Festivalın növbəti sərgisi Bakıda keçirildi
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu ilin fevralında start verilən II Respublika dekorativ-tətbiqi sənət festivalı davam edir.
Festivalın proqramına uyğun olaraq daha bir sərgi oktyabrın 5-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda açıldı.
Tədbirdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov sərginin əhəmiyyətindən söz açdı: “Sərgiyə maraqlı əl işləri təqdim olunub. Bütün bunlar onu göstərir ki, xalq sənətkarlıq ənənələri nəsildən-nəslə ötürülür. Yaradıcı insanlar qədim sənət növlərini yaşadırlar. Mən bu sərgilərdə sənətkarlarımızın ildən-ilə püxtələşdiyini görürəm”.
Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov belə sərgilərin respublikada bədii yaradıcılıq proseslərinə stimul verdiyini bildirdi: “Festival zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması məqsədilə keçirilir. İndiyədək Gəncə, Şəki, Xaçmaz və Lənkəran şəhərlərində baş tutan regional sərgilərdə 50-dək şəhər və rayondan dekorativ-tətbiqi sənət ustaları iştirak edib. İştirakçıların sayı, təqdim olunan sənət nümunələri onu göstərir ki, festival qarşısına qoyduğu məqsədlərə nail olub”.
Xalçaçı-rəssam Aydın Rəcəbov, Dövlət Rəssamlıq Akademiyası Dekorativ-tətbiqi sənət kafedrasının dosenti Məmmədhüseyn Hüseynov sərgi ilə bağlı fikirlərini bölüşdülər. Qeyd olundu ki, qədim sənət növləri xalqın etnoqrafiyasını, məişətini əks etdirir, milli dəyərləri yaşadır.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev bildirdi ki, dövlətin diqqət və qayğısı nəticəsində, mədəniyyətin bütün sahələri kimi, dekorativ-tətbiqi sənət növləri də yaşadılır, inkişaf etdirilir: “Bakıda xalq tətbiqi sənət ustaları çoxdur. Burada nümayiş olunan əsərlər seçilmiş əl işləridir. Bu sərgidən seçilən ən yaxşı əsərlər ilin sonunda açılacaq festivalın yekun sərgisində nümayiş olunacaq”.
Üç gün davam edən sərgidə bədii şüşə, ağac üzərində bədii oyma, zərgərlik, dulusçuluq, bədii tikmə, toxuma qrafikası, batika, makrame, ikebana sənəti üzrə ümumilikdə 25 müəllifin 400-dək əsəri nümayiş olundu.
Qeyd edək ki, festivalın yekun sərgisi noyabrda Muzey Mərkəzində təşkil olunacaq.
Ceyhun Zərbəliyev