Gənc dekorativ-tətbiqi sənət ustası Ceyhun Surxayevlə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi II Respublika dekorativ-tətbiqi sənət festivalının Xaçmazda keçirilən sərgisində tanış oldum. 1980-ci ildə Xaçmaz rayonunun Nərəcan kəndində doğulub.
   
   Məişətdə istifadə etdiyimiz əşyaların tullantılarını onlarla baxımlı əsərə çevirib.
   Sərgidə şüşə qırıntılarından hazırladığı əl işlərini nümayiş etdirirdi. Münsiflər heyəti gənc ustanın əl işlərini yüksək qiymətləndirdi, Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görüldü. Onunla qısa söhbəti təqdim edirik:
   - Şüşə qırıntları və baxımlı əl işləri... Tullantıların maraqlı sənət işinə çevrilə biləcəyini nə zaman düşündün?
   - Rəssamlığa uşaqlıqdan maraq göstərsəm də, xüsusi peşə təhsilim yoxdur. Atam rəssamdır və bəlkə də bu səbəbdən incəsənətə maraq göstərmişəm. 2000-ci ildən dekorativ-tətbiqi sənətin bədii şüşə və taxta üzərində oyma növü ilə məşğulam. Amma əl işlərimin çoxu bu iki növün sintezindən yaranıb. 20 yaşım olanda düşündüm ki, məişətdə tullantı kimi qəbul etdiklərimizdən nəsə hazırlaya bilərəm. Amma əvvəlcə daşdan, qumdan istifadə edərək kiçik suvenirlər düzəltdim. Sonra gördüm ki, şüşə ilə işləsəm daha baxımlı əl işlərim ola bilər. Tədricən şüşələrdən istifadə etməyə başladım.
   - Əl işlərin maraqlı alınır. Xüsusilə də rənglər diqqəti cəlb edir...
   - Rəngləri almaq üçün heç vaxt boyadan istifadə etmirəm. Hamısı şüşələrin öz rəngləridir. Bəlkə də ona görədir ki, rənglər diqqəti cəlb edir. Bəzən bir neçə rəngdə olan şüşə qırıntılarını əzərək qarışdırıb təbii rəng alıram. Bu pivə, meyvə şirəsi butulkası da ola bilər, sınmış pəncərə şüşələri də. Rəngləri almaq üçün əvvəlcə istifadəyə yararsız şüşələri əzib toz halına salıram. Sonra onları hazırladığım eskizin üzərinə vururam.
   - İşlərində hansısa texniki qurğudan istifadə edirsən? Axı şüşə qırıntılarını toz halına salmaq asan deyil...
   - Doğrudur, asan deyil, amma düşünəndə ki, sonda gözəl iş alınacaq, baxanlar heyrətlə izləyib hətta almaq üçün pul verməyə razı olacaq, onda çətinlikləri unudursan. Xüsusi bir qab düzəltmişəm, orda kiçik şüşə qırıntılarını daha kiçik hissəciklərə ayırmaq üçün əzib, ələkdən keçirirəm. Plastmas şüşələrdən istifadə etmirəm. Çünki onlar xırdalanmır, ələnmir və rəng effekti də olmur. Bir iş üçün ən azı 15-20 gün çalışmalı oluram. Bunu qısa zamanda da etmək olar, amma baxımlı iş olmayacaq. Əvvəlcə eskiz hazırlayıram, harada nə rəng olacağını müəyyənləşdirib, sonra şüşələri toplayıram. Elə olur ki, bir işin hazırlanması 6-7 ay vaxt aparır. Bu, əl işinin həcmindən, ölçüsündən asılıdır. Bəzən istədiyim rəngdə şüşə tapa bilmirəm və gözləməli oluram.
   - Heç olub ki, lazım olan rəngdə şüşə qırıntıları tapmayıb işi yarımçıq saxlayasan?
   - Məişətdə istifadə edilən şüşələr əsasən yaşıl, şəffaf və çəhrayı rəngdə olur. Azərbaycanın gerbini hazırlayarkən qırmızı rəngdə şüşə tapa bilmirdim. Dostlarıma tapşırmışdım ki, harada qırmızı şüşə qırıntıları görsələr, mənə çatdırsınlar. Sonra onlar təsadüfən rastlarına çıxan istifadəyə yararsız mayakın şüşə qırıntılarını gətirdilər və mən ondan istifadə etdim. Bir dəfə isə yol qəzası olmuşdu. Avtomobil işıqfora çırpılmışdı. Əl işimdə işıqforun qırmızı rəngli şüşələrinin yerə tökülmüş qırıntılarından istifadə etdim.
   - Oyma ilə bədii şüşənin sintezi maraqlı alınır...
   - Bunu mənə tez-tez deyirlər. Gələcəkdə yeniliklər etmək istəyirəm. Dahi şəxsiyyətlərin portretlərini yaratmağı düşünürəm. Artıq iki eskiz hazırdır. Ancaq hələ ki, sifət rənglərini olduğu kimi vermək üçün istədiyim şüşələri əldə edə bilmirəm. Müxtəlif mövzularda əsərlərim var. Dini və vətənpərvərlik mövzularına daha çox üstünlük verirəm.
   - Artıq 12 ildir dekorativ-tətbiqi sənətlə məşğul olursan. Sənətini kiməsə öyrədirsən?
   - Əl işlərimə maraq göstərənlər çoxdur, amma “bu işi mənə öyrət” deyən olmayıb. Bəlkə də bu, işin çətinliyindən irəli gəlir. Amma kimsə həqiqətən bu işi öyrənmək istəsə, həvəslə öyrədərəm. Tətbiqi sənət ustaları bu işlə müəyyən qazanc əldə etməklə yanaşı, həm də ayrı-ayrı sənət növlərini yaşatmış olurlar. Bir də mənə pis təsir edir ki, Azərbaycanda yüzlərlə xalq tətbiqi sənəti ustaları ola-ola Çində istehsal olunmuş Azərbaycan bayrağının həkk olunduğu hansısa suvenirə pul verilir. Çünki həmin pulu yerli sənətkarlara verib maraqlı, zövqlü əl işi də almaq olar.
   
   Ceyhun Zərbəliyev






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar