Eldarov öz yaradıcılıq dünyası ilə xalqın, sənətsevərlərin sonsuz məhəbbətini qazanıb.
   
   Əsəd Quliyev,
   sənətşünas, Rəssamlar İttifaqının üzvü