Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi keçirilib.
   Noyabrın 5-dən 15-dək zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi rayonunda keçirilmiş müsabiqədə respublikanın şəhər və rayonlarından 47 rəqs kollektivi, 600-ə qədər uşaq iştirak edib.
   Noyabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında müsabiqənin yekun konserti və qaliblərin mükafatlandırılma mərasimi keçirildi.
   Tədbiri mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq qalibləri təbrik etdi: “Bu gün rəqs bayramıdır. Müsabiqə əlamətdar tarixə həsr olunub. İl ərzində müstəqilliyimizin bərpasına həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu gün təşkil olunan konsert də bu tədbirlərin davamıdır. Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq xoreoqrafiya sahəsində istedadlı gənclərin aşkar edilməsi üçün bu tip müsabiqələr təşkil edir. Məqsədimiz gənc istedadların inkişafına yol açmaqdır. Belə müsabiqələr eyni zamanda milli ənənələrin qorunması və xalq rəqslərimizin gələcək nəslə ötürülməsi üçün bir vasitədir. Sevindirici haldır ki, uşaqlar təkcə milli rəqsləri deyil, dünya xalqların rəqslərini, müasir rəqsləri də məharətlə ifa edirlər ”.
   Daha sonra nazir müavini müsabiqənin qaliblərinə mükafatları təqdim etdi.
   Qeyd edək ki, Xalq artisti Yusif Qasımovun rəhbərlik etdiyi münsiflər heyətinin qərarına əsasən, müsabiqənin Qran-pri mükafatına Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin rəqs kollektivi layiq görülüb.
   Digər qaliblər belə sıralanıb:
   Bakı şəhər V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin “Aysel” rəqs qrupu - I mükafat; Bakı şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbinin ”Şənlik” rəqs kollektivi və Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin rəqs kollektivi - II mükafat; Mingəçevir şəhər F.Qasımov adına, Füzuli rayon S.Şuşinski adına 1 nömrəli uşaq incəsənət məktəblərinin və Abşeron rayon Novxanı kənd klubunun “Xəzər ulduzları” rəqs kollektivi - III mükafat.
   Mükafatlandırmadan sonra gecədə bədii hissə təqdim olundu. Rəngarəng rəqs nömrələri səhnədə bir birini əvəz etdi.
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, respublikanın incəsənət məktəblərinin rəhbərləri iştirak edirdilər.
   
   Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar