Fevralın 24-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Xocalı faciəsinin iyirminci ildönümünə həsr olunmuş “Unudulmayan tarix” respublika müsabiqəsinin yekun sərgisi açıldı.
   
   Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov müsabiqə haqqında məlumat verdi. Qeyd olundu ki, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunan sərgi-müsabiqə Xocalının işğalı zamanı törədilmiş soyqırımı faktlarının təsviri və dekorativ sənət əsərləri vasitəsilə ifadə edilməsi, əsrlər boyu başımıza gətirilən faciələrin, soyqırımı faktlarının bədii təcəssümü, eyni zamanda xalqımızın Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə keçirilir.
   İlk turun başa çatdığını vurğulayan F.Xəlilov sərgidə 124 əsərin nümayiş olunduğunu diqqətə çatdırdı: “Ötənilki sərgidə 80 rəssam iştirak edirdi. Bu il iştirakçıların sayı 110-a çatıb. Birinci tur artıq başa çatıb. Sərgidə nümayiş olunan əsərlərin içindən də ən yaxşıları seçiləcək. Həmçinin müsabiqəyə təqdim olunan əsərlərin kataloqu da hazırlanacaq”.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan dövlətinin Xocalı faciəsinə beynəlxalq aləmdə hüquqi-siyasi qiymət verilməsi istiqamətində böyük işlər gördüyünü nəzərə çatdırdı: “Xocalıda baş verənlər gerçək bir soyqırımıdır. Gəncləri, rəssamlıqda yeni addımlar atan rəssamları, professional rəssamları bu müsabiqəyə cəlb etməkdə bir ali məqsəd var: Azərbaycan həqiqətlərini, Xocalı həqiqətlərini dünyaya çatdırmaq. Sərgidə nümayiş olunan əsərlərdə Xocalı həqiqəti yaşayır. İldən-ilə sərgi-müsabiqədə həm iştirakçıların, həm də əsərlərin sayı artıb”.
   Nazir müavini müsabiqədə 35 mükafatın nəzərdə tutulduğunu bildirdi: “Mükafata layiq görülüb-görülməməsindən asılı olmayaraq hər bir əsər tariximizi yaşatmaq baxımından qiymətlidir. Xalqın genetik yaddaşında iz buraxmış faciə mövzusunda hər rəssam bir deyil, onlarla əsər yarada bilər, çünki Xocalı faciəsinə zaman keçdikcə baxış bucağı, yanaşma tərzi müxtəlifləşəcək”.
   Sonra sərgiyə baxış oldu. Sərgidə 110 rəssamın 58 boyakarlıq, 4 plakat, 4 tətbiqi sənət, 18 heykəl, 30 qrafika, 3 foto işi nümayiş olunur.
   Sərgi-müsabiqədə qalib gəlmiş rəssamlara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən heykəltəraşlıq, rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və müasir incəsənət (fotoart və videoart) nominasiyaları üzrə mükafatlar təqdim ediləcək. Müsabiqənin şərtlərinə əsasən, hər biri 1 mükafat olmaqla ən yaxşı heykəltəraşlıq əsərinə görə 5.000 manat, ən yaxşı rəngkarlıq əsərinə 4.000 manat, ən yaxşı qrafika əsərinə 2.500 manat, ən yaxşı dekorativ-tətbiqi sənət əsərinə 2.500 manat və ən yaxşı müasir incəsənət (fotoart, videoart) əsərinə görə 1.000 manat pul mükafatı nəzərdə tutulub. Bundan əlavə, bütün nominasiyalar üzrə fərqlənənlərə 25 həvəsləndirici mükafat, diplom və 500 manat pul mükafatı təqdim olunacaq.
   
   Ceyhun