Dekabrın 19-da Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı, “İstiqlal” ordenli Mikayıl Abdullayevin anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə dekabrın 9-da R.Mustafayev adına Milli İncəsənət Muzeyində rəssamın əsərlərindən ibarət sərgi açıldı.
Sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev müasir Azərbaycan rəssamlıq məktəbinin yaranmasında Mikayıl Abdullayevin xüsusi rolu olduğunu qeyd etdi, sənətkarın zəngin yaradıcılıq irsindən söz açdı.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov görkəmli fırça ustasının həyat və yaradıcılığından danışdı, onun əsərlərinin dünyanın müxtəlif ölkələrində sərgiləndiyini bildirdi. Qeyd olundu ki, rəssamın əsərləri Tretyakov, Drezden rəsm qalereyalarında, həmçinin dünyanın bir çox muzeylərində və xüsusi kolleksiyalarında saxlanılır. Onun rəsmləri dünya kataloqunun birinci səhifəsində Leonardo da Vinçi, Bottiçelli, Sezan, Deqa, Qoyya, Mone, Rembrant kimi adlarla yanaşıdır.
Mikayıl Abdullayevin sənət dostu, rəssam Tofiq Babayev onun yaradıcılığı və dekorativ-monumental işlərindən söhbət açdı.
Mikayıl Abdullayev “Nizami” metro stansiyasının, “Gülüstan” sarayının möhtəşəm tərtibatını verib. Rəssamın kitab qrafikasına da böyük töhfələri olub. O, Nizaminin, Füzulinin, Vaqifin, M.F.Axundzadənin, Aşıq Ələsgərin, Sabirin, C.Cabbarlının, S.Vurğunun, Rəsul Rzanın əsərlərinə illüstrasiyalar çəkib. 1956-1971-ci illərdə rəssam Hindistan, Polşa, İtaliya və başqa ölkələrə səyahətə çıxıb, İ.Qandinin, Quttuzonun, Moravianın portretlərini çəkib. Hindistan təəssüratları nəticəsində o, “Racastan qadınları”, “Benqal qızları” rəsmlərini yaradıb. “Hindistanda” adlı silsilə rəsmlərinə görə 1970-ci ildə Hindistan hökuməti onu qızıl medal və Cəvahirləl Nehru Beynəlxalq mükafatı ilə təltif edib.
Tədbirdə görkəmli rəssamın həyat yoldaşı Leyla xanım və oğlu Cəmil ailələri adından çıxış edərək sənətkarın irsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya, sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildirdilər.
Daha sonra rəssamın sərgisinə baxış keçirildi. Təxminən 100 əsərin yer aldığı sərgi maraqla qarşılandı. Müxtəlif janrlı əsərlərlə yanaşı sərgidə Azərbaycanın məşhur ziyalılarının portretləri də yer alıb.
Reyhan