Folklor və muğam müsabiqəsi başa çatıb
  
 
   Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Milli dəyərlərimiz - milli sərvətimiz” folklor və muğam müsabiqəsinin yekun konserti olub. Muxtar respublikada elan olunmuş “Milli dəyərlər ili” çərçivəsində keçirilən müsabiqənin məqsədi çoxəsrlik milli dəyərlərimiz olan folklor və muğam ənənələrinin qorunub saxlanması, yaşadılması və təbliğ edilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Müsabiqədə 300-dən artıq ifaçı iştirak edib.
   Folklor üzrə Babək Rayon Mədəniyyət Evinin folklor kollektivi birinci, Şərur rayon Çərçiboğan kənd mədəniyyət evinin “Nurani” folklor ansamblı ikinci, Ordubad rayon Unus kənd mədəniyyət evinin “Unus qönçələri” folklor qrupu üçüncü olub.
   Muğam üzrə birinci yerə Babək Rayon Mədəniyyət Evinin üzvü Lamiyə Həsənova və Culfa Rayon Mədəniyyət Evinin üzvü Mehman Tağıyev, üçüncü yerə isə Babək Rayon Mədəniyyət Evinin üzvü Nübar Qəmbərli çıxıblar.