Tanınmış sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin «Sabir təsviri sənətdə» adlı yeni kitabı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görüb. Kitabda, annotasiyasında da qeyd edildiyi kimi, bənzərsiz «Hophopnamə»si ilə Azərbaycan ədəbiyyatında dərin iz salmış böyük şairimiz Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığına həsr olunmuş təsviri və dekorativ- tətbiqi sənət əsərlərindən söz açılır. Burada xüsusi olaraq vurğulanır ki, sənət adamlarının M.Ə.Sabir yaradıcılığına bədii münasibəti şairin əsərlərinin kitab halında ilk nəşrindən (1914) başlayaraq davam edir.
   
   Rəssamlardan Əzim Əzimzadə, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Nəcəfqulu İsmayılov, İsmayıl Axundov, Ələkbər Rzaquliyev, Asəf Cəfərov, Yusif Hüseynov, Elçin Məmmədov, Arif Hüseynov, Adil Rüstəmov, Bayram Hacızadə, heykəltəraşlardan Cəlal Qaryağdı, İbrahim Zeynalov, Tokay Məmmədov, Ömər Eldarov, Fuad Salayev, Xanlar Əhmədov, Akif Əsgərov və bir çox başqaları şairin əsərləri əsasında dəyərli bədii nümunələr, habelə sənətkarın əzəmətli obrazını yaratmışlar. Bu gün böyük şairin xatirəsini əbədiləşdirən və özündə yaşadan həmin nümunələr bağ və xiyabanların, muzey və sərgi salonlarının bəzəyinə çevrilmişdir.
   Ziyadxan Əliyev bu bədii nümunələri mövzusuna və müəlliflərinə uyğun olaraq «M.Ə.Sabirin rənglərlə «yazılan» poeziyası», «Hophopnamə»yə Əzim Əzimzadə münasibəti», «Hophopnamə»yə yeni rəssam baxışları», «Şairin uşaqlara hədiyyəsi», «M.Ə.Sabir yaradıcılığı əbədi ilham mənbəyidir», «Sabir ünvanlı «Daş nağılları», «M.Ə.Sabirə həsr olunmuş dekorativ-tətbiqi sənət nümunələri» adlandırdığı ayrı-ayrı bölmələrdə təhlil etmişdir.
   Hər şeydən əvvəl qeyd edək ki, müəllif bu kitabda özünü səriştəli tədqiqatçı- sənətşünas olmaqla yanaşı, həm də Sabir poeziyasının incəliklərinə dərindən bələd olan Sabirşünas- ədəbiyyatşünas kimi də təsdiq edə bilmişdir. O, çox haqlı olaraq yazır ki, poetik irsinin «milli brilliantı» olan «Fəxriyyə»sində özümüzü özümüzə tanıdan M.Ə.Sabir ömrünün yarımçıq qırılmasına razı olsa da, həyatının sonuna qədər həqiqəti söyləməkdən imtina etməmiş, yaradıcılığı cəmiyyətin təlatümlü dövrünə təsadüf edən şair zəmanəsində gördüklərini əks etdirməklə, xalqını çox sevdiyindən köhnəlikləri rədd etdiyini gizlətməyərək mübariz bir şair olduğunu təsdiqləmişdir.
   Ziyadxan Əliyev bu tədqiqat işində belə bir fikri əsaslandırır ki, M.Ə.Sabir «Hophopnamə»sində özünün həm də böyük şair- rəssam olduğunu sübut etmişdir. Müəllifin fikrincə, şairin dərdlərimizə şaşırdıcı işıq salan poeziyası sanki mürəkkəblə yox, əlvan rənglərlə yazılıb. Doğrudan da Sabirin hər bir şeirində deyilənləri, göstərilənləri asanlıqla göz önündə canlandırmaq olar.
   «Sabir təsviri sənətdə» kitabından: «Heç şübhəsiz, M.Ə.Sabir şeirlərinin rəssam təxəyyülünün və fırçasının qüdrəti ilə yaddaqalan sənət əsərlərinə çevrilməsi onlardakı dramaturji məziyyətlərin çox böyük ustalıqla hadisələrə və obrazlara «köçürülməsindən» keçib. Bu mənada tədqiqatçı alim Akif Əlinin «...M.Ə.Sabirin istedadının bu cəhəti məhz onun xüsusi «dramaturji» qabiliyyəti ilə bağlıdır. «Hophopnamə»dəki dialoqlar, səhnəciklər, oyun elementləri və s. fikrimizi təsdiq edən nümunələrdir» qənaətini vurğulamaq istərdik».
