Sentyabrın 10-da Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində tanınmış Rusiya rəssamı İrina Zaqovorçevanın “Müslüm Maqomayev: Qızıl günəşin şüası adlı sərgisi açılacaq. Sərgidə görkəmli müğənni Müslüm Maqomayev və onun doğma şəhəri Bakıya həsr olunmuş 40-a yaxın qrafika və foto işi nümayiş etdiriləcək.
   Fırça ustasının bu il xaricdə keçirdiyi dörd fərdi sərginin ikisi böyük Azərbaycan musiqiçisinə həsr olunub. İyunun 5-də Berlindəki Rusiya Elm və Mədəniyyət Mərkəzində “Müslüm Maqomayev. Sən mənim melodiyamsan” sərgisi təşkil olunub. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun dəvəti ilə sərgi iyunun 12-də səfirlikdə də təşkil edilib.
   İyunun 19-da isə Polşanın Xoyna şəhərinin mədəniyyət mərkəzində “Müslüm Maqomayev. Sən mənim melodiyamsan” sərgisi açılıb.
   Rusiyalı rəssamın Bakıda da sərgiləri ənənəvi olaraq hər il keçirilir. “Mən Azərbaycanı çox sevirəm, o, mənim ikinci vətənimdir, onun gözəlliklərini bütün dünyaya nümayiş etdirmək istəyirəm. Mən Bakıya həmişə böyük sevinclə, aşıb-daşan sevgi, mənə göstərilən səmimiyyətə və xeyirxahlığa görə minnətdarlıq hissi ilə gəlirəm”, - deyə İ.Zaqovorçeva bildirib.