Martın 25-də Muzey Mərkəzi daha bir sənət tədbirinə ev sahibliyi etdi. Mərkəzin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə istedadlı rəssam Vüqar Muradovun fərdi sərgisi açıldı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəssamın yaradıcılığından söz açdı. Qeyd olundu ki, milli rəssamlıq ənənələrindən bacarıqla bəhrələnən Vüqar Muradov maraqlı, diqqətəlayiq əsərlərin müəllifidir: “Bu gün biz rəssamın rəngkarlıq və qrafika əsərlərindən ibarət fərdi sərgisinə toplaşmışıq. Düşünürəm ki, özünəməxsus yaradıcılıq yolu olan Vüqar sənət yollarında uğurla addımlayır. Rəssamın müxtəlif ölkələrdə təşkil olunan sərgiləri böyük maraqla qarşılanıb. Bu sərgi Vüqar Muradovun yaradıcılıq dünyası ilə yaxından tanış olmağa imkan verəcək”.
Nazir müavini sərginin Bakıda keçirilən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ilə bir vaxta təsadüf etməsinin xüsusilə əlamətdar olduğunu dedi. Ümidvar olduğunu bildirdi ki, müsabiqə ilə bağlı Bakıya gəlmiş əcnəbi qonaqlar da Muzey Mərkəzində bu sərgi ilə tanış ola biləcəklər: “Mən rəssama gələcək yaradıcılığında uğurlar arzulayıram”.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxışında Vüqar Muradovun əsərlərindən söz açaraq istedadlı rəssamın özünəməxsus yaradıcılıq yolu keçdiyini vurğuladı: “Onun əsərləri ilə yaxından tanış olanda görürsən ki, müəllif həm Azərbaycan rəssamlarının ənənəvi sənət yoluna, həm də dünya incəsənət nümunələrinə yaxından bələddir. Onun öz dəsti-xətti, öz fəlsəfəsi, gözəl və maraqlı əsərləri var. Müəllifin yaratdığı əsərlər bədii-estetik özünəməxsusluğu ilə diqqət çəkir. Bu rəsmlərdə müəllifin məlum sənət meyarlarını yeniləşdirmək cəhdləri, ideoloji yükdən uzaq olan bu əsərlərdə adi boya mahiyyətindən çıxarmağın qeyri-adi təzahürləri hiss olunur”.
Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlxab Məmmədov Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihələrdən danışdı, gənc rəssamlara göstərilən diqqət və qayğıdan söz açdı: “Bugünkü sərgi Vüqar Muradovun timsalında gənc rəssamlarımıza göstərilən diqqətin daha bir nümunəsidir. Rəssamın əsərlərinə diqqət yetirdikcə görürsən ki, onun yaradıcılığında səmimiyyət var, böyük ürək var. Vüqar Muradovun xarici ölkələrdə çox sərgisi nümayiş olunub. Bu gün onun Bakıda sərgisini təşkil etməklə yanaşı, əsərlərindən ibarət kataloq da hazırlanıb. Mən istedadlı rəssama incəsənətdə, əsərlərində daima səmimi olmağı arzulayıram”.
Daha sonra sərginin açılışı oldu. İştirakçılar müəllifin rəngkarlıq və qrafika janrında çəkdiyi əsərlərlə tanış oldular. Sərgidə rəssamın 50-dək əsəri nümayiş olundu. Rəssamın “Baxış”, “Cazibə”, “Hərəkətsiz”, “Adəm və Həvva”, “Üçdüymə” və digər əsərləri böyük maraq doğurdu. Sərgi mayın 29-da başa çatdı.
Ceyhun