Dekabrın 24-də L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş “Xalçalarda Nizami dünyası” adlı sərginin açılışı oldu.
   
   Muzeyin direktoru Röya Tağıyeva tədbir haqqında məlumat verərək Nizami Gəncəvi irisinin zənginliyinin Azərbaycan xalçalarında da böyük ustalıqla əks edildiyini vurğuladı: «Sərginin özəlliyi Nizami dühasının xalq sənətkarlarının gözü ilə təqdim olunmasındadır. Sərgidə Nizami əsərlərinin qəhrəmanları və onun ölməz poemalarındakı motivlərin əks olunduğu xalçalar, tikmələr metal və çini qablar nümayiş olunur. Qədim Qarabağ torpağının xalça ustalarının Nizami yaradıcılığına özünəməxsus baxışları var. 1918-ci ildə Şuşada toxunmuş “Leyli və Məcnun” xalçasının ara sahəsində qəhrəmanların çadır önündə baş tutan görüşü füsunkarlıqla əks etdirilmişdir. Bu nümunə Elmi-bərpa mərkəzində konservasiya olunub və bərpa prosesini əks etdirən fotoşəkillər də sərgidə nümayiş etdirilir”.
   Direktor Nizami Gəncəvinin ölməz poemalarında xalçaçılıq sənətinə, sarayları bəzəyən gözəl xalça təsvirlərinə geniş yer verildiyini də qeyd etdi: «Şairin “İsgəndərnamə” poemasının «Şərəfnamə» hissəsində İsgəndərin Bərdə şəhərinə, Nüşabənin sarayına qonaq gəlməsi, “Xosrov və Şirin”də Xosrovun Şirinin qəsrinə getməsi səhnələrində müxtəlif xalça növlərinin, həmçinin Xosrovun ova çıxması səhnəsində məfrəşin və “Yeddi gözəl”də Azərbaycanda çox geniş yayılmış xalça məmulatı olan heybənin təsviri verilmişdir. Nizami poeziyasının özünəməxsusluğu Təbriz, Şiraz, İsfahan kimi miniatür məktəblərini sanki yenidən həyata qaytarmışdır. Təsadüfi deyil ki, Şərq təsviri sənətinin ən parlaq nailiyyəti Təbriz sənətkarlarının Nizami poemalarının süjeti əsasında yaratdıqları miniatürlər olmuşdur. Nizami obrazları süjetli Azərbaycan xalçalarında da mühüm yer tutur. XVI əsrdə toxunmuş “Leylinin səhrada Məcnunla görüşü” süjetli xalçaları bizə məlum olan ən qədim xalçalardandır».
   Xalçalarla yanaşı, Nizami obrazlarına misgərlik nümunələrində, saxsı qablar üzərində və tikmələrdə də rast gəlinir. Sənətkarlar əl işlərinin bədii dəyərini artırmaq, onu daha da gözəlləşdirmək məqsədi ilə klassik ədəbi obrazlardan, xüsusən də Nizami obrazlarından yararlanmışlar.
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov Nizami Gəncəvi yaradıcılığının əzəmətindən, bu irsin təbliği və dünyada tanıdılması, onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində Azərbaycan hökumətinin apardığı məqsədyönlü işlərdən söz açdı.
   Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Zəhra Abdullayeva, xalçaçı-rəssam Eldar Mikayılzadə, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov və başqaları Nizami Gəncəvi dühasından, onun yaradıcılığının məziyyətlərindən danışdılar. Azərbaycan və Təbriz sənətkarlarının bu mənəvi qidadan bəhrələndiklərini və buna görə də bir-birindən gözəl miniatürlərin, xalça nümunələrinin yaradıldığını xatırlatdılar.
   
   Həmidə