Qobelen xalq tətbiqi sənətinin bu gün az işlənən, hətta unudulmaq təhlükəsi olan növlərindən biridir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecinin müəllimi Eynulla Emrullaoğlu ilə söhbətimiz də bu sənət barəsindədir.
   
   - Eynulla müəllim, xalq tətbiqi sənətinin bu gözəl növünün təşəkkül tapması ilə bağlı nə deyərdiniz?
   - Qobelenin tarixi çox qədimdir. Məxəzlərdə bu sənətin yaradıcılarının ərəblər olduğu bildirilir. Onlar orta əsrlərdə qobelendən - süjetli xalça növündən daha çox istifadə ediblər. Xüsusilə XII əsrdə bu gözəl sənət növünün inkişafı ən yüksək mərhələyə çatıb. Tədricən bir çox Şərq ölkələrinə yayılıb. O dövrlərdə qobelen türk xalqlarının da çox işlətdiyi zəruri məişət əşyası olub. Kübarlığın rəmzi kimi zəngin insanların evlərində geniş yer alıb. Həm də dekor vasitəsi kimi, saraylara, qəsrlərə ecazkar gözəllik bəxş edib. Lakin Şərqin digər mədəniyyət nümunələri kimi, bu sənət də sonrakı dövrlərdə unudulur. Avropalıların isə diqqətini çəkir və inkişaf etdirilir. Orta əsrlərdə qobelen sənəti Avropa ölkələrində geniş yayılır.
   - Bir halda ki, bu tətbiqi sənət növü Şərqdə yaranıb, bəs nədən qobelen adlanıb?
   - XVII əsrdə Fransada Jill Qobelen adlı bir rəssam bu sənətlə məşğul olub. Sonra onun iki oğlu - Qobelen qardaşları bu sənətlə daha yaxından maraqlanırlar. Onu müəyyən inkişaf mərhələsinə çatdırırlar, “Qobelen Rəssamlıq Məktəbi” yaradırlar. Bu sənət növünün indiki adı da onların soyadından götürülüb. Araşdırmalardan məlumdur ki, bu sənət növü Fransaya Misirdən keçib.
   - Qobelen sənətinin Azərbaycanda təşəkkül tapması nə ilə bağlıdır?
   - Xalqımız tarix boyu tətbiqi sənət sahəsində gözəl əsərlər yaradıb. Qobelen də Azərbaycanda qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Vərni, palaz, şəddə və kilim kimi sənət nümunələrinin hamısı ayrı-ayrı çeşni ilə toxunur. Üzəri təsvirli xalçalar Azərbaycanda toxunanda və məişətdə geniş istifadə olunanda avropalılar bu sənət növündən xəbərsiz olublar. Buna sübut kimi ölkəmizin müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılarda bu sənət növünə aid xalça nümunələrinin tapılmasını göstərmək olar. Tapıntılarda tarixi eramızdan əvvələ gedib çatan xalça qalıqları üzərində xalqımızın qədim adət-ənənələrini əks etdirən, hazırda “qobelen” adlandırılan xalça nümunələri aşkarlanıb.
   - Qobelen sənətinin əsas cəhətləri və səciyyəvi xüsusiyyətləri necə xarakterizə olunur?
   - Qobelen xovsuz xalça növüdür. Hazırda dekorativ sənət kimi tanınmaqdadır. Onu adi xalıdan fərqləndirən əsas cəhət isə üzərində insan duyğularının, hisslərinin cəmləşdiyi süjetli kompozisiyanın məna və məzmunla ipə-sapa köçürülməsidir. Onun hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir. Onu da deyim ki, bu sənətlə məşğul olan ilk növbədə yaradıcı rəssam olmalıdır. Rəssamın qobelen toxuması üçün ona ilk lazım olan avadanlıq, material, düşüncə və xəyallarıdır. Daha sonrakı proseslər isə sadəcə icradır.
   - Bu sənət növünün özəllikləri nədir. Qobelen sənətinin perspektivini necə görürsünüz?
   - Qobelen xalq tətbiqi sənətinin az işlənən növüdür. Hətta onun respublikamızda unudulmaq təhlükəsi də var. Bu sənət növü yalnız şəxsi sifarişlər hesabına yaşayır. Qobelen düşüncə tərzidir. Hər kəs, hər bir sənətkar öz düşüncəsini, fantaziyasını ora köçürə bilər. Qobelendə rəssam əvvəlcə fikrini eskiz formasında yaradır. Şübhəsiz ki, burada da əsas məsələ rəssamın ideyaya malik olmasıdır. Şəxsən mənim üçün istifadə edəcəyim rənglər qeyri-adidir. Sapları özüm boyayıram. Bu məqsədlə təbii boyalardan istifadə edirəm. Boyaları otlardan, ağaclardan hazırlayıram.
   Bu sənətin də digər xalq tətbiqi sənət növləri kimi diqqət və qayğıya ehtiyacı var. Bu gün Avropada qobelen sənətinə hörmətlə yanaşılır. Xüsusilə Fransa və Çexiyada incəsənət sahəsində qobelen geniş yayılıb. Türkiyədə, Baltikyanı ölkələrdə, qonşu Gürcüstanda bu sahəyə üstünlük verilir.
   - Uzun illərdir bu sahədə çalışırsınız. Yəqin əsərləriniz bir çox sərgilərdə nümayiş olunub?
   - İyirmi ilə yaxındır ki, bu sənətlə məşğulam. Sərgilərim də çox olub. Ötən il Moskvada “Oynayan qızlar”, “Ailə ağacı”, “Neftçilər”, “İçərişəhər” və s. əsərlərimdən ibarət sərgim oldu. Xaricdə şəxsi kolleksiyalarda (məsələn, İspaniyada) əsərlərim var. Onu da deyim ki, bizim ailədə hamı - həyat yoldaşım Samirə, oğlum Kamran da qobelen rəssamlıqla məşğuldur. Bu sənəti yaşatmağa, inkişaf etdirməyə çalışırıq.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar