Fevralın 24-də “LN Art Centre” qalereyasında “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirildi. 
   “LN Art Centre” və “Zirvə” ziyalı təşkilatının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə çıxış edən qalereyanın direktoru Natəvan Hüseynova bu faciəni gələcək nəsillərə olduğu kimi çatdırmağın vacibliyini vurğuladı: “Bu gün qalereyada rəsmləri təqdim olunan uşaqların hər birinin gözündə bu faciə müxtəlif formada təzahür edir. Uşaqlarımız xalqımız, vətənimiz, torpağımız uğrunda həmişə mübariz olmalıdırlar. Azərbaycanın gələcəyi, müstəqilliyi onların əlindədir”.
   Daha sonra tədbirdə “Zirvə” ziyalı təşkilatının nümayəndələri çıxış etdilər. Məşhur milyonçu mesenat Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva Xocalı faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini bildirdi, faciənin qurbanlarının unudulmaması, bu dəhşətli tarixin dünyaya yayılması üçün hər birimizin üzərinə vətəndaşlıq borcu düşdüyünü qeyd etdi.
   Daha sonra Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov faciəyə həsr olunmuş kompozisiya ilə çıxış etdi.
   Çıxışlardan sonra sərgiyə baxış keçirildi və rəsmləri nümayiş olunan uşaqlara sertifikatlar təqdim olundu. Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Sarayından Elçin Cəfərli, Leyla Mirişova, Aysel Urmantseva və digərlərinin rəsmləri böyük maraqla qarşılandı.
   
   Reyhan