İyunun 22-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli fırça ustası Bəhruz Kəngərlinin əsərlərinin sərgisi açıldı.
   
   Azərbaycan Respublikası Prezidentinin “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” 2012-ci il 13 aprel tarixli sərəncamına əsasən keçirilən sərgidə açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev B.Kəngərlinin qısa, lakin olduqca mənalı ömür yolundan, zəngin yaradıcılığından bəhs etdi.
   Yfpbh cəmi 30 il ömür sürmüş və 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış rəssamın bu qısa zamanda 2000-ə qədər rəsm əsəri yaratdığını diqqətə çatdıraraq, onun realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən portret, mənzərə, natürmort janrlarında bir-birindən fərqli sənət nümunələri yaratdığını dedi. XX əsrdə milli peşəkar rəngkarlıq sənətinin yaranmasını Bəhruz Kəngərlinin adı ilə bağlayan nazir bildirdi ki, sərginin təşkilinin əsas məqsədi Bəhruz Kəngərlinin əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması, onun milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi sahəsində xidmətlərinin nümayişi və təbliğindən ibarətdir.
   Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fərhad Məmmədov və başqaları uşaq ikən ciddi xəstəlik keçirən B.Kəngərlinin ümumtəhsil məktəbinə gedə bilmədiyini və buna görə də rəssamlığa meyil etdiyini diqqətə çatdırdılar. Onun 1910-1915-ci illərdə Tbilisidə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbində oxuduğunu xatırladan natiqlər B.Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının böyük rolu olduğunu söylədilər. Natiqlər 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən B.Kəngərlinin öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratdığını xatırladaraq onun bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın oğlan” və s. onlarla qaçqının portretlərinin təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərli olduğunu dedilər.
   B.Kəngərlinin həm də milli teatr rəssamlığımızın banilərindən olduğunu xatırladan natiqlər rəssamın 1910-cu illərdə Naxçıvan teatrında “Ölülər” (C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Pəri-cadu” (Ə.Haqverdiyev) tamaşalarına bədii tərtibat və geyim eskizləri verdiyini xatırlatdılar.
   Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Ölməz rəssamın mənzərə janrında yaratdığı bir-birindən gözəl təsvirlər sənətsevərlər tərəfindən yüksək qiymətləndirildi. Onun mənzərələrində mühüm yer tutan təbiət gözəllikləri - “Şəlalə”, “Dağlıq mənzərə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı” və digər rəsmlər də maraqla qarşılandı.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar