Xalçalarda nəsillərin bir-birinə ötürdüyü kodlaşmış ornamentlər, xalqın təfəkkürü və itmiş tarix gizlənir
Məmmədhüseyn Hüseynov özünəməxsus yaradıcılığı olan xalçaçı rəssamlarımızdan biridir. Xalça sənətini müqəddəs hesab edən rəssam illərdir ki, bu sahədə axtarışlar aparır, sənətin sirlərini öyrənir. Yaradıcılığında tarixi süjetli xalçalar, semantik simvolik işarələrlə tərtib olunmuş kompozisiyalar başlıca yer tutur. Həndəsi və nəbati yöndə böyük layihələri olsa da, onların həyata keçirilməsi üçün maliyyə vəsaitinin tələb olunduğunu bildirir.
Rəssamın 28 kompozisiyadan ibarət Məkkə-Mədinə məktəbinə aid “Sufi” adlı xalçası, “Xeyir və şər” kompozisiyası özünəməxsusluğu və sirliliyi ilə diqqəti cəlb edir. Hələ tamamlamadığı “Azərbaycan oğuz dünyası” adlı xalçası isə tariximizə aid qiymətli bir xalça olacaq. Bu xalçada süjet xətti ilə yanaşı Gəmiqaya, Qobustan və Abşeronda olan bəzi tarixi abidələr kodlaşdırılmış şəkildə əks olunacaq.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov milli xalçalarımızın keyfiyyətindən, gözəlliyindən və tarixiliyindən söz açdı.
...Yol...
Məmmədhüseyn Hüseynov 1967-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olub. Neftçaladakı 8 illik rəssamlıq təmayüllü məktəbdə təhsil aldıqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq bölməsini bitirib.
Hərbi xidmətdən sonra iki il Leninqrad (Sankt-Peterburq) şəhərində Rəssamlıq Akademiyasının hazırlıq kursunda təhsil alıb. Bu müddətdə şəhərdəki muzeylərdə Azərbaycan xalçaları, miniatürləri ilə yaxından tanış olub. Özü demişkən, məhz bu sənət əsərləri ilə tanışlıqdan sonra qərara alıb ki, xalçaçı-rəssam olsun.
1990-cı ildə məlum hadisələrlə bağlı vətənə dönən Məmmədhüseyn həmin il Azərbaycan Dövlət İncəsənət İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. Bu təhsil ocağında xalça sənətinin ustadı Lətif Kərimovdan cəmi bir il dörd ay dərs alsa da, bu müddət onun həyatında silinməz izlər buraxıb...
- ...Lətif Kərimovun xalça sənətində bizə miras qoyub getdiyi yol çoxşaxəli yoldur. Onun kitablarını oxuyanda çoxlu elm koridorları görürsən. Hansı araşdırıcı hansı yolla getsə, mütləq nəyə isə rast gələcək. Xalçaçı rəssam kimi mən də xalçanın texnologiyasını, sirlərini öyrənə-öyrənə başa düşdüm ki, bu sənəti öyrənmək azdır, bu sənətdə mütləq müəyyən biliklərə yiyələnməlisən. Xalça sənəti bizim ornamental mədəniyyət və tarix kitabəmizdir. Zaman keçdikcə yazılı ədəbiyyatda belə nəyi isə dəyişmək mümkündür, amma xalça sənəti elədir ki, hər hansı tarix, yazı, hadisə ornament şəklində, bir növ kodlaşmış formada xalçada əks olunur. Əgər bu gün qədim xalçaların üzərindəki ornamentləri insanlar oxuyub başa düşsəydi, tariximizə daha dərindən bağlanardılar.
Böyük sənətkarımız Lətif Kərimov həmişə deyərdi ki, mən öz sənətimi, tarix və ədəbiyyatı kamil bilirəm. Onun yanında bir il olmaq kifayət idi ki, xalçaçılıq sənətinə ürəkdən bağlanasan, bu sənəti sevəsən. Xalçaçı rəssam kimi mən bu yolla yetkinləşməyə doğru gedirəm. Hər hansı bir ornamentin və ya hər hansı bir kompozisiyanın üzərində işləyərkən mütləq onun tarixini, etnoqrafik xüsusiyyətlərini öyrənirəm.
Xalça sənətinin sirri
- Xalça sözünün mənası xallı yer, xallı çəmən deməkdir. Eyni zamanda şifahi xalq ədəbiyyatında, türk etnoqrafik mənbəyində xalı sözünün mənası “qala-qalan” deməkdir. Bu xalçalarda nəsillərin bir-birinə ötürdüyü kodlaşmış ornamentlər, xalqın təfəkkürü, itmiş milli tariximiz gizlənir.
Bu sənətdə o qədər sirlər var ki, onlar açılsa, hər bir adam xalçanı evinin ən qiymətli sərvəti sayar. Bu sirlərdən agah olmaq üçün xalça sənətinin tarixini bilmək lazımdır. Qədim oğuzların həyat tərzində xalçaçılıq əsas sənətlərdən olub. Müqəddəs kitabımız olan “Qurani-Kərim”in “Əl-Rəhman” surəsində belə bir ayə var: “Onlar yaşıl balışlara, incə ilməli, gözəl naxışlı xoflu xalılara söykənmiş olacaqlar...” Deməli, xalça sənəti eyni zamanda göylərdən gələn bir sənətdir. Xalçanın “Türk ilməsi” deyilən bafı həndəsi simmetriya adlanır. Türk bafının ilməsini müasir texnologiyaya, müasir texnikaya tətbiq etmək mümkün deyil. Bu ilmələri yalnız əllə toxumaq mümkündür. Necə ki, elə kitablar var ki, onu tərcümə etmək mümkün olmur, onun müqəddəsliyinə xələl gəlir, xalça sənətinin müqəddəsliyi də bax bundadır.
Xalçaya köçən genetik informasiyalar
Qədimlərdən üzü bu yana Azərbaycanda belə bir ənənə vardı. Uşaq anadan olan kimi adına xalça toxunardı. Onu toxuyan ya ana, ya nənə olardı. Onların toxuduğu xalçalar genetik informasiya şəklində ilmələrə köçürülər, nəsildən-nəslə ötürülərdi. Uşaq həmin xalça üzərində iməklədikcə bədəninə dəyən qıcıqlar, gözünə toxunan rənglər, şüuruna təsir edən müsbət enerji doğulduğu elə, obaya, vətənə, ailəyə bağlılığını şüuruna və genetik koduna hopdurardı. Həmin toxunan xalçaların bəzisi xofsuz, bəzisi xovlu olardı. Yayda, qışda, çöldə-bacada xalçanı beşiyin altına sərərdilər. Bu da uşaqların təhlükəsizliyinə zəmanət verərdi. Çünki nə ilan, nə əqrəb, nə zərərverici həşəratlar xalçanın üstündə hərəkət edə bilmir.
Uşaq böyüyüb yetkinlik yaşına çatanda qızlara və oğlanlara aid xalçalar toxunardı. Kişilərə aid xalçalarda qəhrəmanlıq, nəsil artırma, xeyir, döyüş və ibadət simvolları əks olunardı. Qadınlara aid xalçalarda isə bakirəlik, gözəllik, analıq, nurani-pirani olmaq nişanələri ilə yanaşı, cadugərlik nişanələri ornamentlərdə əksini tapardı. Qız-gəlinlərimiz özləri üçün cehizlik xalça toxuyar, ərə gedəndə özü ilə birlikdə həmin qiymətli sərvəti aparardı. Ona görə də xalça bizim həm mənəvi, həm maddi sərvətimizdir.
