Rəqs sənətimizin tanınmış simaları bu günün ölkəmizdə də geniş qeyd olunmasını istəyirlər
   
   Rəqs insana psixoloji və mənəvi rahatlıq verir. O, sadəcə, musiqinin müşayiəti ilə hər hansı hərəkətin ifası deyil, əslində həyatın əksidir. Bu hərəkətlərlə insanlar bir çox məqamları izah edə və ya içindəkiləri göstərə bilərlər.
   
   Hər rəqs özündə bir mənanı, tarixi, incəsənəti yaşadır. Biz rəqs vasitəsilə həm tarixi, incəsənəti öyrənir, həm də mənəvi zövq alırıq. Amma bir çoxları bunun mahiyyətinə varmır. Əgər qədim zamanlarda rəqslər Allaha sitayiş, onun xeyir-duasını almaq mənası kəsb edirdisə, müasir mədəniyyətdə rəqslər daha çox əyləncə sahəsinə aid edilir.
   Hər xalqın özünəməxsus rəqs mədəniyyəti var. Azərbaycanın milli rəqsləri də qədim köklərə bağlanıb, özündə zəngin tarixi yaşadır.
   Dünyanın bir çox ölkələrində rəqs sənətinin tarixinə, onun yaşadılmasına böyük önəm verilir. Hər il 29 aprelin “Beynəlxalq rəqs günü” kimi qeyd olunması buna sübutdur. Bu gün 1982-ci ildə UNESCO-nun qərarı ilə fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (1727-1810) xatirəsinə ehtiram olaraq təsis edilib.
   Bu günü bütün rəqs dünyası - opera və balet teatrları, müasir rəqs truppaları, xalq və müasir rəqs ansamblları, peşəkar və özfəaliyyət artistləri bayramı kimi qeyd edirlər. Azərbaycanda da “Beynəlxalq rəqs günü”nün geniş qeyd olunması bu sənətdə çalışan hər kəsin arzusudur. Rəqs sənəti nümunələrimizin təqdim olunacağı, rəqssevərləri bir araya gətirəcək günün keçirilməsi həm də milli rəqslərimizin təbliği, gənc nəslin bu xüsusda maariflənməsi baxımından önəmli olardı. Həmsöhbət olduğumuz tanınmış rəqqaslar da bu fikridədir.
   Əməkdar artist, bir çox filmlərdə rəqs səhnələrinin əvəzedilməz ifaçısı Kamil Dadaşov: “Vaxtilə Milli Konservatoriyanın nəzdindəki İncəsənət Gimnaziyasında “Beynəlxalq rəqs günü” qeyd olunurdu. İndi də ayrı-ayrı sənət ocağında bu tarix yada salınır. Xalqımız rəqsi çox sevir, bizim zəngin rəqs sənətimiz var. Amma onu ortalığa çıxarmaq, təbliğ etmək lazımdır. Rəqs tariximizlə öyünməliyik. Ona görə də bu günün geniş qeyd olunmasını istərdik”.
   Rəqqas “Beynəlxalq rəqs günü”nün ayrı-ayrı ölkələrdə sənət bayramı kimi qeyd edildiyini bildirdi: “Kubada, ABŞ-da, Fransada bu günün təntənə ilə keçirilməsinin şahidi olmuşam. Kubada bu günə aylar öncəsi hazırlığa başlayırlar. Bayram üçün lazım olan geyimlər, məkan seçilir. Bu ölkədə rəqs bayramını izləyərkən böyük zövq aldım. Noverin vətəni Fransada da bu gün gözəl qeyd olunur. Bizim də çoxlu rəqs ansambllarımız var. Elə isə bayramın təntənəsi niyə bizdə olmasın? Bütün dünyanın qeyd etdiyi bayramdan gərək kənarda qalmayaq. Bunun üçün vaxtilə respublikamızda keçirilən rəqs festivallarının təcrübəsindən yararlanmaq olar. Həmin festivallara bütün rayonlardan iştirakçılar gəlir və gözəl rəqslər qurulurdu. Bu formatda “Beynəlxalq rəqs günü”nü qeyd edə bilərik. Respublikanın bütün rəqs kollektivlərini dəvət etmək olar. Qoy hər kəs öz rəqsini, məharətini təqdim etsin. İnanın ki, bu hamının çox xoşuna gələr”.
   Müasir rəqqaslardan söz açan sənətkar bir gileyini də bildirdi: “Gənclərin daha çox müasir rəqslərə üstünlük verməsi məni narahat edir. Bizim gözəl rəqs ənənəmiz var. Müasir rəqslə xaricdə uğur qazanmaq mümkün deyil. «Mirzəyi», «Vağzalı», «Qaytağı» kimi lirik rəqslərimiz var. Gərək onları yaddan çıxarmayaq. Rəqsi müasir musiqi ilə deyil, folklorumuzla qurmaq lazımdır”.
   Əməkdar artist Aliyə Ramazanova da həmkarı ilə eyni fikirdədir: “Hələ sovetlər dövründə biz xarici ölkələrdə Azərbaycanın gözəl rəqslərini təbliğ etmişik. Çünki bu bizim milli sənətimiz, mədəni sərvətimizdir. Avropada, Asiyada, ərəb ölkələrində, Afrikada milli rəqslərimizi təbliğ edirdik. Belə bayramların keçirilməsi sevindirici haldır. Arzu edərdim ki, bizdə “Beynəlxalq rəqs günü” sənət bayramı kimi qeyd olunsun, rəqslərimiz nümayiş olunsun. Əvvəllər festivallar zamanı yaşlı və güclü baletmeysterlər öndə olmaqla çoxlu özfəaliyyət dərnəkləri bir araya gəlirdi. Bir neçə ay məşqlər keçirilirdi. Festival zamanı rəqs kollektivləri şəhərimizin müxtəlif yerlərində - Füzuli meydanında, İçərişəhərdə Qoşa qala qapılarında çıxış edirdi. Milli rəqslərimizin yaşaması, təbliği üçün belə bayramlara, günlərə ehtiyac var”.
   Müasir dövrdə texnika ilə qurulmuş rəqslərə üstünlük verildiyini bildirən A.Ramazanova xarici rəqslərə marağın artmasının xoşagəlməz hal olduğunu bildirdi: “Rəqslərdə milli kolorit getdikcə azalır. Tariximizi saxlamaq istəyiriksə milli rəqslərə, milli koloritə fikir verməliyik. Bu işdə məsuliyyətli olmaq lazımdır. Biz saatlarla konsert verir və yoruldum demirdik. Yorğun olduğumuzu yalnız evə çatanda hiss edirdik. Heç bir bayramı evdə televizor qarşısında keçirmirdim. Bütün bayramlarda insanların içində olur, onlara milli rəqslərimizi təqdim edirdik. Müasir rəqqaslarımızın da bu qədər cəsarətli olmalarını arzulayıram”.
   
   Gülər






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar