İncəsənət tarixində həm rəngkarlıq, həm də qrafika sahəsində eyni dərəcədə yaradıcılıq şöhrəti qazanmaq hər sənətkara nəsib olmur. Bu şöhrət sahibi olan sənətkarlarımızdan biri də Nəcəfqulu İsmayılovdur (1923-1990). O, təkraredilməz yaradıcılıq dünyası ilə təsviri sənət tariximizdə özünə layiqli yer qazanıb.
   
   Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov 1923-cü ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb (1936-1940) və sonradan II Dünya müharibəsinin başlanması ilə əlaqədar ali təhsilini davam etdirə bilməyib. Yarımçıq təhsil almasına baxmayaraq arayıb-axtarmaq həvəsi və davamlı yaradıcılıq axtarışları ilə daim öz üzərində çalışaraq bilik və bacarığını artırıb. Bunu rəssamın 50 ildən artıq yaradıcılıq dövrü də təsdiq edir.
   Nəcəfqulu İsmayılov dəzgah rəngkarlığı və qrafika sahəsində bir-birindən maraqlı əsərlər qalereyası yaradıb. Rəssamın yaradıcılığının bütün dövrlərində izlənilən xüsusiyyətlərə misal olaraq onun milli ənənələrə və etnoqrafik dəyərlərə yüksək hörmətlə yanaşmasını, tariximizə, elm və incəsənət xadimlərinin obrazlarına xüsusi önəm verməsini və ən əsası, yaratdığı əsərləri yüksək sənət metodlarına əsaslanaraq ərsəyə gətirdiyini qeyd etmək olar.
   Sənətkar dəzgah rəngkarlığının portret, süjetli tablo və natürmort janrlarında diqqəti cəlb edən uğurlu əsərlər yaradıb. Rəssamın portret əsərlərinə nəzər yetirsək, xalqımızın yetirdiyi görkəmli şəxsiyyətlərin özünəməxsus yaradıcılıq qüdrəti ilə yaradılmış surətlərini görə bilərik. Bu mənada rəssamın yaradıcılığında portret janrına xüsusi önəm verdiyini vurğulamaq yerinə düşər. Onun portret əsərlərinə misal olaraq “Qubalı Fətəli xan” (1947), “General H.Aslanov” (1949), “Sara Aşurbəyli” (1951), “Şair M.Ə.Möcüz” (1954), “Yazıçı A.Şaiq” (1955), “Ana” (1967), “Yazıçı Cəlil Məmmədquluzadə” (1967), “Şair S.Vurğun” (1967), “Akademik M.Hüseynov” (1972), “S.Bəhlulzadə” (1973), “Ü.Hacıbəyli” (1975), “Nəsirəddin Tusi” və digər portretləri göstərmək olar. Bu portretlərin hər biri ayrılıqda bəhs edilməyə layiq sənət əsərləridir.
   Fətəli xanın portreti bədii əhəmiyyətliliyi qədər də tarixi önəm daşıyır. Onun kətan üzərində yaradılmış güclü təsir qüvvəsinə malik əzəmətli surəti tamaşaçıya xoş təsir bağışlayır.
   Böyük ədib Cəlil Məmmədquluzadənin portreti də təsirli əsərdir. Mirzə Cəlilin obrazına və əsərlərinə təsviri sənətdə müraciət etmiş rəssamların azlığını nəzərə alsaq, Nəcəfqulu İsmayılovun yaradıcılıq təşəbbüsü təqdirəlayiqdir. Kompozisiyanın mərkəzində tam biçimdə C.Məmmədquluzadənin azacıq yarım profildən sağ əlində məşhur “Molla Nəsrəddin” jurnalının nömrəsini tutmuş vəziyyətdə təsvir edilən surəti canlandırılıb. Müəllif əsərin koloritinin bir qədər tutqun tonlarla işləməklə və yazıçının yazı masasının üzərində əlyazma və kitablarını təsvir etməklə obrazın yaradıcılıq dünyasının açılmasını daha da qüvvətləndirib.
   Rəssamın yaratdığı “Nəsirəddin Tusi” portreti Azərbaycanın dahi ensiklopediyaçı aliminin yaradılmış ən uğurlu portret əsərlərindən biridir. Mütəfəkkir alimin surəti oturmuş vəziyyətdə və sağ əlində qələmlə son dərəcə ustalıqla təsvir edilib. Arxa fonda təsvir edilmiş qlobus və kitablar alimin həyat və yaradıcılığı barədə dolğun məlumat verir.
   Nəcəfqulu İsmayılovun süjetli tablo və mənzərə əsərlərinə misal olaraq “Nəsiminin edamı” (1958), “Qrand-opera” (1960), “İçərişəhərdə küçə” (1960) “Səadət” (1970), “Realist rəssam” (1973) və başqalarını qeyd edə bilərik.
   “Realist rəssam” adlı əsərində rəssam cəmiyyətdaxili məsələlərə özünün vətəndaş münasibətini bildirməklə mövzunu sənətin təsirli dili ilə təqdim edib. Xalq şairi Bəxtiyar Vahabzadə bu tablo barədə yazırdı: “Küçənin bir tərəfində əsərlərini satan rəssam, tində isə ismətini satmaq üçün “müştəri” gözləyən qadın dayanmışdır. Biri mənəviyyatını, o biri isə özünü satmaq üçün “müştəri” gözləyir”. Əsərin kompozisiya quruluşu və kolorit həlli xüsusi bacarıqla tapılıb. Surətlərin bədii ifadəlilik xüsusiyyətləri və çöhrələrindən “oxunan” gərginlik tamaşaçını həyəcanlandırır.
   Rəssam eyni zamanda Əzim Əzimzadə məktəbinin layiqli davamçısı olmuş, məharətli qrafika ustası kimi tanınmışdır. O, 1952-ci ildə “Molla Nəsrəddin” jurnalının təsiri ilə nəşrə başlayan “Kirpi” jurnalının baş rəssamı olub. Otuz ilə yaxın jurnalın baş rəssamı kimi minlərlə güclü bədii təsir qüvvəsi olan maraqlı karikaturalar, şarjlar və başqa qrafik əsərlər yaradıb.
   Onun C.Məmmədquluzadənin əsərlərinə, M.Ə.Sabirin “Hophopnamə” kitabına, “Köhnə Bakı” albomuna çəkdiyi, habelə “Köhnə Bakının tipləri” qrafik illüstrasiyaları məna-məzmun dolğunluğu, ifadə yığcamlığı, bədii təsir gücü və səlis işlənilmə xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu sənət əsərləri tamaşaçıların böyük marağına səbəb olub və onlara xoş təsir bağışlayıb. Təbii ki, milli mədəniyyətimizin zəngin ənənələrini dərindən duyub, özünün təfəkkür süzgəcindən keçirə bilməyən sənətkar bu cür xalqa yaxın sənət nümunələri yarada bilməzdi. Elə bu xüsusiyyətlər Nəcəfqulu İsmayılov sənətinin və sənətkarlığının bir daha doğma elindən, ulu xalqından qidalandığının əyani göstəricisidir.
   Sənətkarın işlərinə tamaşa etdikdə onun dərin müşahidə qabiliyyətinə və incə yumor duyumuna malik olduğunu asanlıqla sezirsən. Rəssamın dostluq şarjlarına - Q.Qarayev, F.Əmirov, S.Hacıbəyli, S.Bəhlulzadə, M.Abdullayev, T.Salahov, M.Hüseynov, “Axır ki, dil tapdıq”, “İtini bəzər, özü lüt gəzər” və digər karikaturalarına tamaşa edəndə tamaşaçının dodaqları qaçır, bu karikaturaların maarifləndirici, tərbiyəvi əhəmiyyəti və ictimai məzmunu bu gün də öz aktuallığını saxlayıb.
   Nəcəfqulu İsmayılovun yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Rəssam “Əməkdar incəsənət xadimi” (1958) fəxri adına layiq görülüb. O, bədii yaradıcılıq fəaliyyəti və yaratdığı sənət əsərləri ilə tamaşaçıların diqqətini həmişə cəlb edəcək.
   
   Əsəd Quliyev,
   sənətşünas, AMEA-nın dissertantı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar