Onun həyatı filmə bənzəyir: uğursuz başlanğıc, gözlənilməz şöhrət və xoşbəxt sonluq... 
   
   Milli rəqslərimizin mahir ifaçısı, Əməkdar artist Aliyə Ramazanovanın bu il 70 yaşı tamam olsa da, zərif, bənzərsiz sənəti ilə hələ də tamaşaçıları heyran etməkdədir.
   
   ...Bir azdan çəkiliş başlayacaq. Aliyə xanım növbəti televiziya çəkilişinə hazırlaşır. Fürsətdən istifadə edib onunla söhbət edirik. Deyir ki, bir az rəssamlığım da var, paltarlarımın eskizlərini adətən özüm çəkərdim. İndiyədək 70-ə yaxın milli geyimim olub. Ən uzunömürlü rəqs paltarımın yaşı isə yarım əsri çoxdan keçib...
   
   Həyat qaydasız - demək, amansız oyundur. Aliyə gözünü dünyaya açanda II Dünya müharibəsi başlamışdı. Müharibənin dalğaları əvvəlcə atasını, sonra anasını əlindən aldı. Üç bacı taleyin ümidinə qaldı. Üç-dörd yaşı olanda onu Qusardan Bakıya - 11 saylı uşaq evinə gətirdilər. Bacılarından da belə ayrı düşdü. Ancaq xeyirxah insanlar sevgisini, nəvazişini ondan əsirgəmədi. Uşaq evinin müdirəsi Bahar Ağalarova o ağır illərdə kimsəsiz uşaqlara dayaq oldu.
   Üstündən uzun illər keçsə də, Aliyə xanım o günləri belə xatırlayır: “Yeddinci sinfə kimi uşaq evində qaldım. O vaxta kimi bu gözəl qadının əsl adını bilmirdim, yalnız “Anacan” kimi tanıyırdım”.
   
   “Mən rəqs edəcəyəm”
   
   - Uşaq evində gözəl rəqs otağımız vardı, otağın bir küncündə iri royal qoyulmuşdu. Bu otaq mənim xoşuma gəlirdi. Orada oturub royal çalmağı və rəqs etməyi çox sevirdim. Müəllimlərim məni “itirəndə” həmişə rəqs otağında tapardılar...
   
   İllər keçdikcə Aliyə böyüyür, böyüdükcə bacıları haqqında fikirləşir, onları görmək üçün Allaha dua edir. Soyuq bir qış gecəsində onun həsrətinə son qoyulur. Qəbələ (o vaxtkı Qutqaşen) rayonundan uşaq evinə 10 nəfərə yaxın 12-13 yaşında qız gətirirlər. Aliyə bu qızlardan biri ilə tanış olur. Bir müddətdən sonra həmin qız rayondakı rəfiqələrinə məktub yazarkən Aliyə təsadüfən bacısının adına - Abidə adına rast gəlir. Bu qızın kim olduğunu soruşur. Qız Abidə haqqında danışır və məlum olur ki, o qız Aliyənin bacısıdır və necə illərdir ki, onu axtarır...
   “Uzun sürən ayrılığa baxmayaraq mən bacımın şəklini tanıdım. O, məndən bir neçə yaş böyük idi, həmişə də qayğıma qalmışdı”.
   “Anacan” Aliyənin bacısını uşaq evinə gətirdir. “O gündən mən bacımdan ayrı düşmədim, həyat məni hara aparırdı, onu da özümlə birlikdə aparırdım... Ancaq o biri bacım o ağır illərdə dünyasını dəyişmişdi”.
   7-ci sinifdən sonra Aliyə bacısı ilə 5 saylı sənət məktəbində daxil olur, orada həm orta təhsil alır, həm də nəşriyyat üzrə mütəxəssis ixtisasına yiyələnir. Aliyə məktəbdə həmçinin rəqs dərnəyində fəaliyyət göstərir.
   - Üç il Ehtiyat Əmək Qüvvələrinin rəqs dərnəyinin üzvü oldum. 1958-ci ildə respublika üzrə rəqs kollektivləri arasında müsabiqələr keçirilirdi. Xalq artistləri Əminə Dilbazi və Əlibaba Abdullayev bizim rəqs kollektivimizə baxmağa gəlmişdilər. Bizim çıxışımıza baxandan sonra Əminə xanım məni xeyli təriflədi, Azərbaycan Dövlət Rəqs Ansamblında işləməyə dəvət etdi və fikrimi soruşdu. Fikirləşmək nədir, az qala göylərdə uçurdum...
   1958-ci il iyunun 15-də Əminə Dilbazi məni Filarmoniyanın direktoru, görkəmli incəsənət xadimi Soltan Hacıbəyovun yanına apardı. Haqqımda bir qədər söhbət etdilər. Soltan müəllim ərizəmə qol çəkib dedi: “Qızım bu gündən sən bizim balaca “artistkamızsan”, sənə müvəffəqiyyətlər arzu edirəm”.
   O gündən 16 yaşlı Aliyənin böyük səhnə həyatı başlayır, düz 25 il fasiləsiz Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının gözəl, istedadlı rəqs mələyi kimi böyük səhnələrdə milli rəqslərimizi sevə-sevə, böyük şövq və məhəbbətlə ifa edir.
   Aliyə xanımın birinci qastrol səfəri Çin Xalq Respublikasına olur. Sonralar dünyanın yarıdan çox ölkəsini gəzsə də, ilk səfərin həyəcanı hələ də onu tərk etməyib:
   - Rəqslər Əminə Dilbazi və Əlibaba Abdullayev tərəfindən qurulmuşdu. Hədsiz dərəcədə gözəl milli rəqslər idi. “Neftçilər süitası”, “Vətən süitası”, “Tirmə şal”, “Turacı”, “Nəlbəki”, “Nazlana-nazlana”, “Hind rəqsi”, “Üç gül”, “Naz eləmə”, “Vağzalı-Mirzeyi” və neçə-neçə gözəl rəqslər. Səfər üçün təzə milli kostyumlar da tikilmişdi. Milli kostyumların eskizini hamımızın sevimlisi, milli geyimlər üzrə rəssam Reyhan Topçubaşova çəkirdi. Kostyumlarda həm rəqsin mənası, həm də milli xarakter saxlanılırdı.
   İllər keçdikcə Aliyə Ramazanova ansamblın ən tanınmış solistlərindən biri kimi şöhrət tapır. Çindən başlayaraq Misir, Danimarka, Almaniya, Macarıstan, İtaliya, İspaniyayadək bir çox ölkələrdə milli rəqslərimizi təbliğ edir.
   
   Böyük səhnələr, alqışlar, güllər...
   
   ...O bir sənətkar kimi bu sevinci uzun illər yaşayır. 1982-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülür. Rəqs aləmində 20-22 ildən sonra səhnəni tərk etməlisən. Aliyə xanım 25 ildən sonra səhnəni tərk eləsə də, onun yeni sənət ömrü başlayır. “Şəhriyar” adına mədəniyyət mərkəzində “Zəriflik” rəqs qrupunu təşkil edir, istedadlı uşaqları qrupa cəlb edir.
   - Rəqs sənətinin bütün sirlərini onlara öyrətdim. “Azərbaycan elləri”, “Yallı”, “Azərbaycan toyu”, “Zəriflik”, “Güllər”, “Tərəkəmə”, “Dəsmalı”, “İnnabı”, “Sarı gəlin” rəqslərini uşaqlara sevdirdim. Onların xarici ölkələrə qastrol səfərinə getmələrinə nail oldum.
   Aliyə xanımın fəaliyyəti bununla yekunlaşmır. O, Azərbaycan Dövlət Universitetində “Sevinc” milli rəqs qrupunu yaradır və 10 il bu qrupun rəhbəri olur. Eyni zamanda Əbilov adına Mədəniyyət Evində “Çiçək” qızlar ansamblına rəhbərlik edir. Hazırda “Muğam” Teatrında sənətinin sirlərini gənc nəslə öyrədir.
   Aliyə Ramazanovanın ustad sənətkar kimi özünün qurduğu rəqslər də var.
   - “Zəriflik” rəqsini özüm qurmuşam. “Ay ləli yar” rəqsi də mənim rəqsimdir. Uşaqlar üçün isə “Güllər” rəqsini qurmuşam. Belə rəqslərim çoxdur. İndi hamısını xatırlaya bilmirəm.
   Aliyə xanımın milli rəqslərimizlə bağlı dəyərli fikirlərini də eşitmək istədik:
   - Azərbaycan milli rəqsləri öz mövzusuna görə müxtəlifdir. Xalq arasında geniş yayılmış “Vağzalı-Mirzeyi”, “İnnabı”, “Turacı”, “Nazlana-nazlana”, “Tirmə şal”, “Dağlar gözəli”, “Qara göz”, “Qara tellər” və s. rəqslər toylarda, bayramlarda, şənliklərdə ifa olunur. Bu rəqslər qadın rəqqasələr tərəfindən ifa olunur.
   Kişi rəqqasların ifa etdikləri “Qazağı”, “Nuxa rəqsi”, “Gənclik rəqsi”, “Çobanlar rəqsi” isə daha çevik və şux olur.
   Xalqımızın ən tanınmış rəqslərindən biri də kütləvi rəqslərdir. Kütləvi rəqslərə hər rayonun özünəməxsus “Yallı”sı, qəhrəmanlığı tərənnüm edən “Cəngavərlər” rəqsi, idmana daha yaxın olan “Zorxana” rəqsi, dəstə ilə ifa edilən “Cəngi” və başqa rəqslər daxildir.
   El içində çox yayılmış rəqslərdən biri də məzəli rəqslərdir. “Məzəli hadisə”, “Dostlar”, “Ovçular” belə rəqslərdəndir.
   Azərbaycan milli rəqslərindən biri də görkəmli bəstəkarlarımız tərəfindən bəstələnən süitalardır. Süitalar gözəl musiqi nömrələrinə qurulan bir neçə hissəli rəqslərdən ibarətdir. Səid Rüstəmovun “Azərbaycan süitası”, Cahangir Cahangirovun “Vətən”, “Bahar gəlir”, Qılman Salahovun “Neftçilər”, Vasif Adıgözəlovun “Şadlıq”, Hacı Xanməmmədovun “Zəhmət" süitaları uzun illər səhnəmizi bəzəyib.
   
