İyulun 20-də Xətai Miniatür Sənəti Qalereyasında dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə çıxış edən qalereyanın bədii rəhbəri, Xalq rəssamı Arif Hüseynov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə böyük musiqiçinin 70 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edildiyini nəzərə çatdırıb. Qeyd olunub ki, Xətai Miniatür Sənəti Qalereyasının Qərb Universiteti ilə birgə təşkil etdiyi tədbirin məqsədi unudulmaz sənətkarı gənc nəsillərə daha yaxından tanıtdırmaq, ölməz sənətkarın xatirəsini bir daha yada salmaqdır.
Tədbirdə Xalq rəssamı Rafiz İsmayılov, Əməkdar incəsənət xadimi Elturan Avalov, Qərb Universitetinin kafedra müdiri Üzeyir Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Yevgeniya Aşurlu görkəmli sənətkarla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, tayı-bərabəri olmayan bariton səsə malik müğənni gənc yaşlarından böyük uğurlara imza atmış, 1962-ci ildə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Dünya Festivalından Bakıya medalla qayıtmışdı. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti M.Maqomayev 31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb.
Tədbirin sonunda Dövlət Rəssamlıq Akademiyası və Qərb Universiteti tələbələrinin mərhum sənətkarın xatirəsinə çəkdikləri plakatlardan ibarət sərgiyə baxış keçirilib.