Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramına uyğun olaraq, 2012-ci ildə “Azərbaycanın Folklor Paytaxtı” elan olunmuş Masallı şəhəri sentyabrın 7-dən 9-dək möhtəşəm bir tədbirə - Beynəlxalq Folklor Festivalına ev sahibliyi edib. Mədəniyyət və Turizm Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan, Rusiya, Türkiyə, İran və Latviyanın 20-yə yaxın folklor kollektivi iştirak edirdi.
   
   Sentyabrın 7-də Masallı şəhərindəki Heydər Əliyev Parkının qarşısındakı meydanda folklor bayramının açılış mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatları Elmira Axundova, Nəriman Əliyev, Rusiya, Türkiyə, Yaponiya, Qazaxıstan və Latviyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
   Bayram libasında bəzənmiş meydanda tribuna qurulub, yerə xalı-xalça sərilib. Festival iştirakçıları ilə tanışlıq buradan başlanıb. Meydandan Azərbaycan bayrağı ilə keçən folklor kollektivləri (Naxçıvanın “Yallı”, Masallının veteran və gənclərdən ibarət "Halay" ansamblları), festivalın xarici qonaqları alqışlarla qarşılanıb.
   Meydanda folklor kollektivlərinin paradı və nümunəvi çıxışları olub. Rusiya Federasiyası Dağıstan Respublikasının “Şavla" (“Şölə”) folklor ansamblının təqdim etdiyi şux, qıvraq rəqsləri İran İslam Respublikası nümayəndələrinin çıxışları əvəzləyib. El sənətkarlarının saz-söz ustalığı, ürəkləri oxşayan məharətləri alqışlanıb. Kabardin-Balkar (Rusiya Federasiyası) folklor kollektivinin təqdim etdiyi rəqslər də tədbirə rəng qatıb. Latviyanın folklor kollektivinin buynuz formalı çalğı aləti xalqın qonaqpərvərlik rəmzi kimi nümayiş etdirilib. Qardaş Türkiyə folklorçuları bitkin bir rəqs kompozisiyası nümayiş etdiriblər. Sevgi, məhəbbət, qəhrəmanlıq süjetində birləşən kompozisiyadakı nəğmələr, rəqslər sürəkli alqışlar doğurub. İlk təqdimat Masallının gənclərdən ibarət rəqs kollektivinin gözəllik, cəsurluq, qəhrəmanlıq ifadə edən rəqsi ilə yekunlaşıb.
   Sonra tədbir Masallı şəhərindəki Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında davam edib. Açıq meydanda təşkil edilmiş sərgidə qonaqlar yerli rəssamların əsərləri, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları, xalq tətbiqi sənəti nümunələri, qədim dulusçuluq məişət əşyaları, milli mətbəxin nümunələri ilə yaxından tanış olublar.
   Masallının Ərkivan kəndindən dulusçu Cəsarət Nuriyevin nümayiş etdirdiyi gil və qumdan hazırlanmış onlarca məişət əşysı, sandıqçı Şərafət Əzizovun əl işləri, Boradigah kəndindən sənətkar Taleh Ağayevin düzəltdiyi qılınclar, müxtəlif döymələr, samovarlar, Yaqub Məmmədovun tikdiyi papaqlar festival iştirakçılarının dərin marağına səbəb olub. Ərkivanlı Əbülfət Nuriyevin suvenirləri kiçik həcmli olduğundan çeşidləri çoxdur. Sərgidə Musakücə həsirçiləri dədə-baba adətlərini, Təhmasib Məcidov çəkdiyi rəsm əsərlərini, Əntiqə Tağıyeva Masallı tarix-diyarşünaslıq muzeyinin eksponatlarını nümayiş etdirib.
   Axşam saatlarında Masallı şəhərindəki Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında festivalın rəsmi açılışı olub.
   Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycanın qədim və zəngin folklor irsinə malik olduğunu vurğulayaraq bu böyük xəzinəmizin dünyaya tanıdılmasında Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib. Qobustan qayalarının ritmlərindən, ana laylaları, ata öyüdlərindən süzülüb gələn qədim folklorumuzun Masallıda da qorunub saxlanıldığını, inkişaf etdirildiyini bildirib.
   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədliyeva festival iştirakçılarını nazir Əbülfəs Qarayevin adından salamlayıb. Folklor bayramının məqsədindən danışan nazir müavini tədbirin dünya mədəniyyətlərinin yaxınlaşmasına töhfə olduğunu vurğulayıb. Festivalın keçirilməsi üçün yaxşı şərait yaradıldığına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
   Çıxışlardan sonra konsert proqramı təqdim olunub.
   Beynəlxalq festivalın iştirakçıları sentyabrın 8-də rayonun Boradigah qəsəbəsində və Şərəfə kəndində konsert proqramı ilə çıxış ediblər.
   Üç gün davam edən sənət bayramı sentyabrın 9-da Masallı Olimpiya İdman Kompleksində yekunlaşıb. Çıxış edənlər isti qarşılanmaya, yüksək qonaqpərvərliyə, təşkilatçılığa görə bütün masallılılara minnətdarlıqlarını bildiriblər.
   Festivalın yekun konsertində Rusiya, İran, Türkiyə, Latviyadan gələn sənətçilər, o cümlədən Naxçıvan və Masallının folklor qrupları möhtəşəm konsert proqramı ilə çıxış edərək, bir daha məharətlərini nümayiş etdiriblər.
   Bu ilin may ayında Bakıda keçirilən “Eurovision-2012” müsabiqəsində Latviyanı təmsil etmiş Anmarinin ifasında bəstəkar Polad Bülbüloğlunun “Gəl, ey səhər!” mahnısının Azərbaycan dilində səslənməsi tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb. Xatırladaq ki, latviyalı müğənni "Sarı gəlin" Azərbaycan xalq mahnısını öz repertuarına daxil edəndən sonra ölkəmizdə daha da məşhurlaşıb.
   Sonda tədbirdə iştirak etmiş bütün kollektivlərə Azərbaycanın qədim tarixini və mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim edilib.