Sentyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı rəssam İnna Kostinanın fərdi sərgisi açıldı. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən “Cənnət yuxuları” adlı sərgidə rəssamın 1993-cü ildən bu günədək çəkdiyi müxtəlif janrlı 150-dən artıq əsəri nümayiş etdirilir.
Açılışda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çoxcəhətli yaradıcılığa malik rəssamın bir sıra beynəlxalq müsabiqələrin laureatı olduğunu bildirdi. Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov rəssam İnna Kostinanın uzun illər uşaqlarla işlədiyini və bu istiqamətdə maraqlı əsərlər yaratdığını qeyd etdi. Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov fırça ustasının rəngarəng əl işləri ilə gözəllik dünyası yaratdığını vurğuladı. Xalq rəssamı Səlhab Məmmədov İnna Kostinanın ən çətin vaxtlarda da sənətindən imtina etmədiyini bildirdi.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə rəssamın yaradıcılığını yüksək qiymətləndirdi. Onun yaratdığı obrazların xalq dastanlarının, miflərin, nağılların səhifələrindən qoparaq canlanan obrazlar olduğunu vurğuladı, sənətkarın öz əsərləri ilə bütöv bir dünya yaratdığını dedi.
Sonda İnna Kostina çıxış edərək sərginin təşkilatçılarına təşəkkür etdi.
Çıxışlardan sonra sərgiyə baxış keçirildi.
Reyhan