İyunun 13-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və “İnkişaf və Dünya” İctimai Birliyinin təşkilatçılığı ilə Kiçik Karvansaraydakı “İncəsənət bağı” (“Art Garden”) mərkəzində “Azərbaycan xalq nağılları uşaqların səsi və rəsmləri ilə” mövzusunda ədəbi-bədii tədbir keçirildi.
   
   Folklorşünasların, rəssamların, xarici ölkə səfirlikləri nümayəndələrinin iştirak etdikləri tədbir paytaxtın 7, 27, 83, 125, 145 və 160 nömrəli orta məktəblərinin şagirdləri arasında Azərbaycan xalq nağılları əsasında keçirilmiş oxu müsabiqəsinin yekunlarına həsr olunmuşdu. Müsabiqənin məqsədi uşaq və yeniyetmələrin Azərbaycan xalq nağıllarına marağını artırmaq, uşaqların nitq qabiliyyətini üzə çıxarmaq, ən əsası isə nağıllarımızı yaşatmaqdır.
   Tədbirdə Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının balaca rəssamlarının Azərbaycan xalq nağılları motivləri əsasında çəkdikləri rəsmlər də nümayiş olundu. Qrafika janrında çəkilən rəngarəng kompozisiyalar tamaşaçılarda xoş əhval yaratdı.
   Mərasimdə çıxış edən folklorşünas-alim, professor Məhərrəm Qasımlı belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı: “Nağıllarımızın hər birində tarixi kökə bağlılıq var. Bunları bugünkü nəslə aşılamaq çox mühüm məsələlərdir. Biz bu keçmişi qorumağı bacarmalıyıq”.
   “İnkişaf və Dünya” İctimai Birliyinin rəhbəri Namazəli Mustafayev layihənin bu istiqamətdə ilk işləri olduğunu vurğuladı: “Bu gün istedadlı uşaqlar üçün dövlət rəhbərliyimiz tərəfindən hər bir şərait yaradıldığı üçün biz də çalışırıq bu yöndə öz bacarıq və imkanlarımızı əskik etməyək. İstəyirik ki, xalq nağıllarımız hər zaman oxunsun və qorunsun”.
   Əməkdar rəssam Rafael Muradov da təəssüratını bölüşdü: “Burada təqdim olunan rəsm işləri təmiz uşaq dünyasının hisslərini əks etdirir. Mən bir rəssam kimi bu işlərə maraqla baxdım, hiss olunur ki, uşaqlar bu rəsmləri tam sərbəst şəkildə, öz təxəyyüllərinə uyğun olaraq çəkiblər”.
   Tədbirin sonunda fərqlənən müəllim heyəti və uşaqlar diplom və hədiyyələrlə təltif olundular.
   
   Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar