Martın 24-25-də Tbilisidə rəqs üzrə III Beynəlxalq olimpiada keçirilib. Tədbir Tbilisi meriyası, Gürcüstan Müasir Estrada Federasiyası və digər təşkilatların dəstəyi ilə gerçəkləşib.
   
   42 nominasiya üzrə rəqs kollektivinin yarışmasında Bakının “Nero” rəqs qrupu “Strit Dans Şou” nominasiyasında birinci yeri tutub. Qeyd edək ki, ölkəmiz rəqs olimpiadasında ilk dəfə təmsil olunub.
   Azərbaycanlıların Marneulidəki mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupunun olimpiadada çıxışı da uğurlu olub. Qrup xalq rəqsləri nominasiyasında “Yallı” rəqsinə görə 1-ci, “Tərəkəmə” rəqsinə görə isə 2-ci yerə layiq görülüb.
   Olimpiadanın yekun konsertində hər iki qrupun çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Tahir Eynullayevin ifa etdiyi “Məzəli”, “Nero” rəqs qrupunun “Sarı gəlin” rəqsi əsasında hazırlanmış “Emporio” kompozisiyası, “Sarvan” folklor rəqs qrupunun ifa etdiyi Azərbaycan və gürcü rəqsləri tamaşaçıları heyran edib.
   Gürcüstanın Müasir və Klassik Rəqslər Federasiyasının prezidenti Valentina Kuzmidi bildirib ki, bu il üçüncü dəfə keçirilən beynəlxalq olimpiadada iştirakçıların sayı min nəfəri keçib: “Tədbirdə azərbaycanlı dostlarımızın da iştirakı və elə ilk çıxışda da birinci yeri tutmaları bizi çox sevindirib. Biz Azərbaycanı çox sevirik. Bu olimpiadada azərbaycanlılar çox maraqlı çıxışları ilə fərqlənmişlər. Bu münasibətlə onları bir daha təbrik edirəm”.