Mayın 29-da Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Abşeron rəssamlıq məktəbinin parlaq novatorlarından olan Cavad Mircavadova həsr olunmuş yaradıcılıq sərgisi açıldı.
   
   Milli İncəsənət Muzeyində keçirilən sərgini muzeyin direktoru Çingiz Fərzəliyev açaraq, sənətkarın həyat və yaradıcılığından danışdı. Qeyd olundu ki, sərgidə tanınmış rəssam, milli mədəniyyətdə nonkonformizmin banilərindən olan Cavad Mircavadovun yaradıcılığı təqdim edilir. Ekspozisiyada sənətkarın əsərləri ilə yanaşı, qədim Azərbaycanın incəsənəti, son illərdə muzeyə daxil olan arxeoloji keramika, metal əşyalar, çeşidli hərb sənəti örnəkləri də nümayiş olunur.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, sənətkarın bütün həyat və yaradıcılığı ölkədə çox sərt ideoloji ehkamların hökm sürdüyü bir dövrə təsadüf edib: “O zamanlar belə ehkamlar nəyin incəsənət olduğu, nəyin isə olmadığı barədə qəti hökm çıxarırdı. Bu cür şəraitdə müstəqil mövqeni qoruyub saxlamaq və seçdiyin sənət yoluna davamlı şəkildə sadiq qalmaq böyük hünər və cəsarət tələb edirdi. Cavadın yaradıcılığı, onun sənəti, obraz və süjetlər aləmi həm çox zəngindir, həm də həyat, ölüm, xeyir və şər, hisslər, qadın və kişi başlanğıcının vəhdəti kimi bəşəri dəyərlər ətrafında cərəyan edir. Sənətkarın əsərlərindəki forma, rəng, ritm, plastika və nəhayət, obrazlar aləmi də eyni emosional təsir gücünə malikdir”.
   Nazir vurğuladı ki, Azərbaycan rəngkarlıq məktəbinin parlaq nümayəndələrindən olan Cavad Mircavadovun əsərlərinə bu gün dünya muzeylərində, şəxsi kolleksiyalarda rast gəlmək olar: “Onun əsərləri dünya rəngkarlıq tarixində layiqli yer tutur. Gələn il sənətkarın 90 illik yubileyi qeyd olunacaq. İnanıram ki, sərgidə nümayiş olunan əsərlər, sənətkarın yaradıcılıq dünyası tamaşaçılarda zəngin təəssürat yaradacaq”. 
 

  Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı Səlxab Məmmədov, Xalq yazıçısı Çingiz Abdullayev rəssamın yaradıcılığından söz açdılar. Qeyd olundu ki, müəllifin tablolarının arxaik monumentallığı bizi ibtidai yaradıcılığın, incəsənətin ilkin dönəminə yönəldir. Bu çağlarda sənət özündə magiya, şamanizm, bədii yaradıcılığın və təsvirin ilkin formalarını cəmləşdirərək yüksək emosional təsirə malik energetik bir varlıq ərsəyə gətirirdi. Sənətkarın əsərləri də belə emosional təsir gücünə malikdir. Onun əsərləri tamaşaçını təkcə seyr etməklə kifayətlənməməyə, eyni zamanda düşünməyə, axtarıb tutuşdurmağa, müəyyən məntiqi ardıcıllıq zənciri qurmağa səsləyir. Belə ardıcıllıq isə ulu keçmişdən bu günə qədər uzanan vahid bir bədii vəhdətin, adı Azərbaycan milli incəsənəti olan yekcins bir xəttin mövcudluğunu nümayiş etdirir.
   Mərasimdə iştirak edən Cavad Mircavadovun həyat yoldaşı Lyuba Mircavadova rəssamın həyat yolundan söz açdı, sərginin təşkilatçılarına minnətdarlığını bildirdi.
   Sonra iştirakçılar sərgi ilə tanış oldular.
   
   Ceyhun Zərbəliyev