Səhnə arxasında qalanlar
        
   Teatrda zaman və məkan xüsusiyyətləri tamaşanın bədii obrazı ilə ifadə olunur. Tamaşanın obrazını isə rənglər, dekorasiya, işıqlar, aktyorların kostyumları, səhnədəki əşyalar və s. yaradır. Teatr səhnəsində rəssam və rejissor işi vəhdət təşkil etməlidir. Bədii tərtibat tamaşanı baxımlı edir, ona emosiya, bədii ifadə və özünəməxsusluq verir. Tamaşanın ərsəyə gəlməsində hər bir dövrə uyğun dekorasiyanın hazırlanması vacib şərtlərdən biridir. Bu baxımdan səhnə əsərinin uğurlu alınmasında tərtibatçı-rəssamın üzərinə böyük məsuliyyət düşür.
   
   “Səhnə arxasında qalanlar” rubrikasında budəfəki qonağımız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluş hissə müdiri İlham Elxanoğludur.
   İlham Elxanoğlu rəssamlığa erkən yaşlarından həvəs göstərib, sonralar qədim milli geyimlərimizə marağı xüsusilə artıb. 1997-ci ildən teatrda çalışır. İlk olaraq səhnə geyimləri üçün tikiş sexindən fəaliyyətə başlayır, bir il sonra bacarığı və gözəl əl qabiliyyəti sayəsində bədii quruluş hissə müdiri vəzifəsinə təyin olunur. İstedadı ona uğur gətirir. Ali təhsil alır. Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya, daha sonra dram rejissorluğu fakültəsini bitirir.
   Teatrın səhnəsində qoyulan bir sıra tamaşaların rəssamı olan İlham Elxanoğlunun rejissor kimi ilk işi 2006-cı ildə J.Koktonun “İnsan səsi” əsəri əsasında hazırlanan tamaşa olub. 2007-ci ildə böyük mütəfəkkir M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasına quruluş verib.
   Rəssam qədim milli geyimlərimizi hazırlamaqdan böyük zövq aldığını bildirir. Deyir ki, teatra yeni gəldiyi vaxt B.Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərinin tamaşası hazırlanırdı. Geyimlərin dizaynı və hazırlanmasında bəzi problemlər var idi. Bu tamaşa üçün böyük həvəslə geyimlər hazırlaması, tamaşanın uğurlu alınması bu gün onu çox sevindirir.
   İndiyədək bir çox səhnə əsərlərinin hazırlanmasında iştirak edib. Milli Dram Teatrında çalışmaqla yanaşı, 1998-ci ildə Musiqili Komediya Teatrında səhnələşdirilən Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasında kişi geyimlərinin modelçi-rəssamı kimi işləyib. Dahi Bülbülün 100 illik yubiley tədbirinin dekorasiyasının yaradılmasında əməyini əsirgəməyib. Teatrın baş rəssamı Nazim Bəykişiyevin müəllifi olduğu muğam festivalı üçün hazırlanan “şəbəkə” dekorunun (müəllif Milli Dram Teatrının baş rəssamı Nazim Bəykişiyev) hazırlanmasında iştirak edib.
   Teatrın bədii quruluş hissəsinə aid olan sahələri sadalayan İlham müəllim buraya işıq, musiqi , səhnə quraşdırma, geyim, qrim, əlbəsə, butafor, dekor rəssamları, tikiş və xüsusi geyimlərin təmiri və təmizlənməsi sexinin aid olduğunu bildirir: “Rejissor tamaşanı hazırlamazdan əvvəl bədii şurada eskizlər müzakirə edilir. Bu zaman istər geyim, istərsə də səhnə üzrə müzakirə və məsləhətlər olur. Quruluş hissə müdiri, rəssamlar və rejissor öz aralarında razılığa gəldikdən sonra istehsalata başlanılır və bundan sonra quruluş hissə müdiri bu eskizlər üzərində ümumi işə başlayır. Bir tamaşanın tərtibatı ən tez bir ay müddətinə, tarixi əsərlərdə isə texniki hazırlığından asılı olaraq 2-3 ay müddətinə ərsəyə gəlir”.
   Rejissorla rəssamın obraza baxışındakı fərqliliyə münasibət bildirən həmsöhbətim qeyd edir ki, rejissor obrazın daxili aləmini görə bilir, rəssam isə tamaşanın rəngarəngliyini görür: “Quruluş hissə müdirində rəssamlıq qabiliyyəti olmalıdır. O, səhnəni görməyi bacarmalıdır. Hansı teatrın ki, bədii quruluş hissəsi zəifdirsə, o teatrın geyim və dekorasiyası da zəif olacaq. Eskizlərdə ən xırda detalları belə canlandırıb səhnəyə gətirmək çox çətin və məsuliyyətli bir işdir. Baxmayaraq ki, dram rejissorluğu üzrə təhsil almışam, amma bu gün quruluş hissə müdiri kimi öz işimdən böyük zövq alıram və bu işi çox dəyərləndirirəm. Ən maraqlısı isə bundadır ki, tamaşa ərsəyə gələndən sonra insan öz işindən nə qədər böyük zövq aldığının şahidi olur və yeni tamaşaya enerji toplayır”.
   Səhnə geyimləri çox fərqli xüsusiyyətə malikdir. Bəzən reallıqda gözəl görünən geyim səhnədə, işıqların altında öz effektini itirə bilir. Buna görə də hazırlanan geyimlər tamaşadan əvvəl geyim yoxlanışından keçir və eskizlərlə eyniləşdirilməsinə diqqət yetirilir, lazım gələrsə, bəzi dəyişikliklər edilir: “Teatrın bütün sahələrində olduğu kimi, bu gün bizim işimizdə də böyük irəliləyişlər var. Əvvəllər bir pərdənin hazırlanmasına nə qədər əmək sərf olunurdusa, bu gün müasir texniki imkanlarla bu iş qısa zaman müddətində düzülüb-qoşulur. Teatrımızda bədii quruluş sahəsinə xüsusi diqqət göstərilir. Köhnə dekorasiya və geyimlərdən artıq istifadə olunmur. Hər bir tamaşanın özünəməxsus dekorasiya və geyimləri hazırlanır və bu cəhətdən heç bir sıxıntımız yoxdur. Misal üçün, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında “Qarabağnamə” tamaşası hazırlanarkən bütün geyim və materiallar Türkiyədən gətirildi. Son illər çox gözəl geyim və əlbəsələr yaranır. Əlbəsə seximizi zənginləşdirməyə çalışırıq. Təmirdən sonra bizə elə bir şərait yaradılıb ki, bütün potensialımızı burada nümayiş edə bilirik. Bu təkcə səhnə ilə bitmir, səs və işıq avadanlıqları da yüksək səviyyədə təşkil olunub. Bu səbəbdən biz də çalışırıq ki, öz işimizdə hər bir nüansa xüsusi diqqət yetirək. Amma düşünürəm ki, teatr nə qədər müasirləşsə də, öz tarixiliyini qorumalıdır. Rejissorlara həmişə deyirəm: ”Tamaşa başlamazdan əvvəl mütləq pərdələri bağlı saxlayın. Çünki tamaşaçı səhnəyə sirli məkan kimi baxmalıdır”.
   
   Lalə Azəri