Zaman-zaman toyluq, hədiyyəlik, eyni zamanda ölümlük xalılarımız da olub. Ölümlük xalı insanları son mənzilə kimi müşayiət edərmiş. Dəfndən sonra xalçanı yuyar, məscidlərə və yaxud da mərhumun ailəsinə verərdilər. Ölümlük xalıların simvolları, rəng koloriti fərqliliyi, mürəkkəbliyi ilə seçilərdi.
“Oxunan xalçalar”
Belə hesab edirlər ki, xalça sənətinin himayəçiləri peyğəmbərlərdir. Çünki İbrahim peyğəmbər Allah yolunda oğlunu qurban kəsərkən Yaradan bu qurbanı qoyun qurbanı ilə əvəz edir. Xalça da bu heyvanın yunundan toxunur.
Şərqdə xalça sənəti çox xalqlara aid olsa da, bu sənətin əsasən türk xalqına aid olduğunu tarixi mənbələr sübut edir. Dünyada yayılan xalça kompozisiyalarını öyrənərkən maraqlı faktlar üzə çıxır. Azərbaycan xalçasının 28 kompozisiya quruluşu var. 28 növ kompozisiya öz növbəsində 28 hissəyə, hər hissə də sağ və sol qanada ayrılır. Hər qanad 28 məfhumu ifadə edir. Həmin məfhum isə 28 rəmzi ifadə edir. Hər rəmz də xüsusiyyətinə görə dörd ünsürü - od, hava, torpaq, su ünsürünü tamamlayır. Deməli, bizim xalçaların elementləri yüklüdür, kodludur. Əsasən də türklərə məxsus olan ornamentlər naxışların yaddaş məfhumudur. Həmin yaddaş məfhumunu oxumaq üçün mütləq tarixi, etnoqrafiyanı bilmək lazımdır.
Xalça 40-a yaxın xəstəliyi müalicə edir
- Bizdə xalçaları adətən məişət nöqteyi-nəzərindən təbliğ edirlər. Ancaq bu heç də belə deyil. Mənim öz araşdırmalarıma görə, xalça 40-a yaxın xəstəliyi müalicə edir. Xalçanın toz sormaq qabiliyyəti var. Türk ilməsinin-bafının bir ucu mənfi, bir ucu müsbətdir. Biz həmin ilməyə mikroskop altında baxsaq, həmin tüklərin içərisində kanal görərik. O borucuğun içərisi spiralvaridir. Həmin ilmələr ətrafda olan mənfi enerjini, evdəki kədəri, gərginliyi və yaxud da sevinci sormaq qabiliyyətinə malikdir. Xalça o enerjini sorur, ərişlərə dolanan yerdən həmin enerji keçib geri qayıda bilmədiyindən orda qalıb kristallaşır. Ona görə də bizim ulu əcdadlarımız Qubada, Şirvanda, Qarabağda xalçanı ildırımlı havada şimşək çaxanda, göy guruldayanda çayda yuyarlarmış. Onlar fizikanın qanunlarını bilməsələr də, təbiəti hiss edərlərmiş. İldırımlı havada o kristallar parçalanar, axar su insanın xalçaya hopan xəstəliyini, mənfi enerjini yuyub apararmış. Ona görə də xalçaya canlı varlıq kimi yanaşmaq lazımdır.
Azərbaycan xalçasının özəllikləri
Azərbaycan xalçası həm texnoloji xüsusiyyətlərinə, həm rəng, həm də ornament xüsusiyyətinə görə Bakı, Təbriz, Quba, Şirvan, Qarabağ, Gəncə-Qazax klassik xalça məktəblərinə bölünür. Hər məktəbin özü isə qruplara, tiplərə, məntəqələrə, ocaqlara ayrılır. Bu da xalça sənətimizin zənginliyindən irəli gəlir. Bizim xalçaları fərqləndirən onun keyfiyyəti, gözəlliyi və tarixiliyidir. Bu gün dünyada ən məşhur xalçalar elə Azərbaycan xalçalarıdır.
Təranə Vahid