Fevralın 15-də Türkiyənin Muğla şəhərində Muğla Universiteti, Azərbaycan Kültür və Dayanışma Dərnəyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ağsu möcüzəsi” sərgisinin açılışı olub.
   
   Muğla Universitetinin Atatürk Mədəniyyət Mərkəzində gerçəkləşən tədbirin açılışında Muğla valisinin müavini Faruk Necmi Kurt, bölgənin mədəniyyət və turizm müdiri Dr. Kamil Özer, Muğla Universiteti rektorunun baş müşaviri, professor Mustafa Volkan Coşkun, universitetin arxeologiya şöbəsinin müdiri, professor Adnan Diler, Muğla Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Atacan Sayılan iştirak ediblər.
   “Miras” İctimai Birliyinin rəhbəri Fariz Xəlilli sərgi və Ağsuda aparılan arxeoloji tədqiqatlar haqqında geniş məlumat verib. “Miras” İctimai Birliyinin dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyasının 2010-2011-ci illərdə Orta əsr Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlar apardığı, qazıntılar nəticəsində XII və XVIII əsrlərə aid çoxlu tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri aşkara çıxarıldığı qeyd olunub. Aparılmış tədqiqatlar, arxeoloji qazıntı sahələrinin üzərinin örtülməsi, arxeoloji turizm təşəbbüsləri iştirakçılarda maraq doğurub.