Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin təşkili məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Tbilisi şəhər E.Axvlediani adına Uşaq Rəsm Qalereyası ilə birlikdə gürcüstanlı uşaqların rəsm sərgisini təşkil edib.
   Noyabrın 15-də Muzey Mərkəzində açılışı keçirilən sərgidə Gürcüstandan 5-15 yaşlı 70 uşağın 90-a yaxın əsəri nümayiş olunur.
   Açılışda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev ölkəmizdə uşaqların istedadlarının inkişaf etdirilməsi üçün görülən tədbirlər, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çoxsaylı müsabiqələr və festivallar keçirilməsi haqqında məlumat verdi. Şöbə müdiri sərginin Azərbaycan və Gürcüstan uşaqlarının istedadının dəstəklənməsi, ikitərəfli mədəni əməkdaşlığın inkişafı baxımdan əhəmiyyətini qeyd etdi.
   Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze bildirdi ki, iki ölkə arasında diplomatik münasibətlər dinamik inkişaf edir və mədəni əlaqələr bu sahədə böyük rol oynayır.
   E.Axvlediani adına Uşaq Rəsm Qalereyasının direktoru Liana Qorqadze sərginin təşkilatçılarına Tbilisi meriyası adından minnətdarlığını bildirdi.
   Sonra sərgidə fərqlənən uşaqlara fəxri fərmanlar və hədiyyələr təqdim olundu.
   E.Axvlediani adına Uşaq Rəsm Qalereyasının direktoru Liana Qorqadze sərgi ilə bağlı fikirlərini bizimlə bölüşdü: “Məqsədimiz dostluq əlaqələrini inkişaf etdirməkdir. Gənc nəsil bir-biri ilə yaxından tanış olmalıdır. Qafqaz bizim evimizdir. Hər iki dövlətin uşaqlarına ölkələrimizin mədəniyyəti və tarixini, adətlərini dərindən öyrətməliyik. Azərbaycanlı uşaqlar bu ilin iyul ayında Tbilisidə oldular, bu gün isə biz sizin şəhərin qonaqlarıyıq. Qalereyamız 1968-ci ildən fəaliyyət göstərir. Bu gün Gürcüstanda tanınmış bir çox rəssamların yetişməsində xidmətlərimiz olub. 20 ildən çoxdur ki, Azərbaycanla əlaqələr qurmuşuq. Bu layihəni çox bəyəndim və davamlı olmasını istərdim. Sərgidə nümayiş olunan əsərlər Gürcüstanda yaşayan uşaqların dünyagörüşünün, həyata baxışının nümunəsi idi desəm, yanılmaram. Çünki hər rəsm özündə bir uşaq qəlbinin istiliyini özü ilə gətirmişdi. Sərgiyə gələn tamaşaçılara da gürcüstanlı yaşıdlarının fikirləri, düşüncələri maraqlı idi. Rəngarəng əsərlər uşaq dünyasına kiçik bir səyahəti xatırladırdı”.
   Qeyd edək ki, Gürcüstan tərəfinin dəvətinə əsasən bu ilin iyulunda Bakıdakı “DA\" Art” Təsviri İncəsənət Mərkəzinin müəllim və şagirdləri Tbilisiyə səfər ediblər. Azərbaycanlı uşaqların rəsm əsərlərindən ibarət sərgi maraqla qarşılanıb.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar