Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr edilmiş rəsm sərgisi
Mayın 30-da Azərbaycan Rəssamlar İttifaqının və “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının təşəbbüsü, “Bakı” Rəsm Qalereyasının dəstəyi ilə 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr edilmiş “Biri vardı, biri yox” adlı rəsm sərgisi açılıb.
Mərasimdə qalereyanın direktoru Eldəniz Gülməmmədov çıxış edərək, sərgidə 3 yaşdan 17 yaşadək həvəskar rəssamların 40 əsərinin nümayiş etdirildiyini bildirib. Qeyd olunub ki, sərginin məqsədi həyatda ilk addımlarını atan körpələrin və uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, onların zövqünün formalaşmasına yardımçı olmaqdır.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov nümayiş olunan tablolarda mövzu rəngarəngliyi və uşaqların boyalardan peşəkarcasına istifadə etmək qabiliyyətlərini xüsusilə bəyəndiyini deyib. Uşaqlar Məlikməmməd, Göyçək Fatma, Cırtdan, Tıq-tıq xanım və s. obrazları məharətlə təsvir ediblər.
”Esmeralda” yaradıcılıq studiyasının rəhbəri E.Tağızadə əl işləri nümayiş olunan uşaq və yeniyetmələrin müxtəlif sərgilərin iştirakçısı və diplomantı olduğunu qeyd edərək əminliklə bildirib ki, onlar gələcəkdə doğma Azərbaycanın mədəniyyətini layiqincə təmsil edəcəklər. Sonra balaca rəssamlara diplomlar, xatirə hədiyyələri və “Rəngli kataloq” təqdim edilib.