İşğal öncəsi muzeyin Şuşa filialından fədakarlıqla xilas olunmuş eksponatların sərgisi
   
   Mayın 4-də L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı «Şuşa səsləyir» adlı tədbir keçirildi.
   
   Tədbir iştirakçılarına 1992-ci ildə şəhərin erməni qüvvələri tərəfindən işğalından öncə muzeyin Şuşa filialından fədakarlıqla xilas olunmuş eksponatlardan ibarət “Şuşanın sənət inciləri” sərgisi təqdim olundu. Sərgidə XIX-XX əsrin əvvəllərinə aid «Bağçadagüllər», «Ləmpə», «Atlı-itli», «Buynuz», «Xanlıq, «Balıq», «Açma-yumma», «Bəhmənli», «Malıbəyli», «Qasımuşağı», «Şuşa», «Şabalıd buta» kimi xovlu xalçalar, xalça məmulatları, tikmələr, geyimlər, zərgərlik nümunələri nümayiş etdirilir. Sərgi iştirakçıları həmçinin əjdaha təsvirli «Vərni» xalçasının toxunma prosesi ilə də tanış oldular.
   Tədbirdə çıxış edən muzeyin direktoru Röya Tağıyeva 20 il öncə Şuşa filialından eksponatların çıxarılmasından danışdı. Bildirdi ki, muzey işçilərinin fədakarlıqları sayəsində bu nümunələri qorumaq mümkün olub: “1992-ci ildə erməni işğalı ərəfəsində Şuşa muzeyləri arasında yalnız Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı öz eksponatlarını tam olaraq xilas edə bilib. Muzey əməkdaşlarının fədakarlığı nəticəsində XIX-XX əsrlərə aid olan 200-dən çox xalça və xalça məmulatı, 30-a yaxın bədii tikmə və geyim, 40-a yaxın zərgərlik məmulatı xilas edilib. Əməkdaşlarımız bu eksponatları xilas etmək üçün həyatlarını təhlükə altına atıblar. Muzey sərvətlərinin qorunub saxlanması, təbliği həm fədakarlıq, həm də sevgi tələb edir. Bu fədakarlıq sayəsində bu gün Şuşa mədəniyyətinin, xalçalarının bu zəngin nümunələrini geniş ictimaiyyətə təqdim edə bilirik”.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev də sərgidə nümayiş olunan eksponatları vaxtında Şuşadan çıxaranları fədakar adlandırdı: «Şuşa vuruşub, uzun müddət atəş altında qalıb. Və bu ağır günlərdə insanlar mədəni irsimizin xilası üçün əllərindən gələni ediblər. Şuşa bizim mədəniyyət mərkəzimizdir. Bu gün burada sərgilənən eksponatları vaxtilə Şuşadan çıxaran insanlar əsl fədakarlıq göstəriblər. Vaxt gələcək, bu eksponatlar yenə Şuşada sərgilənəcək».
   Muzeyin Şuşa filialının direktoru Hicran Əliyeva ötənləri yada saldı: «1989-cu ildən filiala rəhbərlik etmişəm. Şuşaya gələn turistlər muzeyə baxmamış oranı tərk etmirdilər. İşğal zamanı Şuşadakı evimdən heç nə çıxarmamışam. Amma muzeydəki eksponatları xilas etməklə tariximizi, irsimizi bu gün, gələcək nəsillər üçün saxlaya bildik”.
   Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun böyük məsləhətçisi Əli İsmayılov bildirdi ki, sərgilənən eksponatlarda xalqımızın mədəni irsi əks olunub: «Azərbaycanın qədim mədəni sərvətlərinin qorunmasında iştirak edən insanların xidməti əvəzsizdir. Çünki bu eksponatların dəyəri böyükdür, onlarda xalqımızın mədəni irsi yaşayır. İşğal altındakı torpaqlarımızda mədəni abidələrimizi erməniləşdirirlər. Bu eksponatlar isə bizim Qarabağdakı, Şuşadakı zəngin irsimizi dünyaya sübut edir».
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Vilayət İsmayılov da çıxış edərək, nümayiş olunan eksponatların əhəmiyyətindən danışdı.
   Tədbirdə daha sonra muzeyin uşaq teatrının ifasında «Vərni» xalçasına həsr olunmuş musiqili tamaşa, Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında Şuşaya həsr olunmuş kiçik tamaşa təqdim olundu.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar