Böyük söz ustadı Mirzə Ələkbər Sabirin yaradıcılığı ədəbiyyatşünasların geniş elmi-tədqiqat obyekti olmaqla yanaşı, təsviri sənətdə də geniş əks olunub, şairin şeirlərinə illüstrasiyalar çəkilib.
   
   Biz də şairin 150 illik yubileyi ərəfəsində onun həyat yoluna və əsərlərinə həsr olunmuş tablolara Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevlə birgə nəzər saldıq. Həmsöhbətim bildirdi ki, Sabirin əsərlərinə həsr olunmuş illüstrasiyalar ilk dəfə toplu halında 1914-cü ildə “Hophopnamə” kitabında işıq üzü görüb: “Həmin nəşrə Əzim Əzimzadənin 24 illüstrasiyası daxil edilmişdi. İllüstrasiyalar şairin ən məşhur şeirlərinə çəkilmişdi. 1922-ci ildə xalqın bu nəşrə olan tələbatı nəzərə alınaraq “Hophopnamə” yenidən çap edilir. Bu zaman kitaba daha 33 rəsm əlavə edilir. Bu illüstrasiyaları da Əzim Əzimzadə çəkmişdi”.
   1934-cü ildə “Hophopnamə”nin çapı yenidən gündəmə gəlir və bu dəfə kitabın tərtibatı Xalq rəssamı İsmayıl Axundova həvalə olunur. O, Ə.Əzimzadə ənənələrindən kənar, təkrarlığa yol vermədən tamam başqa səpgidə rəsmlər hazırlayır: “Amma bu rəsmlər bədii və psixoloji təsir gücünə görə Ə.Əzimzadənin əsərlərindən geri qalırdı. Həmin rəsmlər insanların yaddaşında o qədər güclü iz buraxmışdı ki, oxucular “Hophopnamə”ni başqa rəssamın tərtibatında qəbul etməkdə bir növ çətinlik çəkirdilər. 1980-ci ildə “Yazıçı” nəşriyyatında şairin yeni kitabı hazırlanır. Bu zaman kitabın rəsm işləri Xalq rəssamı Mikayıl Abdullayevə tapşırılır. Lakin o, bu işdən imtina edir. Bilirdi ki, Sabirin şeirlərini dərs aldığı ustadı Ə.Əzimzadənin təsirindən çıxarmaq qeyri-mümkündür. Bu zaman rəsmlər gənc rəssamlardan birinə həvalə olunur. Həmin gənc bu gün Xalq rəssamımız olan Arif Hüseynov idi. Arif Hüseynovun çəkdiyi eskizlər bəyənilir və kitabın nəşrində həmin rəsmlərdən istifadə edilir. Bu rəsmlərdə tamam fərqli bir yanaşmanın şahidi oluruq. Amma əminliklə deyə bilərik ki, Ə.Əzimzadənin nüfuzu Sabir yaradıcılığında xüsusi idi. Sabirin sözlə yaratdıqlarını rəssam təsvirlə göstərə bilib. Bu səbəbdən də çox zaman Əzimzadəni təsviri sənətin Sabiri adlandırırlar”.
   Həmsöhbətim deyir ki, Sabir sözün böyük rəssamı olduğu üçün onun şeirlərini təsvirə çevirmək o qədər də çətin deyil. Şairin təsvir etdiyi hadisələr ətraflı, obrazları koloritli, dolğun ifadə edildiyindən rəssamlar üçün də işləmək asan olur: “Uzun illərdir ki, Sabir yaradıcılığı rəssamlarımız üçün ilham mənbəyi olaraq qalmaqdadır. Əzimzadədən sonra Sabir yaradıcılığına ən davamlı və dolğun münasibəti Nəcəfqulu İsmayılovun işlərində görürük. 1962-ci ildə şairin 100 illik yubileyi ərəfəsində nəşr olunan kitabın tərtibatı Əməkdar incəsənət xadimi N.İsmayılova tapşırılır. O, bu nəşrə 30 rəsm həsr edir və şairin yaddaqalan portretini işləyir”.
   Z.Əliyev bildirdi ki, şairin 150 illiyinin keçirilməsi ilə əlaqədar ölkə Prezidentinin sərəncamının icrası ilə bağlı tərtib olunan tədbirlər planına “Sabir təsviri sənətdə” adlı kitabın hazırlanması da nəzərdə tutulmuşdur: “Sabir və rəssamlıq mövzusu ilk dəfə olaraq tədqiq olunur. Bununla əlaqədar bir çox mənbələr araşdırılmış, bu vaxta qədər Sabir yaradıcılığına nə qədər rəssamlıq, heykəltəraşlıq, tətbiqi sənət münasibəti varsa, hamısını bu kitabda toplaya bildik. Təxminən 170 səhifəlik kitabda şairin yaradıcılığını əks etdirən bütün rəssamlıq əsərləri öz əksini tapıb”.
   Nəşrdə Sabirin müxtəlif rəssamlar tərəfindən çəkilmiş rəsmləri, ayrı-ayrı tişə ustaları tərəfindən ucaldılmış heykəlləri barədə də söz açılır. Paytaxtdakı Sabir bağında ucaldılmış heykəl (müəllifi Cəlal Qaryağdı), Milli Kitabxananın logiyasında Xalq rəssamı Xanlar Əhmədovun hazırladığı heykəli, Şamaxıda (müəllifi İbrahim Zeynalov), Sabirabaddakı (müəllifi Asif Əsgərov) heykəlləri qeyd etmək olar. Bunlardan əlavə, tanınmış heykəltəraş Sahib Quliyevin diplom işi, Hüseyn Əhmədovun, Hüseyn Haqverdiyevin, Azad Əliyevin Sabirin yubileyləri ilə bağlı hazırladıqları heykəl və medalları qeyd edə bilərik.
   Son illər tətbiqi sənət sahəsində məşhur fırça ustamız Tahir Salahov öz əsərlərinin xalça variantını hazırlamağa başlamışdır və belə variantlardan biri də Sabirə həsr olunub. Şairin portretini xalçaya köçürən ilk xalçaçı rəssam Fazil Abbasquluzadə olmuşdur. Rəssam Sənubər Səmədova öz yaradıcılığında Sabir mövzusuna tez-tez müraciət edərək maraqlı əsərlər yaratmışdır. Rauf Həsənov, Səmədağa Cəfərov, Camal Rəhimov, Səkinə Şahsuvarova kimi sənətkarların əsərlərində keramik nümunələr və şüşə qablara rast gəlmək olar.
   Əsrin əvvəli ilə sonunda Sabir yaradıcılığına rəssamların baxışlarında fərqliliyə rast gəlirik. Şairin obrazları əsrin əvvəllərində komik qəbul edilirdisə, əsrin sonunda fəlsəfi yanaşmanın şahidi oluruq. Çox vaxt deyirik ki, Sabir 100 il qabağı görə bilib, amma Sabir o vaxt gördüklərini yazıb, sadəcə, biz insanlar dəyişməmişik. Bu səbəbdən də müasir rəssamlarımız Sabir yaradıcılığına müraciət edərkən onun poeziyasının fəlsəfi yükünü göstərməyə çalışırlar”.
   
   Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar