Oktyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin, Milli İncəsənət Muzeyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə görkəmli fırça ustası, Xalq rəssamı Altay Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr edilmiş sərginin açılış mərasimi keçirildi.
   
   Tədbiri giriş sözü ilə açan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sənətkarın həyat və yaradıcılığından danışdı. Qeyd olundu ki, Altay Hacıyev peşəkar rəssam kimi incəsənətdə öz sözünü deyib. Rəssamın əsərlərinin mövzusu, ideya-bədii məzmunu, orijinal üslubu, kompozisiya tərtibatı, kolorit həlli həm Azərbaycan təsviri sənətindən, həm də Şərq duyumundan qaynaqlanır. O, müxtəlif janrlarda, o cümlədən qrafika janrında gözəl sənət nümunələri yaradıb. Rəssamın yaradıcılıq xüsusiyyətlərini təhlil edən natiq onun təvazökar, səmimi insan olduğunu, ictimai həyatda fəal iştirak etdiyini vurğuladı.
   Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor, Milli Məclisin deputatı Rəfael Hüseynov sənətkarın boya-başa çatdığı ziyalı mühiti haqqında ətraflı məlumat verdi. Bildirildi ki, rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açmış A.Hacıyev zəngin yaradıcılığa malik bir sənətkardır. Rəssam Azərbaycan tarixində xüsusi yer tutan qadınların portretlərini yaradıb. Xüsusilə Xurşidbanu Natəvanın portreti sənətkar tərəfindən həm şairənin zahiri görkəminin, həm də daxili aləminin açılması baxımından böyük ustalıqla işlənilib. Yazıçı Anar yubilyarı sərgi münasibətilə təbrik etdi, qocaman rəssama sənət uğurları arzuladı.
   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov görkəmli rəssamı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından təbrik etdi, onun yaradıcılığının yüksək qiymətləndirildiyini bildirdi.
   Tədbirdə çıxış edən digər natiqlər Altay Hacıyevin çoxşaxəli yaradıcılığından danışdılar. Qeyd olundu ki, rəssam yaradıcılığının böyük bir dövrünü kitab qrafikasının inkişafına sərf edib. Neçə-neçə kitaba bədii tərtibat verən rəssam bir çox əsərlərə illüstrasiyalar çəkib, həmçinin rəngkarlıq sahəsində də qiymətli əsərlər yaradıb. Onun rəngkarlıq əsərlərinin ana xəttini şanlı keçmişimiz, tarixi şəxsiyyətlərimiz və zəngin mənəviyyat xəzinəmizin tərənnümü təşkil edir.
   Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəssamın 80 illik yubileyi münasibətilə çap olunmuş “Xalq rəssamı Altay Hacıyev” kitabının təqdimatı oldu.
   Öz növbəsində Altay Hacıyev tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.
   Sonra sərgiyə baxış keçirildi. Rəssamın “Xalqımızın ulduzları” silsiləsindən olan “Tomris”, “Məhsəti Gəncəvi”, “Sara Xatun”, “Xurşidbanu Natəvan”, “Tutibikə”, “Aşıq Pəri”, “Ağabəyim Ağa” və şəxsi kolleksiyasından “Mehriban Əliyevanın portreti” əsərləri böyük maraq doğurdu. Ümumilikdə, sərgidə rəssamın son illərdə yaratdığı 13 qrafika, 63 rəngkarlıq əsəri nümayiş etdirilirdi.   

   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar