“Yeddi not səsindən bir musiqi əsəri meydana gəldiyi halda, niyə spektrin də yeddi rənginin uyarlığından, ritmindən “rənglərin musiqisi”ni yaratmaq mümkün olmasın?”
   
   Elçin Muxtar Elxan 1934-cü ildə Bakıda anadan olub. 1960-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasını bitirib. O vaxtdan təsviri sənətin kitab qrafikası, səhnə tərtibatı, rəngkarlıq və miniatür rəssamlıq sahələrində çalışıb. 1962-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olub, əsərləri ilə respublika, ümumittifaq və xarici ölkələrdəki sərgilərdə iştirak edib. 60-dan çox kitabın, o cümlədən çoxsaylı uşaq kitablarının illüstrasiyalarının müəllifidir.
   Akademik Milli Dram Teatrında 12 tamaşanın (“Ölülər”, 1966; “Xəyyam”, 1970; “Xurşidbanu Natəvan”, 1981 və s.), Opera və Balet Teatrında “Leyli və Məcnun” (1976) və s. səhnə əsərlərinin quruluşçu rəssamı olub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə 12 rəngkarlıq və qrafika əsəri işləyib. Orta əsrlərin tanınmış miniatür rəssamları K.Behzad, Soltan Məhəmməd, Ağamirək, ustad aşıqlar Dirili Qurbani və Abbas Tufarqanlı surətlərinin müəllifidir. 1968-1969-cu illərdə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Cırtdan” cizgi filminin quruluşçu rəssamı, 1973-cü ildə çəkilən “Nəsimi” bədii filminin geyim üzrə rəssamı olub.
   Bir müddət “İçərişəhər” Tarix-Memarlıq Dövlət Qoruğu İdarəsində idarəsində baş rəssam kimi çalışıb. 1982-1987-ci illərdə Respublika Rəssamlar İttifaqının “Miniatür və kitab qrafikası” bölməsinə rəhbərlik edib.
   1965-ci ildən başlayaraq rəssamlıq sənəti ilə yanaşı, milli mədəniyyət tarixinə aid 200-ə yaxın məqalənin, milli-mənəvi dəyərlərimizlə bağlı kitabların - “El-oba oyunu, xalq tamaşası”, “Mən Dədə Qorqud”, “Azərbaycan toyu”, “Təxti-nərd dəstgahı”, “Şəbeh epik teatrımız”, “Zorxana mədəniyyəti”, “Padşahın kiçik oğlu”, “Gün çıx-çıx”, “Yeddi çərşənbə, yeddi bayram”, “Nuhun dabanı” - ümumilikdə 22 kitabın müəllifidir.
   1991-ci ildən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının həqiqi üzvüdür.
   1994-cü ildə Rəssamlar İttifaqının “Soltan Məhəmməd” mükafatına, 1999-cu ildə “Mən Dədə Qorqud” kitabına görə Yazıçılar Birliyinin mükafatına layiq görülüb.
   
   
   Dekabrın 15-də Müasir İncəsənət Mərkəzində Əməkdar rəssam Elçin Muxtar Elxanın "Neominiatür bəstələri" adlı sərgisi keçirildi. Sərgi qeyri-adiliyi və bənzərsizliyi ilə sənətsevərləri heyran etdi.
   
   Gələcəyin rəssamlıq əsərləri
   
   “Könlüm istəmədiyi, ağlım qəbul etmədiyi, əqidəmcə cəmiyyətə lazım olmayan lüzumsuz mövzular üzərində çalışmamışam. Kiminsə xoşuna gəlsin deyə öz fikrimdən dönməmişəm, nə vaxtsa kiminsə dediyi sözlərdən, mövzulardan və özümü təkrarlamaqdan qaçmışam. Hadisələrə və ideyalara mövcud zamanın və yalnız özümün gözü ilə baxmışam” - Elçin Muxtar Elxan özünün sənət kredosunu belə xarakterizə edir. Onunla bu günlərdə görüşüb söhbət etdik.
   
