Çadırda toy: müasir şəhər həyatının kölgəsində qorunan ənənələrin rəngli görüntüləri
   
   Mayın 16-da Hollandiyada “GRİD-2012” Beynəlxalq Fotoşəkil Biennalesi açılıb. İyulun 1-dək davam edəcək biennaledə ilk dəfə olaraq Azərbaycan da təmsil olunur. Sənət meydanına yeni qədəm qoyan fotoqraf İlkin Hüseynov “YARAT!” qeyri-kommersiya təşkilatının dəstəyi ilə beynəlxalq sərgidə sənədli fotolarının yeni silsiləsini təqdim edib. “YARAT!” təşkilatından bildiriblər ki, beynəlxalq sərginin kuratoru 2011-ci ildə 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonunun həmkoordinatoru olmuş Suad Qarayevadır.

   İlkin Hüseynovun fotoşəkillərində Bakının Nardaran qəsəbəsində keçirilmiş toy mərasimindən çəkilən kadrlar əks olunub. Nardaran qəsəbəsi özünəməxsus adət-ənənələri ilə tanınır. Əsrlər boyu formalaşan ənənələr, məsələn, kişilər və qadınlar üçün ayrıca təşkil olunan toy mərasimləri indiyədək qorunur və bu, nardaranlıları qonşu kəndlərin əhalisindən fərqləndirən cəhətdir. Odur ki, fotoqrafın işlərində mühafizəkar, lakin hər şeyə rəğmən inadla qorunan şəhər reallıqlarına özünəməxsus baxış təqdim edilir.
   “GRİD-2012” Beynəlxalq Fotoşəkil Biennalesində İ.Hüseynovun Nardaranda kişi toyu mərasimindən çəkdiyi 11 şəkil nümayiş olunur. Ənənəvi xeyir-şər mərasimləri sırf bu məqsədlə qurulmuş çadırlarda təşkil olunur; bu çadırlar yalnız yas və toy mərasimlərinin keçirilməsi üçün istifadə edilir. Bəşər övladının həyatında baş verən iki əsas hadisənin çadırlar vasitəsilə müəyyən mənada qovuşması çox zaman məşğul və kosmopolit şəhər həyat tərzinin kölgəsində qalan fərdi və sosial ünsiyyət təməllərinə qayıdış prosesini canlandırır.
   Sərginin kuratoru Suad Qarayeva məşhur alman ekzistensialist-filosofu Martin Haydeqqerin “Yaşamaq məskunlaşmaq deməkdir” konsepsiyasına istinadən deyib: “Biz çadırın təməl məskunlaşma məkanı kimi vacibliyini vurğulamaq məqsədilə işləri məhz şəkillərin çəkildiyi çadırda nümayiş etdirmək qərarına gəldik. İ.Hüseynovun müasir şəhər mühitinə daban-dabana zidd olan installyasiyası şəhər həyatının fərqli aspektləri üzərində dərindən düşünmək üçün imkan yaradır”.
   * * *
   Qeyd edək ki, təməli 2011-ci ildə Aida Mahmudova tərəfindən qoyulan “YARAT!” qeyri-kommersiya təşkilatı Azərbaycan müasir incəsənətinin milli və qlobal səviyyədə dəstəklənməsi və təbliği ilə məşğuldur. Təşkilatın 2011-ci ilin oktyabrında təşkil etdiyi “Ön söz” adlı ilk sərgini bir ay ərzində 20 mindən artıq tamaşaçı ziyarət etmişdi. Təşkilat bu layihənin uğurunu davam etdirərək 2012-ci ilin fevral ayından Bakıda “012 Bakı Public Art” festivalını keçirir.
   “YARAT!”-ın əsas məqsədi Azərbaycanda və ölkədən kənarda qeyri-kommersiya incəsənət təsisatları ilə dialoqun qurulması və təcrübə mübadiləsinin aparılmasıdır. Təşkilat həmçinin incəsənətlə bağlı təhsil təşəbbüsləri və beynəlxalq proqramları dəstəkləyir.
   Hollandiyada keçirilən “GRİD-2012” Beynəlxalq Fotoşəkil Biennalesində ölkəmizi təmsil edən İlkin Hüseynov Bakıda yaşayır. Son üç ildə sənədli foto ustası kimi tanınıb, bir çox mükafatlara layiq görülüb. Öz işləri vasitəsilə müvafiq tarixçələr nəql etməklə, o, cəmiyyətin etinasız yanaşdığı məsələləri qabartmağa çalışır. 2011-ci ildə İ.Hüseynov “Doğma şəhər” layihəsinə görə Magnum Təsisatının Ehtiyat Fondu tərəfindən təltif olunub. Fotoqrafın işləri “Associated Press”, “InvisiblePhotographer”, “AFP”, “Reuters”, “Yahoo”, “CNN International”, “Globaljournalist” və “Media Paran” agentlikləri tərəfindən dərc olunub. Fotoqraf Manuel Rivera-Ortiz Fondunun təşkil etdiyi Winephoto müsabiqənin finalçısı olub, PowerHouse tərəfindən keçirilmiş kitablar müsabiqəsində ikinci yeri tutub. Bu yaxınlarda o, Roberto Villagraz Təqaüd Proqramının qalibi və World Press Joop Swart Masterclass tədbirlərinin iştirakçısı elan edilib. London fotoşəkil festivalının finalçısıdır.
   Suad Qarayeva Londonda yaşayır. O, Londonun Ali İqtisadiyyat Məktəbinin fəlsəfə və dövlət siyasəti üzrə magistraturasını bitirdikdən sonra aparıcı investisiya banklarında maliyyə vəzifələrində işləyərək uğurlu karyera qurub. Mərkəzi Sent-Martin Kollecində müasir incəsənətin tədqiqi və sonradan Qlazqo Universitetində Kristis Təhsil Proqramı üzrə aktual və müasir incəsənət üzrə magistr dərəcəsini almaqla incəsənət aləminə qədəm qoyub. Hazırda Sotbisdə layihə meneceri işləyir.
   Onu da qeyd edək ki, bu layihə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə həyata keçirilir.