Ölkəmiz Odessada beynəlxalq mədəniyyət və incəsənət festivalında təmsil olunub
   
   Sentyabrın 1-dən 3-dək Ukraynanın Odessa şəhərinin Teatr meydanında “Dostların görüşləri” adlı beynəlxalq mədəniyyət və incəsənət festivalı keçirilib. Odessanın yaranmasının 218-ci ildönümü çərçivəsində gerçəkləşən ənənəvi festivalda dünyanın müxtəlif ölkələrindən incəsənət ustaları, musiqi, rəqs kollektivləri iştirak edib.
   Sənət bayramında Azərbaycanı Xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı təmsil edib. Ansambl festivalın elə ilk günündə odessalıların və şəhərin qonaqlarının qəlbini fəth edib.
   Tədbir iştirakçıları sentyabrın 2-də Odessanın yaradıcıları Dyuk de Rişelyenin, İ.Deribasın, Q.Marazlinin və başqalarının abidələri önünə çiçək dəstələri düzüblər.
   Sonra Diplomatik klubda Odessa şəhərinin rəhbərliyi festival qonaqlarını qəbul edib. Həmin gün şəhərdə tanınmış müğənnilər Edita Pyexanın, Roza Rımbayevanın, Sergey Zaxarovun xeyriyyə konserti, Ani Lorakın, Oleq Qazmanovun, “Belorusskiye pesnyarı”nın və başqalarının iştirakı ilə qalakonsert olub.