Sentyabrın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Davud Kazımovun fərdi sərgisi açıldı. Sərgidə fırça ustasının müxtəlif illərdə və müxtəlif janrlarda çəkdiyi bir-birindən maraqlı 60 əsəri yer alıb.
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan rəngkarlıq sənətində özünəməxsus yaradıcılığı ilə seçilən Davud Kazımovu həm sənətkar, həm də böyük şəxsiyyət kimi yüksək qiymətləndirdi. Qeyd etdi ki, sənətkarı 25 ildən artıq bir müddətdir ki, tanıyır və hər il nazirliyin Rəssamlar İttifaqı ilə birgə hazırladığı 30-a yaxın sərginin azı 15-də Davud müəllim qiymətli əsərləri ilə iştirak edir. Nazir müavini şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan rəssamı xoşbəxt sənətkar adlandıraraq ona cansağlığı, yeni yaradıcılıq uğurları arzuladı.
   Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov həmkarını öz biliyini, təcrübəsini gənc nəsillə həvəslə bölüşən, rəssamların güvəndiyi ağsaqqal sənətkar kimi dəyərləndirdi.
   Akademik Vasim Məmmədəliyev, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov, Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Davud Kazımovu milli boyakarlıq sənətinin canlı klassiki kimi xarakterizə edərək Azərbaycan gerçəkliyinin ayrı-ayrı anlarını əsərlərində əks etdirən rəssamın çoxşaxəli yaradıcılığından söz açdılar.
   Rəssamın oğlu, filologiya elmləri doktoru, professor Mehdi Kazımov atasının əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, müvafiq qurumlara minnətdarlığını bildirdi. Qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqının birgə təşəbbüsü sayəsində Davud Kazımovun əsərlərindən ibarət kataloq işıq üzü görüb.
   Davud Kazımov 1926-cı ildə Bakıda anadan olub. Sənətin ilk sirlərini rəssamlıq dərnəyində görkəmli fırça ustası Kamil Xanlarovdan öyrənib. 1945-ci ildə Rəssamlıq Məktəbini bitirib. 1947-ci ildən respublika və ümumittifaq sərgilərinin iştirakçısı olub. Yaradıcılığının erkən dövrlərində çəkdiyi lirik mənzərələri ("Zuğulba", "Dəniz sahili") səmimi, incə koloriti ilə sənətsevərlərin diqqətini cəlb edib.
   Rəssamın yaradıcılığında əmək mövzusu xüsusi yer tutur. Respublikanın kənd və rayonlarını qarış-qarış gəzib-dolaşan sənətkar doğma diyarımızın gözəlliyi, xüsusilə Masallı, Lənkəran və Astara bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik özəlliklərini yüksək ustalıqla kətana köçürüb. "Sağıcılar", "Yollar" və başqa əsərlərində rəssamın öz təbiətinə xas səmimiyyəti, insanlara məhəbbəti rənglərin dili ilə əbədiləşib.
   Davud Kazımov Azərbaycan təsviri sənətində istedadlı qrafika ustası kimi də tanınır. O, kitab illüstrasiyası sahəsində böyük işlərə imza atmış sənətkardır. İllüstrasiyaları arasında Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri xüsusilə maraq doğurur.
   Əfsanəvi "Neft daşları"nda xariqələr yaradan Xəzər neftçilərinin romantik həyatı, fədakar əməyi rəssamın sevimli mövzularından biridir. O, dəfələrlə dəniz şəhərində müşahidələrini rəsm albomuna köçürüb, etüdlər edib. Bütün bunlar sonralar süjetli tablolara, mənzərələrə, portretlərə çevrilib.
   Xalq rəssamının əsərlərinin "səyahət coğrafiyası" da genişdir. Davud Kazımov Almaniya, İtaliya, Türkiyə və s. ölkələrə səfər edib. Bolqarıstan və İspaniyaya səfərlərin nəticəsi olaraq "Bolqarıstan silsiləsi" və "İspaniya silsiləsi"dən maraqlı əsərlər yaradıb. Hazırda bir sıra əsərləri Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi, Milli Azərbaycan Ədəbiyyatı muzeylərində nümayiş etdirilir.
   Davud Kazımov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur və rəngkarlıq fakültəsində pedaqoq kimi fəaliyyət göstərir.
   Tədbir iştirakçıları sonra sərgi ilə yaxından tanış oldular, rəssamın sənət dünyasına məxsus bir-birindən fərqli və cəlbedici işləri yüksək qiymətləndirdilər.
   Davud müəllim “Siz dünyaya təkrar gəlsəydiniz yenə də bu sənəti seçərdinizmi” sualımıza belə cavab verdi: “Rəssamlıq çətin, amma yaxşı sənətdir. Dünyaya bir də gəlsəydim, yenə də rəssam olardım”.
   
   Təranə Vahid