Bunlar bizim doğma sənət bağbanımıza məxsusdur. Surətcə də portret görklü Toğrula aiddir. Yaşamca çoxünvanlı, sənətcə həryerli, doğum-milliyyətcə azərbaycanlı Toğrula. Sirli-sehrli fırçasıyla bu dünyanı bu dünyanın özü kimi fırladan, şanlı Vətənini hələ təsis edilməmiş “Bəşər TV” ilə “canlı yayım”layan Toğrul Nərimanbəyova!
   
   Hələ əlli il əvvəl yaratdığı “Nar” natürmortunu qırx il öncə - tələbəlik illərimizdə ilk dəfə görəndə, dedik, yəqin bu qıpqırmızı narların al qırmızı gilələri də özləri kimi ləzzətli, Nargilə qızlarımız, Qaragilə gəlinlərimiz kimi məlahətli, dünyanın bütün brendlərindən “made in Planet”lidir!
   Deməzsizmi, elə “surətcə portret görklü” deyimim də o vaxtlara məxsusdur. Biz Bəhlulzadə ilə Toğrul Nərimanbəyovun sifətlərini canlı portretə bənzədirdik. Hələ onların sənət baxışlarını, digər xarakterik keyfiyyətlərini də müxtəlif rənglər üzrə təsnifatlaşdırır, mübahisə-müzakirələrimizdə ikisinin birlikdə və hər birinin ayrı-ayrılıqda xəyali portretlərini yaradırdıq. İndilikdə isə, təbii, bu ayın bu günlərində doğulmuş Toğrul Nərimanbəyov haqda.
   Onun rəngləri çox, hamısını yazı meydanına çəkmək isə qeyri-mümkün. Hələ bunlar azmış kimi, birini də özümdən “icad” etmişəm: mənsubiyyət rəngi...
   
   Bu rəngin tərkibi?

   
   Bu zəngin, bu ərşi-əngin rəngin tərkibi yanar can, qaynar qan! Yuxarıda işlətdiyim bir qədər abstrakt anlamlı epitetlər içərisindəki “hər yerli” ifadəsinə dair müxtəsərcə bir sərf-nəzər. Yeri gəlmişkən, bu mükəmməl abstraksionizm ustadı haqda danışıb-yazarkən də abstraktçılıqdan, sözün qanad-fanatçılığından qaçmaq olmur: fikir, təfəkkür, sənətkarlıq zirvələrinin elə bir həddi də var ki, insan ora (ona) çatanda hər hansı bir coğrafi-toponimik məkana, etnik qrup-topluma sığmır. İnsan haralı yox, hər yerli olur, özünü bütün dünyalı hiss edir, Özünü kimlərəsə, hansısa zümrəyə, xalqa, millətə mənsub təki deyil, Xaliqin “ol!” hökmü ilə yaranmış cəmi-ümmətə mənsub sayır.
   Bir sözlə, kökəncə şuşalı, doğumca bakılı, vətəndaşlıqca ikili (Azərbaycan, Fransa), düşüncə-daşıncalıq, vəsfi-sənətdaşlıq, qloballıq, heyrandaşlıqca dünyəvi olan Toğrul Nərimanbəyovu təkcə “öz rəngimiz”də görmək, təsəvvür etmək qeyri-mümkün.
   Hərdən təkrarçılığın özü də yepyenilik kimi çıxır. Budur, elə məqamlardan biri: bu təkrarsız yaradıcının sir-sifəti böyük Yaradanın qələmiylə çəkilmiş tanrısal portretə - rəsm əsərinə bənzəyir. Düzdür, bütün dahilərin yaratdığı bütün surətlər Allahın yaratdıqlarının yanından yel olub ötə bilməz. Amma ulu Tanrının yaratdığı milyardlarla fərdilik, fərqlilik, rəngarənglik içərisində özünə hamıdan bir köynək yaxın dahilərin yaratdıqlarına bənzəri də olur. Özü də bu kişi daha çox - lap qədimlərdə adına “Günəş” dediyimiz, dünyanı gəzib-dolaşıb üstümüzə “quaş” assimilyasiyası ilə qayıtmış rənglə rəsm edilib. Bu tər-təmiz türkücə rənglə “işləndiyindən” əti, qanı, can “materialı” nə qədər ümumbəşəri, Adəmanə olsa da, düzgü-cizgiləri başdan-başa Turan mayalıdır. Bu xalqın Yaradandan, yaranışdan yaranmış fitri istedad qabından yararlandığı barədə fikirləşəndə niyə təəccüblənəsən? Onun qüdrətdən yaradılmış bənzərsiz surətinə - Göygölcə gözlərinə, Kür-Arazca qaşlarına, Qoşqarca alnına baxanda, Göyçəcə dərinliyini, Şahdağca vüqarını, Şuşaca cilvəsini görəndə, Damcılıca-kişmişicə gülüşünü eşidəndə, deyirsən, daha bu adam ecazkar rəssam olmayıb, kim olasıydı ki?!.
   
   Ənənəvi rəngləri
   
   Dildə-qələmdə “ənənəvi” desəm də, xəyalımda başqa epitetlər, sirlər, soraqlar... Amma neyləyəsən ki, bunlar əzəli-əbədi və hamıya məxsus rənglərdir. Deməli, ənənəvidir. Bu rənglər, əslində, ona da məxsus bütün rənglərin əzəli-özülüdür. Ona məxsus hər şey, başqa sözlə - cəmi-peyklər məhz bu planet ətrafında - fırça çevrəsində fırlanır. Onun istedad təndiri o qədər itidir ki, hər şey onun odlu kürəsində bişib, qıpqırmızı qızarır. Qırmızımtraqlar, qırmızımtıllıqlar, qızartdaqlıqlar bir könül “laboratoriya”sında həll olunub tül qırmızı, gül qırmızı və nəhayət, al qırmızılıqlar səltənəti yaradır. “T.N” imzalı bu fırçadan rəng içən güllər, çiçəklər, kollar, ağaclar, gözəllər, göyçəklər nə qədər bizimdirsə, o qədər də hamının - bəşəriyyətindir. Hələ erkən gəncliyində memarlıq İçərişəhərindən “düzəltdiyi” rəssamlıq İçərişəhəri silsiləsində, bir az sonralar abidələr Səmərqəndindən çəkib-cizgilədiyi ornamentlərdə, “Sifətlər rapsodiyası”nda, daha sonralar Avropanı, Fransanı avropalılara, fransızlara ecazkar bir “kənar baxış”la təqdim etdiyi rəsmlərində özü ilə bərabər, sənətin də nələrə qadir olduğunu bir daha təsdiq etdi və hələ onun dahiyanə “dərkənar”ları davam edir.
   Toğrul Nərimanbəyov yaradıcılığında qırmızı rəng, təbii, hər əsər-“məclis”in başındadır. Lakin digər rənglər heç də ayaq-aşağıda deyil. Yoxsa onun “səmaları”, “sünbülləri”, “çiçəkləri” könüllərə sənət gülabı çiləməzdi. Tamaşaçısına xoş ovqatlar toxumaq əvəzinə, qan qoxuyardı. Fidan “Körpələr”i, qızıl “Gözəllər”i, qırış-quruş “Qocalar”ı polifonik şərqilər, major aləmlər əvəzinə, minor ələmlər oxuyardı.
   Onun fırçasında mavi rənglər dan üzü kimi ağarışır, göy rənglər göyərçinlər tək göyərişir, sarılar bərəkətsayaq kəhrəbalaşır. Yaşıllar sevgililərdi - baxışlara sarmaşır. Ağ rənglər “ağ” eləmədən ağarışır, qaralar - mövzunun yamanına işlənəndə şərləşir, yaxşısına işləyəndə ərləşir...
   Onun əsərləri arasında “bu qədər!” duyğulu işlər də var, “bütün bunlardan sonra...” ehtimallı nümunələr də. Onun fırçası mövzu seçim-biçimi baxımından - dünyanın ən məşhur abstraktsionistlərinin işləri içərisində hansı potensial gücə malikdirsə, işləmə sarıdan qüdrətli rəngkarlar, natürmortçular sırasında da eləcə seçilir. Onun abstraksiyalarının çoxusu çox hallarda ilk baxışa, ilk təəssürata tabe olmur. İkinci, üçüncü zənddə isə gözlər qarşısında aləmlər açılır. Amma hər ikinci-üçüncü nəzərlərdə nə qədər açılsa da, “və sair”incilərə yenə bir şey qalır. Hər növbəti baxış növbəti bir qənimət əldə edir. Özü də tək elə milli yox, həm də beynəlmiləl qənimət. Və buradan belə bir “fəlsəfi” qənimət də əldə-dildə olunur ki, baxışın, tamaşaçılığın da milləti yoxmuş. Bəli, bu əsərlər nə qədər millidirsə, o qədər də Renuar dilli, İvanov, Brüller, Van Qoq əsilli tamaşaçılarlıqdır...
   Onun “xarakter”, “söz” , “duyğu”, “uyğu” və sair rəngləri də var ki, onların cəmi-cümləsini iki sözlə ifadə edirəm:
   
   Aləm rəngləri
   
   “T.N.” imzalı bu mənəvi rənglər də parlaqdır, seçkindir, bütövdür, emosionallıq plastikası ilə bahəm, kəskindir. Bütün bunlar konkret əsərlərindən fərqli (xeyli fərqli) olaraq, onun daxili aləminə lap yaxından bələd olanlara daha tez çatır, özünün-sözünün tamaşaçıları, dostları, tanış-bilişləri, həmsöhbətləri tərəfindən dərhal sezilir. Amma onda adama çox gec çatan, dərhal sezilməyən rənglər də az deyil. Məsələn? Deyim də; SSRİ və Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatları laureatı, neçə-neçə orden-medal sahibi, hər ilin altı ayını yaşadığı Parisdə necə yüksək mərtəbədə tutulduğunu onun öz dilindən eşidən olubmu? Amma babasının Şuşada doğulmasından, sonra dövlət xətti ilə Almaniyaya getməsindən, Tuluzada təhsil almasından, məşhur mühəndis olaraq Mingəçevir su-elektrik stansiyasını tikməsindən, atasının özgür bir milliyyətçi kimi sıravi əcəl mənsubu yox, repressiya qurbanı olmasından iftixarla danışır. O, çox “quru”, əda-ədavasız, bəzən ahıl yaşlarda da - susuz səhraya yağış tək gərək olan şıltaqlıqların yasaq edildiyi ziyalı “cızığından” heç bir halda qırağa çıxmır. Onun şəxsiyyət formulası, qırım-durum elementləri ev-eşiyində də, küçədə də, efirdə də daimi bir pedaqoqluq təlqin edir, nümunəvilik, ağsaqqallıq saçır. Onun baxışına baxan, yerişini-duruşunu seyr edən, sözünün karına, səsinin tonuna diqqət kəsilən hər kəs bilir: nə olar, nə olmaz.
   Onun muğamata, klassik musiqiyə rəğbətini, təbəssüm dolu məhəbbətini duymusuzmu?..
   Onun xalq mahnılarımızı, bəzi operalardan ariyaları necə milli-ağayana, hancarı “kəndçisayaq”, necə müasir Avropayanə oxumalarına uymusuzmu?..
   Onun çox gec-gec açılan söz-fikir mücrüsü, düşüncə tərzi də obrazlı rənglər qalereyası timsalındadır. Nə desə, “nədən?” sorulmaz. Kiməsə nəsə ərz etsə, “niyə?” doğulmaz. Onun sözlərindən, fikirlərindən mən də az eşitməmişəm, buralıqda isə ataların məşhur bir miqdar sayı (üçdən) qədərini xatırladacağam:
   “- Neçə illərdi Teymurlənglə bağlı eskizlər hazırlayırsız, bəs əsər nə vaxt başa gələcək? - Həmin eskizlər Teymurləng miqyasına çatanda...”
   “- Azərbaycanın harası daha çox möcüzəvidir? - Sualın qoyuluşunu dəyişdirin: Azərbaycanın harası möcüzəvi deyil?”
   “- Bu gün Sizə Şuşaya getmək təklif olunsaydı... - Yox, Şuşaya qonaq kimi getmərəm. Mən ora onun sahibi kimi gedəcəyəm!..”
   Sözüm-sovum onun rəngləri qədər rəngarəng olsaydı, hələ yazmağa davam edərdim. Təəssüf...
   Beləliklə, 1930-cu il təvəllüdlü, qaynar avqust doğumlu bu alovlu sənətkarın sənətimizə hələ çox füsunkar rənglər bəxş edəcəyi arzusuyla:
   
   Tahir Abbaslı