   Şairin yaradıcılığına rəssam münasibəti onun vəfatından sonra, 1914-cü ildə «Hophopnamə»nin ikinci nəşrində özünü göstərmişdir. Bu zəngin irsə ilk bədii münasibət bildirən fırça ustası isə görkəmli Xalq rəssamı Əzim Əzimzadə olmuşdur.
    Ziyadxan Əliyevin araşdırmasından məlum olur ki, «Hophopnamə»nin bu nəşrinə Ə.Əzimzadənin şairin əsərləri əsasında çəkdiyi iyirmi dörd rəngli illüstrasiya daxil edilmişdir. Bu illüstrasiyalar böyük Sabirin «A şirvanlılar», «Millət necə tarac olur olsun, nə işim var?!», «Tərpənmə, amandır bala, qəflətdən ayılma», «Küpəgirən qarının qızlara nəsihəti», «Uşaqdır uşağım», «Fəhlə, özünü sən də bir insanmı sanırsan?», «Bir belə...», «Məsləhət», «Ey dad-bidad Ərdəbil» və digər məşhur şeirləri əsasında ərsəyə gəlmişdir.
   Rəssamın fırçasından çıxmış təsviri sənət nümunələrini təhlil edən sənətşünas belə hesab edir ki, Əzim Əzimzadənin bu gün də yüksək bədii-estetik dəyərini itirməyən Sabir ünvanlı əsərlər yaratmasının kökündə onun Azərbaycan həyatına və tarixinə, etnoqrafiyasına, adət-ənənələrinə, maddi-mədəniyyət nümunələrinə kifayət qədər bələd olması durur. Ona görə ki, həqiqi təsviri sənət nümunələri yalnız rəssamın müraciət etdiyi mövzuya əhatəli münasibətindən, onu hərtərəfli öyrənməsindən və mahiyyətinə dərindən nüfuz etməsindən sonra yaranır. Məhz buna görə də Əzim Əzimzadənin yaratdığı obrazlar Sabirin misralarında olduğu kimi koloritli və yaddaqalandır.
   Ziyadxan Əliyev bu fikri belə şərh edir: «Reallıqla bədii ümumiləşdirmənin qovşağından «yoğrulmuş» belə obrazlar «Hophopnamə» oxucusunun ən müxtəlif təbəqəliləri üçün anlaşılandır. Bu bədii görüntülər nə qədər rəssamın şair misralarına nüfuzetməsidirsə, bir o qədər də şairin yaşadığı mühitin, bütünlükdə isə cəmiyyətin əksidir. Bu, bütün mənalarda mövcud olanın, sadəcə «əks»idir; ona görə də, şeirlərdə olduğu kimi, rəsmlərdə də çoxları özlərini görə bilirlər».
   M.Ə.Sabirin «Məktub» şeirini və bu əsərə Ə.Əzimzadənin çəkdiyi illüstrasiyanı təhlil edən müəllif doğru olaraq qeyd edir ki, əgər şair burada insanların istismarından zövq alan tüfeylinin xarakterini sözlə açmağa nail olubsa, rəssam həmin misraları rəng və cizgilərin köməyi ilə bədiiləşdirməklə daha təsirli etmişdir. Müəllifin fikrincə, rəssamın təqdimatında saqqalı və əlləri xınalı, beli qurşaqlı, barmağı üzüklü obraz görkəminə görə nə qədər «bahalı»dırsa, təkcə elə baxışları ilə öz kütlüyünü nümayiş etdirir. Beləliklə, rənglərin və cizgilərin yığcamlığından ustalıqla istifadə edən rəssam məlum şeirin yaddaqalan «obrazını» yaratmışdır.
   Bununla yanaşı, müəllif unutmur ki, fırça ustasının «Hophopnamə»yə çəkdiyi illüstrasiyalar, ilk növbədə, süjetlərin çoxfiqurlu olması ilə səciyyələnir. Müəllif bu xüsusiyyəti rəssamın şeirin daşıdığı məzmun yükünün əhatəliliyini göstərmək istəyi ilə əlaqələndirir və Əzim Əzimzadənin «Hophopnamə»ni zənginləşdirən rəsmlərini bütünlükdə qədim ənənələri olan Azərbaycan kitab qrafikası sənətinə layiqli töhfə hesab edir.
   Yuxarıda qeyd etdiyimiz kimi, «Hophopnamə»yə digər fırça ustaları da müraciət etmişlər. 1962- ci ildə şairin 100 illik yubileyi münasibətilə nəşr edilmiş «Hophopnamə»yə xalq rəssamı Nəcəfqulu İsmayılovun çəkdiyi illüstrasiyalar daxil edilmişdir. Ziyadxan Əliyev belə hesab edir ki, bu illüstrasiyalar ruhən Əzim Əzimzadənin işlədiyi rəsmlərə yaxın olsa da, burada özünəməxsusluq da vardır. Müəllif öz fikrini şairin «A şirvanlılar», «Avropada Məmmədəlinin eşqbazlığı», «Bakı pəhləvanlarına», «Qorxuram» və başqa şeirlərinə çəkilmiş rəsmlərin təhlili ilə əsaslandırır.
   «Sabir təsviri sənətdə» kitabından: «Rəssamın (Nəcəfqulu İsmayılov nəzərdə tutulur- A. B.) «A şirvanlılar» şeirinə çəkdiyi illüstrasiya ruhən Əzim Əzimzadənin işlədiyi rəsmə yaxın olub, onun davamı kimi qəbul olunur. Belə ki, əgər əvvəlki əsərdə şairin bədxahları qəzəbli görkəmdədirlərsə, Nəcəfqulunun təqdimatında onlar artıq şairi daşlamaq ərəfəsindədirlər. Rəsmin daha realist- gerçəkçi, işıq- kölgə təzadları ilə həllinin təsvirdəkilərin daha cəlbedici görünməsində yardımçı olduğu da duyulandır...»
   Məlumdur ki, «Hophopnamə» dəfələrlə nəşr olunmuş və hər nəşr yeni tərtibatda oxuculara təqdim edilmişdir. Təbii ki, hər bir nəşr yeni illüstrasiyalarla zənginləşdirilmişdir. Ziyadxan Əliyev xatırladır ki, «Hophopnamə»nin 1980-ci il nəşri Azərbaycan kitab məkanında birmənalı qarşılanmamış, müəyyən mübahisələrə səbəb olmuşdur. «Buna səbəb gənc rəssam Arif Hüseynovun həmin kitaba verdiyi çox fərqli tərtibat idi. Həmin mübahisələrin nəticəsi bu oldu ki, Sabirin başqa cür də «oxunuşu» mümkündür və bunu «top-tüfəng»lə qarşılamaq əvəzinə alqışlamaq lazımdır». Sənətşünas bunu rəssamın uğuru sayır və öz fikrini Arif Hüseynovun Sabirin əsərlərinin süjet və ideyasından başqa, şairin yaradıcı üslubuna tapınaraq yaratdığı ağ-qara rəsmlərin özündə həm də bu poeziyanın fəlsəfi yozumunu hifz etdiyinə görə çox düşündürücü olması ilə əsaslandırır. Sənətşünasın fikrincə, Xalq rəssamı Arif Hüseynovun şairin «İstərəm ölməyi mən, leyk qaçır məndən əcəl...», «Şairəm, çünki vəzifəm budur...», «Daş qəlbli insanları neylərdin, İlahi?!», «Nə bərəldirsən böylə, a qare gözünü», «Adəmi adəm eyləyən paradır», «Bu çərxi fələk tərsinə dövran edir indi» və başqa şeirlərinə sonralar çəkdiyi eyniadlı illüstrasiyalar da ümumi kompozisiya həllinə görə orijinal olduqlarından yeni və cəlbedicidir.
   «Sabir təsviri sənətdə» kitabında şairin poeziyasına müraciət etmiş digər rəssamların, habelə heykəltəraşların əsərləri də təhlil edilmişdir.
   Bu nəşr böyük şairimiz Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə layiqli töhfədir.
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru,
   Azərbaycan Rəssamlar İttifaqının üzvü 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar