Dekabrın 10-da “Qalereya 1969” salonunda dövlət müstəqilliyimizin bərpasının 20 illiyi və nəğməkar şair Ənvər Əlibəylinin anadan olmasının 95 illiyinə həsr olunmuş “Rənglər aləmində” adlı sərgi keçirildi. Sərgidə Ə.Əlibəylinin nəvələri Şahin və Əminə Əlibəylilərin əl işləri nümayiş olunurdu.
Tədbirin açılışında çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov sərgilənən əsərlərin yağlı və sulu boya ilə çəkildiyini bildirdi. Rəsmlərin xarakterindən, maraqlı və rəngarəng kompozisiya quruluşundan danışan Xalq rəssamı yeniyetmə rəssamların belə sərgilərinin təşkilini ölkənin mədəni həyatında mühüm hadisə kimi qiymətləndirdi.
Sərgidə 70-dən artıq rəsm nümayiş olunurdu. Onu da qeyd edək ki, tədbir xeyriyyə məqsədi daşıyırdı. Sərgidə satılan işlərdən əldə olunan gəlir uşaq evlərinə sərf ediləcək. Sərgi salonunda uşaq evlərindən 300-ə yaxın uşaq iştirak edirdi və onlara hədiyyələr alınmış, yemək süfrəsi açılmışdı. Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin şagirdləri ifa etdikləri musiqi nömrələri ilə qonaqların zövqünü oxşadılar. Həmçinin qeyd olundu ki, sərginin sonunda təxminən 10 rəsm uşaq evinə hədiyyə olunacaq.
Balaca rəssamlar Şahin və Əminə Əlibəylilərin təsviri sənətə marağı böyükdür. Əminə Əlibəyli əl işləri arasında “Bənövşələr”i daha çox bəyəndiyini, təbiət mənzərələri çəkməyi sevdiyini dedi. 10 yaşlı Şahin üçün isə bu, artıq ikinci sərgidir. Beş yaşından təsviri sənətlə məşğul olur, natürmort janrına üstünlük verir. Ən sevimli rənglərinin firuzəyi, mavi və göy olduğunu dedi. Yeniyetmə rəssamlar indiyədək bir çox müsabiqə və sərgilərin iştirakçısı olub, müxtəlif diplomlara layiq görülüblər.
Reyhan