   Aliyə xanım deyir ki, hər gülün öz ətri olduğu kimi hər rəqsin də öz gözəlliyi var. Mənim şah əsərim “Vağzalı-Mirzeyi”dir. Bu rəqsi uzun illər sevə-sevə ifa etmişəm.
   Aliyə Ramazanova yaxşılığı unutmayan insandır. Əminə Dilbazini sənət müəllimi sayan rəqqasə bu gün də ustadından ürək dolusu danışır: “Rəqs kraliçamız Əminə xanım Dilbazi biz rəqqasələrin həm müəllimi, həm anası, həm bacısı idi. Onun sənətə olan sevgisi hamımız üçün nümunədir”.
   Xalq artisti Əminə Dilbazi isə Aliyə xanım haqqında belə yazırdı: “Günlərin bir günü yolumuz “Qara şəhər”dəki məktəblərdən birinə düşdü. Mən orada zahiri cazibəsi, gözəl ifası ilə diqqətmi cəlb edən Aliyə Ramazanovanı tapdım və Dövlət Mahnı və Rəqs Ansamblına dəvət etdim. Biz tələbələri öyrədirdik, Aliyə isə rəqsləri özü öyrənirdi. Aliyənin sirri ondadır ki, o sənətə, rəqsə vurğundur.
   Aliyə xanım həm də canlara dəyən, səmimi, dar günün dostudur. Onun sənətkarlığı ilə yanaşı, dostluğunu da yüksək qiymətləndirirəm. Mən Aliyəni özümə dost sayıram”.
   Ömrünü sənətə və oğluna həsr edən Aliyə xanım dəyərli bir övlad böyüdüb. Oğlu Bəxtiyar Ramazanov yüksək ixtisaslı neft mühəndisidir. Nəvələri isə nənələri ilə fəxr edir.
   Çəkilişin vaxtı çatır. Səhnə onu gözləyir...
   ...Rejissorun üzü günəş kimi işıq saçır. “Bir görəydiniz ki, Aliyə xanım “Sarı gəlin”i necə rəqs elədi?! Əladan da, əla!” - deyir.
   
   Aliyə xanım o xoşbəxt sənətkarlardandır ki, sənətin, səhnənin cazibəsi bu gün də onu tərk etməyib: “Mən səhnədə olmasaydım bəlkə də indi dünyada yox idim. Məni yaşadan səhnənin cazibəsi, səhnə sevgisi, səhnə gözəlliyi olub. Şadam ki, həyatım səhnədə sevinclərlə, güllərlə, uğurlarla keçib...”
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar