Gələn il Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Bununla əlaqədar Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin tələbələri müxtəlif janrlarda maraqlı əsərlər hazırlayıblar.
   
   Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda həmin əsərlərdən ibarət sərgi təşkil olundu.
   Tədbiri Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq qeyd etdi ki, ilk dəfədir paytaxtımızın bu nüfuzlu sərgi salonu bütünlüklə Mədəniyyət və İncəsənət Universitetinin rəssam tələbələrinin ixtiyarına verilib: “Sərginin geniş salonlarında sıralanmış bu əsərlər Azərbaycan rəssamlıq palitrasının layiqli xələfləri sayılmağa layiqdirlər”.
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərgidə nümayiş olunan rəsm nümunələri haqqında ürək sözlərini söylədi, gənc rəssamlara yeni sənət uğurları arzuladı.
   Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev universitetin rəssamlıq fakültəsinin tələbələrinin həm ölkəmizdə, həm də beynəlxalq miqyasda əldə etdikləri nailiyyətlərdən danışdı. Qeyd olundu ki, 90 illiyini qeyd etməyə hazırlaşan universitetin tarixində 50 ildən bəri fəaliyyət göstərən fakültənin qazandığı uğurlar təsadüfi deyil: “Burada nəinki Azərbaycan, həmçinin dünya rəssamlığına dəyərli töhfələr vermiş rəssamlar pedaqoji fəaliyyət göstərmişlər”.
   Rəssamlıq fakültəsinin dekanı Sevda Sadıqbəyova universitetin tarixində ilk dəfə gənc rəssamlara belə geniş şərait yaratdığına görə Mədəniyyət və Turizm Nazirliyinə və Rəssamlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirdi: “Fakültəmizdə 9 ixtisas üzrə təhsil alan tələbələrin 150-dən çox əsərinin burada nümayişi bizim üçün əlamətdar hadisədir. Bu əsərlərin əsas məqsədi gələn il “Eurovision” mahnı müsabiqəsinə təşrif gətirəcək xarici qonaqlara bədii-estetik informasiya verməkdir. Sərgi göstərdi ki, fakültədə xalçaçılıq, dizayn, qobelen, moda, qrim, reklam, kino rəssamlığı üzrə təhsil alan tələblər öyrəndikləri ixtisasın dili ilə bu möhtəşəm beynəlxalq tədbirə öz töhfələrini verməyə çalışırlar”.
   
   İntiqam Mehdizadə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar