Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirlərin davamı olaraq dekabrın 6-da Sloveniyada Xalq artisti Yusif Qasımovun rəhbərliyi ilə Bakı Xoreoqrafiya Məktəbinin yetirmələrindən ibarət rəqs kollektivi konsert proqramı ilə çıxış edib.
Lyublyana şəhərində yerləşən və 30-dan çox ölkə nümayəndələrinin təhsil aldığı Danila Kumar adına Beynəlxalq Məktəbdə və Nova-Qoritsa gimnaziyasında keçirilən konsertlərdə kollektiv tərəfindən ifa edilən, zərifliyi və incəliyi, eyni zamanda cəld ritmi ilə seçilən Azərbaycan xalq rəqsləri tamaşaçılarda böyük maraq və xoş ovqat yaradıb.
Konsertlərdə fasilələr zamanı kollektivin rəhbəri Yusif Qasımov və Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Emil Həsənov ölkəmizin tarixi, mədəniyyəti və xalq incəsənəti haqqında tamaşaçıların çoxsaylı suallarını cavablandırıblar.
Nova-Qoritsa şəhərində olarkən kollektivin üzvləri əfsanəvi partizan, həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirə muzeyini ziyarət ediblər.
Konsertlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın bu ölkədəki səfirliyi, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti və Nova-Qoritsa şəhər meriyasının dəstəyi ilə təşkil edilib.