Tanınmış rəssam Rəşad Mehdiyevin əsərləri Moskvada beynəlxalq incəsənət festivalında nümayiş olunacaq
   
   İyulun 4-dən 8-dək Moskva Mərkəzi Sərgi Zalında (“Manej”) “Ənənə və müasirlik” adlı VI Beynəlxalq İncəsənət Festivalı keçiriləcək.
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu mötəbər tədbirdə ölkəmizi Azərbaycan Rəssamlar İttifaqının üzvü, Dövlət Rəssamlıq Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, istedadlı rəssam Rəşad Mehdiyev təmsil edəcək. Rəşad Mehdiyev Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Türkiyədə Memar Sinan Universitetini bitirib. 1995-ci ildə Sankt-Peterburqda, 1991, 1994, 1996 və 2000-ci illərdə və son olaraq bu ilin martında Bakıda fərdi sərgiləri keçirilib. Rəssam 2001-ci ildə Azərbaycanı TÜRKSOY-un beynəlxalq müsabiqə-sərgisində təmsil edərək birinci mükafata layiq görülüb. Vyanada 2002-ci ildə 2 dəfə, 2006-cı ildə isə 3 dəfə fərdi sərgisini keçirib, BMT-nin Avropa Bölməsinin Millətlər Sarayında Azərbaycan incəsənətini uğurla təmsil edib.
   Rəssamın əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir. Fərdi dəst-xətti, yaradıcılıq üslubu, Azərbaycan miniatürlərində gördüyümüz əlvan və parlaq rənglərin zəngin koloriti Rəşad Mehdiyevin yaradıcılığının əsas xarakterik xüsusiyyətini təşkil edir.
   Moskvada keçiriləcək “Ənənə və müasirlik” incəsənət festivalında dünyanın 40 ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən rəssamların iştirakı gözlənilir. Qeyd edək ki, bu festival ilk dəfə 2007-ci ildə keçirilib və indiyədək 130 mindən çox tamaşaçı tərəfindən ziyarət olunub.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2009-cu ildə Əməkdar rəssam Fərman Qulamov, 2011-ci ildə isə Əməkdar rəssam Sakit Məmmədov ölkəmizi bu festivalda təmsil edib. Çoxsaylı tamaşaçıların və münsiflər heyətinin səsverməsi yolu ilə keçirilən müsabiqənin nəticələrinə əsasən F.Qulamov “Müasir rəngkarlıqda ən yaxşı ənənələrin qorunması” nominasiyası üzrə birinci mükafata, S.Məmmədov isə “Müasir rəngkarlıqda ən yaxşı ənənələrin qorunması” və “Dəst-xəttin orijinallığı və fərdi üsluba görə” nominasiyaları üzrə birinci mükafata layiq görülmüşlər.
   “Ənənə və müasirlik” VI Moskva Beynəlxalq İncəsənət Festivalında Azərbaycan təmsilçisinin iştirakına ölkəmizin Rusiyadakı səfirliyi tərəfindən təşkilati dəstək verilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar