Susaraq “danışan” sənət əsərləri Xocalı faciəsini yaddaşlarda yaşadır
   
   Xocalı soyqırımı bəşər tarixinin qanlı səhifələrindəndir... İllər bir-birini əvəz etsə də, bu faciə, onun ağrı-acısı Azərbaycan xalqının yaddaşından silinməyəcək. Tariximizin bu qanlı səhifəsi incəsənətimizdə də dərin iz qoyub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər istər rəssamlıqda, istərsə də heykəltəraşlıq nümunələrində geniş əksini tapıb.
   
   Çəkilən əsərlər tarixin yaddaşıdır

   
   İndiyədək Xocalı mövzusuna yüzlərlə rəssam, heykəltəraş, dekorativ tətbiqi-sənət ustası müraciət edib. Hər bir yaradıcı insan öz daxili dünyası ilə yanaşır bu tarixi həqiqətə. Əsərlərin əksəriyyətində yerlə-yeksən edilmiş şəhərin, onun insanlarının ağrı-acısı duyulur.
   Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov Xocalı mövzusuna daha çox müraciət edən sənətkarlardandır. Maraqlı və orijinallığı ilə seçilən bir sıra əsərləri muzeylərdə saxlanılır. Rəssam faciəni əks etdirən silsilə əsərlər yaradıb. Onun heykəltəraşlıq və qrafika nümunələri sırasında “Nalə”, “Ana körpəsi ilə”, “Yanmış qadın”, “Ata fəryadı” əsərlərini misal çəkmək olar. Xalq rəssamı deyir ki, o hadisələrin ağrı-acısını hiss etmiş sənət adamı bu mövzuya biganə qala bilməz: “O günlər mən Ağdam bölgəsində olmuşam. Bir sənət adamı kimi Xocalı həqiqətlərinə biganə qala bilməzdim. Düşünürəm ki, bu əsərləri yaratmaqla həm Azərbaycan vətəndaşı kimi, həm də rəssam kimi mövqeyimi, düşüncələrimi ortaya qoymuşam”.
   X.Əhmədov bu mövzuda çəkilən əsərlərin həm də tarixi həqiqətlərimizi əks etdirdiyini deyir. Onun sözlərinə görə, mövzuya aid əsərlərdən tarixi həqiqətlərimizin tanıdılmasında yararlanmaq olar. Çünki bu mövzuda çəkilən istənilən əsər janrından, növündən asılı olmayaraq tariximizi yaşadır.
   
   Xocalı haqqında 67 əsərin müəllifi
   
   Bu gün Azərbaycan Dövlət Rəsm Qalereyasının, Milli İncəsənət Muzeyinin fondlarında Xocalı faciəsini əks etdirən müxtəlif seçilmiş əsərlər qorunub saxlanılır. Milli İncəsənət Muzeyinin Rəngkarlıq bölməsinin müdiri Mehriban Nuriyeva deyir ki, saxlanılan əsərlərin bir hissəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınaraq muzeyə verilib. Bəzi əsərlər isə müəlliflərin özləri tərəfindən muzeyə təqdim olunub.
   Xocalı mövzusuna ən çox müraciət edən fırça ustalarından biri də Nazim Məmmədovdur. Bu gün mərhum rəssamın 67 əsəri Xocalı həqiqətlərini özündə yaşadır. O, həm də Xocalı faciəsi zamanı baş verən dəhşətli hadisələrin şahidi olub. Muzeyin fondunda rəngkarlıq janrında Nazim Məmmədovun silsilə əsərləri - “Uşağın ölümü”, “Onu öldürdülər”, “Xocalı Qavroşu”, “Oğul anası”, “Mən yetim qaldım”, “Çingizin xatirəsi”, “Onları Xankəndinə apardılar”, Kamil Ramazanovun “Nəvə və nənə”, “Ana-bala faciəsi” “Körpə girovlar”, “Murovdağ”, Natiq Fərəcullazadənin “Keçid” və digər onlarla rəssamın əl işləri var. Mövzuya həsr olunmuş avanqard janrında əsərlər də az deyil.
   
   Faciənin daş əksi
   
   Xocalı faciəsi ilə bağlı ən böyük abidə Bakıdakı Xocalı prospektində, \"Xətai\" metro stansiyasının yaxınlığında ucaldılıb. Abidənin müəllifləri - heykəltəraş Teymur Rüstəmov, atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovdur. Abidənin açılış mərasimi 2008-ci ildə olub. Ondan öncə isə həmin yerdə 1993-cü ildə ucaldılmış başqa bir monument dayanırdı. Həmin abidə tələsik hazırlanmışdı və sənətkarlıq baxımından o qədər də uğurlu deyildi. Buna görə də onu dəyişmək barədə qərar qəbul edildi. Yeni abidə ölçüsünə görə də əvvəlkindən fərqlənir. Əgər köhnə abidənin hündürlüyü 4 metr idisə, indi abidə postamenti ilə birlikdə 9 metrdir. Heykəlin hündürlüyü isə 3 metr 20 santimetrdir. Yeni layihənin müəllifləri abidənin əsas kompozisiyasını saxlayıb. Abidədə gənc qadın qucağında öldürülmüş uşaqla təsvir olunub.
   
   Xocalı mövzusunda sərgilər
   
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hər il Xocalı mövzusunda müxtəlif sərgilər, müsabiqələr təşkil olunur. Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov deyir ki, müxtəlif yaş təbəqəsindən olan yaradıcı insanlar mövzuya müraciət edərək dəyərli əsərlər yaradıblar: “Hər il fevral ayında sərgilər, habelə fərdi sərgilər təşkil olunur. Bəzən seçilən dəyərli sənət əsərləri muzeylərə təhvil verilir. Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Xocalı mövzusunda müsabiqə keçiririk. Müsabiqəyə yüzlərlə əsər təqdim olunur. Onların arasından ən yaxşıları seçilərək sərgidə nümayiş olunur. Bununla yanaşı, həmin əsərlərdən ibarət kataloq da nəşr edilir, geniş ictimaiyyətə təqdim olunur. Bu il də Rəssamlar İttifaqı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə müsabiqə keçirir. Müsabiqəyə həm gənc rəssamlar, müxtəlif yaşlarında həm də sənətkarlarımız əsərlər veriblər. Yaxın günlərdə Xocalı faciəsinə həsr olunmuş sərgini açacağıq”.
   
   Xarici ölkələrdə Xocalı abidələri
   
   Zaman keçdikcə Xocalı mövzusuna həsr olunmuş əsərlərin sayı artır. Bu sənət əsərləri Azərbaycan Respublikasının müxtəlif ölkələrindəki səfirliklərinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə, sərgilərdə Xocalı həqiqətlərindən “danışır”, bu faciənin anlarını dünya ictimaiyyətinə tanıdır. Bu gün bir sıra ölkələrdə Xocalı faciəsinə həsr olunmuş abidələr də ucaldılır. Məsələn, Hollandiyanın Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb. Almaniyanın paytaxtı Berlin şəhərində Şteqlits-Selendorf inzibati dairəsində 1892-ci ildə yaradılmış məşhur Qotfrid-Benn kitabxanasının həyətində “Xocalı” abidəsi var. Abidənin ucaldılmasının təşəbbüskarı Salxab Məmmədov, Akif Əsgərov, Əli İbadullayev və əsərin həmmüəliflərindən biri, Almaniyada yaşayan görkəmli azərbaycanlı rəssam və heykəltəraş İbrahim Əhraridir. Türkiyədə də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə var.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar