Uzun ömür, uzunömürlü əsərlər müəllifi
   
   Doğmalarının, yaxınlarının dediyinə görə, Maral xanım nəinki təkcə uzun, həm də iki ömür, iki imic yaşayıb; birini həyatda, o birini emalatxanada. Çöl-bayırda onu ciddi, qaş-qabaqlı görəndə təəccüblənərmişlər, emalatxanada gülərüz, qeyri-ciddi...
   Deyirəm, yəqin elə buna görədir ki, onun əsərləri öz tamaşaçısına bütöv, birmənalı təsir bağışlayır. Düzdür, bu rəsmlərin çoxusunda müəllifinin həyatdakı ovqatından da notlar var, amma cövhərində bədii “rəsmi”lik, emosional ciddilik elementlərilə bahəm...
   
   Adı da adamda gözəl hiss, xoş ovqat yaradan Maral xanımın uzun ömrü gözəl-gözəl, özəl-özəl əsər-naxışlarla süslənib. Bu eniş-yoxuşlu ömürdə yaranmış sonrakı bütün xoş hiss və ovqatların, gözəlliklərin müəllifi o özü olub.
   Ömrü - uzun, zəngin, gur, sənəti - uzunömürlü, nur...
   1916-cı il iyulun 23-də Bakıda doğulan bu gözəl xanım, 40-cı ildən başlayaraq, bütün Azərbaycana, Sovetlər İttifaqına və dünyaya özəl bir sənətkar imzası doğurub. O zaman 24 yaşı olan bu qızın təzə-tər tərcümeyi-halında artıq iki ciddi, sanballı məktəb adı vardı: Azərbaycan Dövlət Rəssamlıq Texnikumu (1930-1933) və Moskva Dövlət Rəssamlıq İnstitutu (1934-1940).
   Bu faktlar, ünvanlar indi çoxları üçün adi, asan görünə bilər. Lakin o dövrlərçün “dəvədə buynuz” görsəntilər, “eldən dışarı” hadisələr idi bunlar. O çağlar Bakı hələ çadrasında, əba-qəbasında idi. Küçələrindəki soldatların əksəriyyəti yad, özünün əsgər yaşlı oğullarının çoxu isə “arşın mal”-lad...
   Və bu sayaq inanc-qısqanc bir şəhərin gənc bir qızı Moskvaya, oradan da bir çox “stilyaqa” ölkələrə, salonlara buyuracaq ki, nə var-nə var, Azərbaycan sənətini bütün dünyaya duyuracaq?!.
   Sovetlərin yeniləşdirməyə çalışdığı köhnə Bakıda hələ belə nimdaş fikir yelləri də əsirdi. Lakin adına “Məhəllə Maralı” deyilən bu qız o yellərə bənd olmadı, getdi...
   
   Yüksəlişə başlanış
   
   Bu bölümü “profilaktik proloq” da adlandırmaq olardı. Çünki Maral Rəhmanzadə çoxprofilli sənətkar-rəssamlarımızdandır.
   Bu “gəlimli-gedimli dünya”nın sənət dəftərinə yazılmış tarixçələrdən biri: 1916-2008. Bu, Maral Rəhmanzadənin olum-ölüm məsafəsidir. Əsrə yaxın bir ömür...
   Maral xanım bu doxsan iki ildə, öz çəki-zəkisində olan bütün sənətkarlar kimi, çox işlər görüb, çox gözəlliklər yaradıb. Sovet əda-modabazlığının, stilizm-futurizminin ən qızğın çağlarında öz möhtəşəm dəzgah rəsmləri silsilələri, çox maraqlı tabloları, qravürləri, kitab qrafikaları və sair janrlı əsərlərilə Azərbaycan qadınını “Fatma-tükəzbanlıq” kimi etnoqəliblərdən xilas edən öncüllərdən olub.
   Bu məlum məlumatlar içərisindəki “əsrə yaxın ömür” faktı məni bir yanı qaçaq bir mühakiməyə də iddiaçı edir. Belə ki, təbiət və cəmadətin bir parçası, bir üzvü olan insan - “hər zərrədə min zərrə” baxımından - mənsub olduğu həmin ümmanlarla müqayisədə mütləq geriliyə məhkumdur. Yəni ötən yüzildə təbiət-bəşəriyyət dünyasının yaradıcılıq qalereyası hara, ayrı-ayrı şəxsiyyətlərin, sənətkarların - “altı milyardda bir”lərin etdikləri hara?..
   “Bəşər dünyasının yaradıcılıq qalereyası” dedim, yadıma dünyanın Maral xanıma da dəxli olan çox ünlü bir sənət ünvanı düşdü. Bu ünvanın adı “Tretyakov Qalereyası”, mənəvi dadı, söylənərkən yaratdığı ab-hava ladı özgə bir aləm! Və bu aləmdə Maral Rəhmanzadə guşəsi!
   Beləliklə, “Qızıl meydan”lı gözəl şəhərin -
   
   Ali sənət məkanında...
   
   Böyük sənət şedevrlərinin nümayiş ünvanı, saxlanc yeri olan o qalereyaya keçməzdən əvvəl, bizim rəsm edilib oraya... verilməyəsi bir “mentalitet tablomuz” haqda.
   Bəli, zavallı sovet illərində çox eşitmişdim (və səksəninci illərin əvvəllərində yolum düşərkən görmüşdüm) ki, bizim Moskva və Leninqrada (Sankt-Peterburq) gedən həmvətənlərimizin əksəriyyəti milislərdən (polis), metro işçilərindən, avtobus, trolleybus, tramvay sürücülərindən daim hansısa univermaq, yarmarka, bazar və digər ticarət mərkəzlərinə necə getmək yollarını soruşurlar. Hələ həmin ünvanlarda növbələri necə pozmağımızı, haçansa Bakıda-Şəkidə olmuş “çoxmillətli sovet zəhmətkeşləri”ndən bəzilərinin başa düşdüklərini nəzərə almadan ağzımıza gələni danışmağımızı demirəm. Dünyanın demək olar, bütün dillərində mədəniyyətin, mədəniliyin bütün lad, dad və kodlarında danışılan “Ermitaj”da, Tretyakov Qalereyasında isə... bu gözəl, kəsib-kiriməz dilimizin cınqırı çıxmırdı. Yox, demirəm, bizimkilərdən heç kəs oralara getmirdi. Gedirdilər, amma tək-tük hallarda...
   İş elə gətirdi ki, o vaxtlar mənim də yolum bir dəfə - bircə dəfə Moskvaya düşdü və həmin “bazar” etiketimizdən narahatlıq, xəcillik hissi keçirənlərdən biri kimi, “ayaqaçdı”mı Tretyakov Qalereyasına etdim. Eşitmişdim ki, oraya ilk dəfə daxil olan hər kəsin başı böyük sənət ab-havasından gicəllənir. Mən isə əməlli-başlı səntirlədim. Əgər giriş qapısının üzbəüzündə asılmış “İsanın zühuru” tablosunun rəhmətlik müəllifi mənim o otuz-qırx metrlik məsafəni necə getdiyimi görmüş olsaydı, çox yəqin ki, “İsanın zühuru” əsərindən sonra “İnsanın təhəri” (tövrü, sənət qəhəri və s.) adlı daha bir şedevr yaradardı. Hətta mən - o vaxt alababat televiziya jurnalisti ola-ola, barmağımla İsa Məsihin sağ ayağına toxundum da ki, görüm, bu, doğrudanmı şanlı sənətdəndir, ya canlı ətdən?! Bələdçi qadın isə, yəqin ki, yalan olmasın, qırx ildən bir işlətdiyi bir irad bildirdi mənə: “Oğul, toxunmaq olmaz...”
   Mən orada öz “Novruzəli”liyimə içimdə bir Vəli xan gülüşü gülüb, adlarını çoxdan eşidib üzlərini görmədiyim Azərbaycan imzalı sənət əsərlərini axtarıb-aramağa başladım. Başqa söhbət-yazıların mövzusu olan başqa sənətkarlarımızla bərabər, burada Maral Rəhmanzadənin də iki əsərini - “Qadınlar müharibə illərində” və “Azərbaycan” tablolarını gördüm. Bələdçi qızdan öyrəndim ki, Maral xanımın fondda daha beş əsəri var. Onlardan ikisinin - “Mənim bacılarım” və “Bizim qızlar”ın adlarını çəkdi, üçünün adlarını isə - çox təəssüf hissi ilə - unutduğunu bildirdi. Dərhal da qeyd etdi ki, əgər vacibdirsə, kataloqa baxıb, deyə bilər. “Vacibdirsə”... Əlbəttə, milli sənətkarımızın həmin əsərlərilə də tanışlıq pis olmazdı. Amma... ortada bir “qan” məsələsi də vardı axı: mən də, Molla Nəsrəddin demişkən, “bizim kəndçi” idim və yüz ildə bir kərə üçgünlüyə yolum düşmüş Moskvanın “hər nə istəsən...” mağazalarına baş çəkməyi daha vacib saydım. Amma sonrakı saatlarda, günlərdə başqa bir fəndlə bu mental xəyanətimin əvəzini çıxdım. Belə ki, hər metro işçisi, milis və digər - ictimai rəy formalaşdıra biləcək diqqətcil insanlarla rastlaşdıqca, yorulmadan, təkrar-təkrar (özü də, qəsdən, periferik aksentlə) soruşurdum: “Bağışlayın, Tretyakov Qalereyası”na necə getmək olar?”
   Maral xanımın sağlığında ondan xəbərsiz işlətdiyim bu sual bu yazı əsnasında belə bir xəyali “deqredasiya”ya uğrayır: bəs tamaşaçı qəlbinə?..

   Sənətkarlarımız və sənətsevərlərimiz...
   
   Deyirlər, kişi qəlbinə yol mədəsindən, qadın qəlbinə - qulağından keçir. Qadın keçmişinə, kişi gələcəyinə görə seçilib-sevilir. Bəs sənət? Məncə, sənət özündəki iddiasızlığa, mahiyyətindəki qəlbə görə sevilir. Elə ki sənət qəlibə salındı, onda qəlb olmaz. Amma o əsərdə ki qəlb var, onun qarşısında laqeydlik ola bilməz. Oxucu, dinləyici, tamaşaçı qəlbi ilə əsər qəlbi tutuşanda isə “Tutuşdu qəm oduna şad gördüyün könlüm!” kimi şedevrlər yaranasıdır. Özü də ilk oxudan, ilk dinləmdən, ilk baxışdan. Belə hallarda istisnalar da mümkündür. Lakin nə qəm - sənətkarlar, müdriklər bunun da dərmanını deyiblər. Birini də Sokrat deyib: “İlk baxışda vurulmamaq və ya ikrah etməmək üçün nə etmək olar” sualına o, ikinci nəfəsini dərəndən sonra, belə cavab verib: “İkinci dəfə daha diqqətlə baxmaq gərək”...
   Amma bizim əksər telekanallarımız əcnəbi meqapolislərdə daha çox bazarlara baxırlar və haçansa elə ilk baxışdan vurulduqları bu qəribə milli “brend”liyimizə, doğma və doqma “dominantlığımız”a ikinci, üçüncü (və deyəsən, sonsuzuncu...) dəfə də heyranlıqlarını bildirirlər. Mikayıl Abdullayevlərin, Tahir Salahovların, qeyri-“elektron”çu olmağımız səbəbindən bütün sənətkarlıq şücaətilə təqdim edə bilmədiyim bu yazı qəhrəmanımın obrazlarına yubileydən-yubileyə baxıb-baxdırırlar. O qəhrəmanım ki, Koroğlunun qılıncla səfər edə bilmədiyi məmləkətlərə fırça ilə yürüyüb və oraların bir neçəsində daimi məskən salıb: Amerika, İngiltərə, Kuba, İran, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan...
   Özü ilə yalnız “Şöhrət”, “Şərəf nişanı” ordenləri, Prezident təqaüdü şərəfi aparan bu gözəlliklər xanımı bizə çox şeylər qoyub getdi.
   Bir çox qələmlər-kameralar belə-belə məsələlərə uymasa da, Mərdəkan qəbiristanlığında uyuyan bir məzardan dalğalanan bir ruh, yəqin ki, bunları duyur...
   
   Tahir Abbaslı