   - Elxan müəllim, istərdim ki, söhbətimizə “miniatür və kompyuter” mövzusundan başlayaq...
   - Günlərin bir günü neominiatür axtarışlarıma yaxşı bələd olan bir rəssam dostum məni şəhərdəki kompyuter mərkəzlərinin birinə aparıb tanış kompyuter ustasına təqdim etdi. O da öz növbəsində kompyuterin rəssamlıq işində nələrə qadir olduğunu mənə nümayiş etdirdi. Mən xeyli heyrətləndim və başa düşdüm ki, artıq qədim rəssamlıq sənətinin ənənəvi “fırça-qələm, yağlı boya dövranı” bitir, bundan sonra “kompyuter rəssamlığı”nın hökmranlığı başlayır.
   O vaxtdan xeyli keçdi. Qızım mənə noutbuk bağışladı. Əvvəlcə onun idarəetmə yollarını, daha sonra “kompyuter qrafikası”nı öyrəndim. Çox qısa bir zamanda kompyuter vasitəsi ilə vaxtı ilə arzuladığım, lakin gerçəkləşdirə bilmədiyim işləri ərsəyə gətirdim və xeyli neominiatür əsərlər hazırladım. Bunların əsasında “Rəssam və kompyuter” albomumu çap elədim.
   Bu gün artıq vaxtı ilə yuxumda görüb sorağında olduğum “neominiatür bəstə”lərimin meydana gəlməsi üçün etibarlı vasitə və imkan var. Qətiyyətlə deyə bilərəm ki, “kompyuter qrafikası” qocaman rəssamlıq sənətinin tamhüquqlu bir varisi kimi inkişaf edib yaşaya bilər.
   - Ancaq bu fikri birmənalı qarşılamayanlar da var. Kompyuter vasitəsi ilə ərsəyə gətirilmiş rəssamlıq əsərlərini tam sənət növü saymayanlar bu fikirdədirlər ki, kompyuter rəssamlığında rəssamın fırça və qələminin izlərini görmək, boyaların “ətrini” qoxumaq mümkün deyil. Siz necə düşünürsünüz?
   - Bu, tam köhnəlmiş, yanlış və mühafizəkar bir mülahizədir. Məgər bir vaxtlar ənənəvi rəssamlıq əsərlərini yaratmaqda fırça-qələm, yağlı boya, bu işi yüngülləşdirmək üçün rəssama yardım edən bir alət, bir vasitə, bir material olmamışdırmı? Lap ibtidai dövrün rəssamları belə əsərlərini əl və barmaqları ilə çəkməmiş, bundan ötrü müxtəlif alətlərə müraciət etmişlər.
   Gələcəyin rəssamlıq əsərləri boyasız, fırçasız, qələmsiz, məhz kompyuter vasitəsi ilə ərsəyə gətiriləcək. Gələcəkdə ərsəyə gətirilmiş neominiatür əsərlər hotelləri, ofisləri, mənzil, muzey, kafe-restoranların divarlarını bəzəyəcək və hər kəsdə, o cümlədən turistlərdə xoş təəssürat oyadacaq.
   
   Rəngli musiqi
   
   - Səhv eləmirəmsə, mədəniyyət tarixində “rəngli musiqi” ideyası müxtəlif zamanlarda ortaya çıxıb və bu sahədə uğurlar da əldə olunub. İstərdim, bu barədə fikirlərinizi bizimlə bölüşəsiniz.
   - XX yüzilliyin əvvəllərində belə bir fikir ortaya çıxmışdı ki, oktavanın 7 səsi, 7 notun müxtəlif ardıcıllıqla səslənməsindən, onların uyarlığından bir avaz, bir musiqi əsəri meydana gəldiyi halda, niyə musiqidə olduğu kimi, spektrin də 7 rəng, 7 boyasından və onların rəng uyarlığından, yaxud ritmindən “rənglərin musiqisi”ni yaratmaq mümkün olmasın? Hələ keçmiş dövrlərdən bilirik ki, oktavadakı 7 səs-notun hər biri, rəmzi olaraq spektrdəki 7 rəngdən birinə “boyanır”, yəni hər səs-not bir rəngin daşıyıcısıdır. Zaman keçdikcə “rəngli musiqi” ideyasının tərəfdarları get-gedə artmağa başladı. 1909-1910-cu illərdə tananmış rus bəstəkarı A.N.Skryabin “Prometey” adlı bir simfoniya yazıb, onun partiturasına “rəngli işıqlar klaviaturası” əlavə etdi. Bu simfoniya 1915-ci ildə Nyu-Yorkda, 1916-cı ildə London və Moskvada səsləndirildi. Rəngli işıqlarla müşayiət edilən həmin simfoniyanın ifası zamanı orkestrin özü və səhnənin arxasında asılmış pərdə musiqinin ruhuna müvafiq gah qırmızı, sarı, yaşıl, gah da qarışıq rənglərə qərq olunurmuş. Həmin “rəngli musiqi” ideyasının təsiri altına düşmüş o dövrün rəssamları öz axtarışlarını “rənglərin avazı”, yaxud “rəng oyunu” (oyunun rəqsi) adlandırmışlar.
   Əslinə qalarsa, sonralar meydana gələn “abstraksionizm-mücərrədçilik” cərəyanının müddəaları “rəngli musiqi” nəzəriyyəsinin ehkamlarına arxalanır. Elə həmin nəzəriyyənin təsiri altında Litva bəstəkarı və rəssamı M.Çürlyonis musiqi tərzində rəsmlər çəkib onları “Sonata”, “Prelyudiya”, “Fuqa” və s. musiqi anlayışları ilə adlandırmışdır. Eyni zamanda Qərb bəstəkarları Şönberq, Stravinski və başqaları “rəngli musiqi” tərzində bəstələdikləri musiqilər böyük səs-küyə səbəb olmuşdur. Ümumilikdə isə “rəngli musiqi”nin kökləri lap qədimlərə gedib çıxır. Bu bardə “Neominiatür sorağında” kitabımda ətraflı məlumat vermişəm.
   - Elçin müəllim, belə demək mümkündürmü ki, dünya qloballaşdıqca hər şey “miniatürləşir”.
   - Əgər müşahidə edirsinizsə indiki musiqi sənətində artıq irihəcmli simfoniyalar, simfonik muğamlar, opera və balet əsərləri o qədər də bəstələnmir, rəssamlar artıq nəhəng tablolar üzərində işləmir, ədəbiyyatda epos, roman və poemalara o qədər də həvəs göstərilmir. Hər şey “miniatürləşib”, televiziya ekranı ölçülərinə çatdırılır. Televiziya ekranlarının ölçüləri isə öz növbəsində get-gedə böyüməkdədir. Bu gün kiçik bir mahnı klipə çəkilib, disk albomuna çevrildiyi kimi, rəssamların da əsərləri kiçilməkdədir. Müasir neominiatür bəstələr ərsəyə gətirilən zaman bu cəhətlər mütləq nəzərə alınmalıdır.
   
   * * *
   Hazırkı neominiatür bəstələri ola bilsin ki, ilk nəzərdə və hərfi mənada ənənəvi miniatür rəsmlərindən bir qədər uzaq və fərqli görünürlər. Bununla belə bu əsərlərdə klassik miniatür və milli tətbiqi sənətimizin ab-havası, struktur xüsusiyyətləri, həmin sənətlərə xas olan xüsusi rənglər uyarlığı qorunub saxlanaraq onlara digərlərindən tam fərqli bir milli ruh aşılayır. Vaxtı ilə yalnız milli mövzulara müraciət etdiyi üçün “nasionalist”, “formalist”, “abstraksionist” damğası ilə rəssamı ittiham edənlər artıq unudulmuşlar, daima sənət axtarışında olan rəssam Elçin Muxtar Elxanın əsərləri isə milliliyi və müasirliyi ilə insanları heyrətləndirməkdə və sevindirməkdədir.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar