Günlər Bəhruzu, Bəhruz günləri qovurmuş...
   
   Hər iki qovhaqov daimiliyə doğru imiş; biri - çox halal-ümmət insan olduğuna görə, cənnət əbədiyyətinə, biri - çox istedad sahibi olduğu üçün - sənət əbədiliyinə doğru. “Alın yazısı” sahibi öz halal bəndələrindən, əşrəf-əsərlərindən birini öz yanına çəkmədə, müqtədir fırça müəllifi isə xalq ad-sanı, milli qabiliyyət naminə sənət əsərləri çəkməkdə...
   
   Bəhruz çəkdiyi rəsmlərlə birgə, yaşadığı ağrılı-əzablı günlərini də sanayırmış. O, zəhər illərini, gözəl alınan rəsmlərinə rəğmən bahar fəsillərini, canını az-çox qızdıran isti ayları və bir də - həyatında yox, həyətində gül açan günləri də sayıb-sonalayırmış deyə, biz də - “sən saydığını say, gör, fələk nə sayır” deyimini bir daha sayğılayaq...
   Həyatda 30 il 17 gün yaşayıb Bəhruz Kəngərli. 1892-ci ilin 22 yanvarında doğulub, 1922-nin 7 fevralında vəfat edib.
   
   Bəs sənətdə?..
   
   Sənət həyatında, hələlik, 120 ildir ki, yaşayır. Bunun 23-nü - canında daşıdığı ağrıların acığına desəm, “şəxsi mənafe nəfinə” - özüyçün yaşayıb, 97-ni milli mənafe naminə - bizimçün.
   Amma, uşaqlıqda keçirdiyi daha şiddətli xəstəliklə əlaqədar ağır eşidən qulaqlarından bezar, sonrakı universal-serial mərəzlərlə bağlı canından həzər yaşasa da, ömrünün son yeddi ilində yaratdığı iki minə yaxın rəsm əsərlərinin bircəsində də heç bir “sarılıq-soluqluq” “patalogiya”sı hiss olunmur, aktuallıq sarıdan ölüm-itim “epiqriz”i vəd edilmir. O, nəyə könül gözüylə baxıb, hansı mövzuya əl qatıbsa, hamısı sənət murazına çatıb.
   Həyatının qürub, yaradıcılığının yeni tülu dəmlərində müasirlərinə söyləyirmiş ki, onu bu həyatda saxlayan bu sənət həbləridir, yoxsa, canındakı zalım ağrıları öz gücünə çəkə bilməzmiş. Hərdən də yarı zarafat-yarı xurafat - baməzə dost-sirdaşlarına qayıdarmış ki, mən gözümü, tezliklə özümü aparacaq bu dünyada qoyub gedəcəm. “Batabat”a, Əshabi-kəhfə, İlanlı dağa mənsiz gedəcəyiniz çağlar mənim bu dünya alından - cahan yanağındakı Nəqşicahan xalından doymaz gözlərimi də götürərsiz özünüzlə. Bahar nazlananda isə qoymazsız kirpikləri qırpılsın amanatınızın...
   Tay-tuşları isə böyür-başlarında hamıdan asta və hər kəsdən usta gəzə-gəzə təkcə gəzməyə yox, həm də dahiliyə gedən bu gəncin qulaqlarının eşidəcəyi və eşitməyəcəyi tonda sözlər deyib-danışarmışlar. Bu sözlərlə həm onu tərif-təskin edər, həm də kədərlərini bir-biriylə bölüşüb, ağır anlarını yola verərmişlər...
   Onun o dost-sirdaşlarından ikisiylə 1982-ci ildə qəribə bir məclis-mərəkədə tanışlığımız oldu. Onlardan biri - qohumu İsmayıl Kəngərli idi, o biri - adını unutduğum tay-tuşlarından birisi. Müqtədir Bəhruzun o müxtəsərcə ad gününü - 90 illik yubiley məclisini tulumçu Cəbi kişi öz “ən ibtidai icma” alətiylə əsl törən-mərəkəyə çevirmişdi. Onun tulumu necə gurum-gumbuldayırdısa, tamaşaçıların sinələri də elə o sayaq qabarıb-qalxınırdı. Yanlarında dayandığım həmin iki kişi isə hərdən bir-birinə baxır, kədər və həzz dolu işarətlərlə himləşirdilər. Sonrakı çay süfrəsi məclisində onlar o “işarət him”lərini mənimçün belə “tərcümə” etdilər ki, sən demə, tulumçu Cəbi kişi bəzi məqamlarda uşaq yaddaşlarındakı Bəhruzun canvermə və əsərlərindəki heç zaman ölməyəsi ritmləri də ifa edirmiş...
   Yeni tanışlarım B.Kəngərlinin tulum-musiqi “portret”indən əlavə “eskiz”lər də söylədilər ki, mən bunları yuxarıdakı sətirlərə işlətdim.
   Amma o təbii, saya, nostalji kişilər bu bir-iki rəsmi-xronoloji faktdan xəbərsiz idilər ki, Bəhruz ağır eşitmə səbəbindən, heç ümumtəhsil məktəbinə də gedə bilməmiş, C.Məmmədquluzadənin təşviq və himayədarlığı ilə Tiflisdə Boyakarlıq və Heykəltəraşlıq Məktəbində oxumuşdur. 1910-cu ildən 1915-ci ilə qədərki tələbəlik dövründə onun əsl rəssam kimi püxtələşməsində də Mirzə Cəlilin və “Molla Nəsrəddin”in əvəzsiz rolu olmuşdur.
   
   Qosqoca gənc
   
   İstedadı, ilhamı, fırçası bu qədər təcrübəyə malik, başarıya qabil, bəşəriliyə şamil otuz yaşlı rəhmətliyə “qosqoca gənc” deməyib, bəs necə öyəsən? Hələ tələbə ikən “mollanəsrəddin”çi rəssam Oskar Şmerlinqin və bir tələbə yoldaşının (Qudiaşvili) portretlərini çəkməklə “20 yaşlı ağsaqqal rəssam” adını qazanmış bir gənci necə “qocaltmayasan”? Ardınca da “Qoca kişi”, “Toy”, “Elçilik” kimi möcüzələrindən, karikatura, mənzərə, məişət səhnələrini əks etdirən digər akvarel, boyakarlıq nümunələrindən ibarət böyük sərgisi ilə bütün Naxçıvan sənətsevərlərini heyran edən iyirmi iki yaşlı fenomeni yüz il sonrakı sevərlərinin diqqətinə necə çatdırasan? O vaxtkı “İqbal” qəzetinin yazdığı: “Bu cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır” öncəgörüsünü bu vaxtkı “Mədəniyyət” qəzetinin oxucularına “buncagörü” kimi təqdim etməyəsənmi?..
   Əbədi gənc və qoca Bəhruz Kəngərlinin rəsmlərinə baxdıqca nə görürsən? Tək elə molbertə, “ramka” dediyimiz dar çərçivələrə sığışdırıb-“sıxışdırılan”larımı? Bu rəsmlərdə “Qoca və dəniz” müəllifi Hemenqueyin hadisənin iç-içalat realizmi, İvanov lirizmi, Van Qoq impressionizmi burulğanlanır. Onun “Yaşlı kişi”si ixtiyarlıq barədə fırça dilli sonsuz bir söhbətdir. “Gürcü” portreti qonşu ölkəyə etno-turistik bir səyahətdir.
   B.Kəngərli yaradıcılığına “Mövzu aktuallığı, ideya-məzmun müasirliyi” kimi tərkiblərdən yanaşıldıqda da - dilə, qələmə əl verməyən bir iş tapılmaz. Əslində, bu, sənətkar üçün böyük əlamət də sayılmamalıdır; sabaha bir əhəmiyyət, təsir-əsər daşımayası bir əsərə bu gün niyə qol qoymalısan ki? Bəhruz Kəngərlinin yüz il öncə yaratdığı “Qaçqınlar”, “Qaçqın qız”, “Yurdsuz ailə”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Ayaqyalın qaçqın oğlan”, “Qaçqın Gümsün” kimi portretləri olmasaydı, hələ də qədərincə və layiqincə fırçaya alınmamış bugünkü qaçqınlarımız elə bilməzdilərmi ki, bu görəcək tək elə bunların başına gəlib? Dünyanın (“yan” tütəyili Fransadan iraq) ağıllılarına elə gəlməzdimi ki, hayların “siyasət”dəki 1915 “nömrə”li qondarma genosid ah-vayları sənət sənədlərinə keçməyib? “Yer məni-yer məni” deyə-deyə, tər-təmiz türk sözünün assimilyasiyasından özlərinə ad - “erməni”, arxaizm-türk torpağından alt-yanlarına neologizm “vatan” düzəldən vart-vart Vartanlar elə qaynatmazdılarmı ki, yan-babaları, “şon-dığa”ları tarixən türklərə kəmərbəstə yox, toqqadan aşağı... daşnak, dinc-tumançax “qınçax” olublar?
   Bunlar “Mövzu aktuallığı”. Qaldı “ideya-məzmun” və dünyəvi sənət-sənətkarlıq məcmu-mündəricəsi. Buyurun - “Nuhun qəbri”, “Bahar”, “Payız”, “Günəş batarkən”, “Şəlalə”, “Dağlıq mənzərə”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol”, “Möminə xatın türbəsi” və sair.
   Bunlar və adlarını çəkmədiyim yüzlərlə digər rəsmlər yaradıcı, dünyəvi bir millətin öz sənətkar övladı tərəfindən fırçaya alınmış sənət tərcümeyi-halıdır.
   
   Yeddi ildə üç siyasi fəsil
   
   Bəhruz Kəngərli yeddi illik yaradıcılıq ömründə üç ictimai-siyasi fəsil yaşamalı olmuşdur; mütləqiyyət, Cümhuriyyət və - belə demək mümkünsə - bolşevizmiyyət. Birinci “iyyət”dəki fəaliyyət nümunələrilə az-çox tanış olduq. İkincidə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə daha özgür maraqları hədəfləyən bir sıra boyakarlıq və qrafika əsərləri yaradan müəllif, əsas diqqət və qüvvətini bütün könül döyüntüləri, amal-öyüntülərilə qəbul etdiyi milli müstəqilliyin sabahı üçün yaradıcı gənclik yetişdirməyə, banisi olduğu milli teatr-tərtibat rəssamlığına sərf edir. Bu sənəti daha da sevdirmək və yüksəltmək üçün xüsusi dərnək yaradır, fərdi sərgilərini düzənləyir. “Xilaskar” adıyla gələn işğalçı sovet ordusu bir çox “qazanaçdı” tədbirlərindən növbətisi kimi, 1921-ci ildə Azərbaycanda açdığı ilk böyük sərgidə B.Kəngərlinin 500-dək əsərini nümayişə çıxarır...
   Bu dünyadan “kimlər gəlib, kimlər getsə də”, say və səyindən asılı olmayaraq - insan nə etsə də, zaman əsl sənətkarların qoruyucu mələyi vəzifəsini sədaqətlə yerinə yetirir. Necə ki, bu gün Moskva Dövlət Tarix Muzeyində, Azərbaycan Milli İncəsənət və Naxçıvan Dövlət Tarix muzeylərində Bəhruz Kəngərli imzalı yüzlərlə əsər saxlanılmada, qorunmada, baxılmada, sevilmədə...
   
   Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar