Azərbaycan Milli İncəsənət Muzeyində sərgi
   
   Martın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Fransa inciləri. Fransız incəsənəti Renessansdan bu günədək” mövzusunda sərgi açılacaq.
   
   Fransanın Mədəniyyət və Rabitə nazirlikləri və bu ölkənin Dövlət Muzeyləri Birliyi-Böyük Saray tərəfindən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakıdakı Fransa İnstitutu, Fransa Milli Kitabxanası, Milli Mebel və Milli Qobelen, Bove və Savonri manufakturaları və Musiqi Şəhərciyi və TOTAL şirkəti ilə sıx əməkdaşlıq şəraitində təşkil olunan sərginin eksponatlarının mühüm hissəsini Versal sarayının, Luvr və Orse muzeylərinin, Pompidu Mərkəzinin, Fransa Milli Kitabxanasının əsərləri təşkil edir.
   Paris şəhəri də sərgiyə öz töhfəsini verəcək. Burada məşhur Karnavale Muzeyi, Kiçik Saray, Moda və Geyim, Konyak Je və Romantik Həyat muzeyləri öz əsrarəngizliyi ilə seçilən əsərlərini təqdim edəcəklər.
   Sərginin mövzusunu daha da zənginləşdirmək və eyni zamanda fransız mədəni irsinin mühüm tərkib hissəsi olan əyalət muzeylərini də tanıtmaq məqsədilə qiymətli kolleksiyaya malik Nant, Kann, Ruan, Amyen, Strasburq, Reyms, Bezanson, Dijon, Lion, Qrenobl, Perpinyan, Monpelye, Eks-an-Provans, Nitsa, Ayaçço və digər şəhərlərin muzey eksponatlarından da nümunələr sənətsevərlərin ixtiyarına veriləcək.
   Sərgidə Fransanın sənət adamlarının yüksək yaradıcılıq ənənələri, ideyaları, zövqləri müxtəlif texnikalara malik xalçaçılıq, təsviri incəsənət nümunələri, dekorativ sənət əşyaları, qravüra və fotoşəkillər vasitəsilə təqdim ediləcək. Sərgi Fransanın bütün dünyada şöhrət tapmış zəngin mədəniyyətini nümayiş etdirməklə bərabər, onun qədim tarixinə də bir səyahətdir. Xronoloji ardıcıllıqla təqdim olunan eksponatlar Renessansdan bu günədək fransız mədəniyyətinin inkişafını izləmək imkanı verəcək.
   Azərbaycanın mədəni həyatında böyük iz qoyacaq bu sərgidə sənətsevərlər ilk dəfə Fransanın ən məşhur sənət korifeyləri olan Pussen, Qryoz, İnqr, Deqa, Brak, Otonyel, Roden kimi sənət ustalarının boyakarlıq və heykəltəraşlıq əsərlərini, incəsənət əşyalarını, qobelen və qravürları bir yerdə görə biləcəklər. Ekspozisiyada nümayiş olunan, janr və mövzu genişliyi, tarixiliyi ilə diqqəti cəlb edən 500-ə yaxın əsər içərisində fransız təsviri sənətində tanınmış müasir gənc rəssam və heykəltəraşların əsərləri də yer alıb.
   Sərgi mayın 6-dək davam edəcək.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar