Azərbaycanda Latviya günləri çərçivəsində “Qız qalası” qalereyasında Latviya rəssamlarının sərgisi açılıb. Ekspozisiyada Latviyanın iki tanınmış rəssamının - Aleksey Naumovun və Andris Vitolinsin işləri təqdim edilib.
   
   Sərginin açılışında Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
   Qonaqları salamlayan Latviyanın Azərbaycandakı səfiri Xardi Baumanis əsərləri sərgilənən rəssamları təqdim edib.
   Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov öz həmkarı, Latviya Rəssamlıq Akademiyasının rektoru, müxtəlif ölkələrdə 100-dən çox sərginin iştirakçısı olan Aleksey Naumovun yaradıcılığından danışıb. Qeyd edilib ki, onun parlaq və əlvan rəsmləri səyahət təəssüratı oyadır, bu əsərlərdə günəş şüalarının hərarətini, dənizin səsini, dağ havasının təmizliyini duyursan. Aleksey Naumov öz işlərini Bakıda ilk dəfə nümayiş etdirir.
   Andris Vitolins də sənətsevərlərə yaxşı tanışdır. Rəssam 1-ci və 2-ci beynəlxalq “Qız qalası” festivallarında iştirak edib və festivalın şərtlərinə görə, Qız qalasının maketi üzərində rəsmlər çəkib. Onun işlərini ümumi mövzu - texniki konstruksiyalar, rənglərin və dəqiq həndəsi formaların əlaqəsi birləşdirir. Zahirən “sənaye aləmi”ni xatırlatdığına baxmayaraq, onun rəsmlərində nəfislik və musiqi duyulur. A.Vitolinsin rəsmləri bir çox xüsusi kolleksiyalarda və muzeylərdə, o cümlədən Bakıdakı Müasir İncəsənət Muzeyində saxlanılır.
   A.Naumov və A.Vitolins iki tam müxtəlif dünyanın - rahatlıq gətirən sükutun və müasir tikililərin - həyatın inanılmaz sürətlə gələcəyə can atdığı bir dünyanın nümayəndələridir. Hər iki dünya daim qarşılıqlı əlaqədədir, varlığımızın tam harmoniyasını yaradır.
   Sərgi dekabrın 17-dək davam edəcək. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar