Moskvada azərbaycanlı rəssamın fərdi sərgisi
Fevralın 17-də Moskvada Xarici Ədəbiyyat Kitabxanasının Ağ zalında Rusiya Federasiyasının Xalq rəssamı, Rusiya Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun fərdi sərgisi keçiriləcək. Sərgini Xarici Ədəbiyyat Kitabxanası və RF-dəki Azərbaycan Mədəniyyət Mərkəzi təşkil edir.
Əsgər Məmmədov 1945-ci ildə Qarabağda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun multiplikasiya fakültəsini bitirib, sənədli və animasiya filmi çəkib. Sonra Azərbaycana qayıdır, yenidən rəssamlıqla məşğul olur. Rəssamın Qarabağdakı qalereyası 1992-ci ildə erməni bombardmanı nəticəsində dağıdılıb, əsərləri məhv olub.
1996-cı ildə yenidən fırçanı əlinə alan rəssam təkrar sənətdə özünü tapır. Əsgər Məmmədovun işləri indiyə qədər Moskvada, Bakıda, Türkiyədə, İspaniyada, İsraildə, Almaniyada, Kiprdə sərgilənib. Əsərlərinin bir çoxu dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiya və qalereyaların bəzəyidir. Rəssamın budəfəki sərgisi martın 11-dək davam edəcək.