İyunun 18-də Berlin məhkəməsinin qalereyasında Azərbaycanın Əməkdar rəssamı, UNESCO-nun Rəssamlar Federasiyasının üzvü, Rusiya və Almaniya rəssamlar ittifaqlarının üzvü Əşrəf Heybətovun əsərlərinin sərgisi açılıb.
   
   İyulun sonunadək davam edəcək sərgidə 30 əsər - Xəzər mənzərələri və gül-çiçək rəsmləri silsiləsi təqdim edilir. Azərbaycanlı rəssamın əsərləri ilk dəfədir ki, incəsənət üçün qeyri-adi sayılan bir yerdə nümayiş etdirilir.
   Əşrəf Heybətov 1997-ci ildə Mayntsda “Bakı” Azərbaycan Mədəniyyət Cəmiyyəti yaradıb. Onun əsərləri Cenevrədə BMT sarayında, Rumıniyanın Prezident Sarayında, NATO-nun mənzil-qərargahında, İordaniya Kralının sarayında, Lüksemburq Hersoqunun iqamətgahında, Vatikan dəftərxanası sarayında, habelə Maltanın nüfuzlu salonlarında sərgilənib.
   Rəssam müxtəlif mövzularda pannoların da müəllifidir. Belə pannolardan biri - “11 sentyabr” əsəri şəxsən Nyu-York merinə təqdim edilib, buna görə mer həmyerlimizə təşəkkür məktubu yazıb. Rəssamın məşhur “20 Yanvar - Bakı” pannosu isə Azərbaycanın İstiqlal Muzeyində saxlanılır.
   Rəssam öz əsərlərini satmır, onları yalnız muzeylərə və sənət bilicilərinə bağışlayır.